5 Noyabr 2017 08:55
2 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ ekranlara çıxmamış, istehsalat prosesində olarkən qalmaqallara səbəb olan, iri kinoteatrlar şəbəkəsinin təhlükəsizlik təminatının verilməməsi səbəbindən yayımından imtina etdikləri “Matilda” filminin ümumrusiya nümayişi baş tutub.

Teleqraf.com xəbər verir ki, Aleksey Uçitel Moskvadakı “Oktyabr” kinoteatrında keçirilən nümayişə onun filmini dəstəkləyən tanınmış siyasətçiləri, mədəniyyət xadimlərini, kino və şou-biznes ulduzlarını dəvət edib. Qonaqlar arasında Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov və xanımı Tatyana Navka, müğənni və deputat İosif Kobzon kimi tanınmışlar olub.

Qeyd edək ki, “Romanovlar ailəsinin sirləri” sloqanlı tarixi melodram Rusiyanın gələcək imperatoru II Nikolayın balerina Matilda Kşesinskaya ilə izdivacından bəhs edir. Filmin birmənalı olaraq nümayişi əleyhinə Dövlət Dumasının deputatı Natalya Poklonskaya çıxış edir. O hesab edir ki, filmin nümayişi qanunları pozur, inanclı insanların hisslərini təhqir edir. Belə ki, Rus Pravoslav Kilsəsi II Nikolayı və onun ailəsini müqəddəslər sırasına daxil edib. Poklonskaya hələ iyulda bildirmişdi ki, “Matilda” əleyhinə 400 min imza toplayıb. Deputatın və onun tərəfdarlarının etirazına baxmayaraq, Rusiya Mədəniyyət Nazirliyi filmin prokata çıxmasına razılıq verib. Nazir Vladimir Medinski isə bu tələbləri “qanunsuz və senzura” adlandırıb.

Onu da qeyd edək ki, 2017-ci ilin əvvəlində “Xristian dövləti – Müqəddəs Rus” təşkilatı Rusiya kinotetrlarının direktorlarına məktub ünvanlayaraq “Matilda”nın nümayiş etdiriləcəyi təqdirdə kinoteatrların yandırılacağını bildirib. ““Matilda” filmi nümayiş olunsa, kinoteatrlar yandırılacaq, ola bilsin insanlar da xəsarət alacaq”, deyə hədə məktubunda bildirilmişdi. Ümumilikdə, bu çərçivədə etirazçılar Moskvada 2, Yekaterinburqda 1 avtomobil yandırıblar. Etirazçılar ətrafda “Matilda”ya görə yanır” şüarı yazıblar.

Rus Pravoslav Kilsəsi bu təşkilatla hər hansı bağlılığının olmadığını açıqlayıb.

Rejissor A.Uçitel isə filmin əsasında real hadisələrin dayandığını, çoxsaylı şahidlərin olduğunu bildirir.

“Matilda” əleyhinə Rus Pravoslav Kilsəsi də çıxış edir. Filmin nümayişi keçirilən kinoteatrın önündə də pravoslav fəalların etiraz aksiyası baş tutub.


Müəllif: Səxavət