7 Noyabr 17:58
186

Ötən şənbə Türkiyədə 36-cı Tüyap beynəlxalq kitab sərgisi öz işinə başladı.

Bir ildir həsrətlə gözlədiyimiz bu sərgi ötənilkinə nisbətən daha maraqlıdır. Türkiyənin yüzlərlə nəşriyyat evi ilə yanaşı, müxtəlif ölkələrin yayın evlərinin də qatıldığı bu sərgidə oxuculara minlərlə kitab təqdim olunur.

Azərbaycan da bir neçə ildir ki, bu sərgiyə qatılır. Bu il ölkəmizin stendində önəmli tədbir də vardı: Şair Molla Pənah Vaqifin 300 illik yubileyi.

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, Milli Məclisin deputatı Nizami Cəfərov, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Milli Kitabxananın direktoru Kərim Tahirov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Azərbaycandan və Türkiyədən olan professorlar Mahirə Quliyeva, Gülşən Seyhan Alışık və Eral Alışık, Vaqif şeirlərinin Ukrayna dilinə tərcüməçisi İvan Pavliin iştirak etdilər. Marmara Universitetinin tələbələri Ləman Qarayeva və Cəfər Mustafalı Vaqifin şeirlərini oxudular. Tədbirdə həmçinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş “Molla Pənah Vaqif”, Azərbaycan Milli Kitabxanasının hazırladığı “Molla Pənah Vaqif. Biblioqrafiya” və TÜRKSOY-un 12 dildə çap etdirdiyi “Dünya dillərində Molla Pənah Vaqif şeirləri” kitabları oxuculara hədiyyə edildi.

Builki Azərbaycan stendi ötən illərə nisbətən daha zəngin idi. Stenddə “XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” seriyası, “Təhsil” nəşriyyatında çap edilən “Bir il xəyallarda və bütöv bir ömür”, professor İdris Abbasovun tərcüməsində Mirzə Kazımbəyin “Türk-tatar dilinin qrammatikası” kitabları xüsusi seçilirdi.

Eləcə də, bizim stenddə Türkiyədə “Zəngin” Nəşriyyat Evi tərəfindən Azərbaycan klassiklərinin türk dilində çap olunmuş kitabları vardı.

Əlbəttə, stendimiz Azərbaycanın kitab bazarının cüzi bir hissəsini təmsil edirdi. Bunun səbəbi, yəqin ki, Mədəniyyət Nazirliyi ilə nəşriyyatlar arasındakı əlaqələrin necəliyi ilə bağlıdır. Halbuki, Azərbaycanda kitab bazarı son illər artan xətt üzrə inkişaf edir, kitab mağazalarının və nəşriyyatların sayı çoxalıb, rəqabət formalaşıb. Bu kimi tədbirlərdə isə önəmli nəşriyyatların ən çox satılan kitabları sərgilənsəydi, ölkəmiz adına daha yaxşı olardı. Üstəlik Azərbaycandan sərgiyə kitab gətirilərkən, buradakı oxucu kütləsinin maraq çərçivəsi də nəzərə alınmalıdır. Türkiyədə tanınan Azərbaycanın ictimai-siyasi xadimlərinin, ədəbiyyatçılarının kitablarının təqdim edilməsi daha uğurlu ola bilərdi.

Sərgini gəzdikcə Türkiyədə kitab sektorunun illərdir oturuşmuş olduğunu, nəşriyyatların özlərinəməxsus oxucu kütləsinin varlığını görürsən. Burada nəşriyyatlar yazarlarına, mövzularına görə rahat şəkildə seçilir. Fəlsəfə, tarix, siyasət, sosiologiya, ədəbiyyat və s. sahələr üzrə nəşriyyatlar artıq brendə çevrilə biliblər.

Şübhəsiz ki, “Yapı Kredi Yayınları”, “İş Bankası Yayınları”, “Can” kimi nəşriyyatlar dünya ədəbiyyatı üzrə liderliklərini qoruyurlar. Türk tarixi və mədəniyyəti ilə bağlı kitablar çap edən “Ötükən” nəşriyyatı bu il daha zəngin idi. Amma təəssüf ki, bu yayın evində digər türk dövlətləri ilə müqayisədə Azərbaycanla bağlı kitablar azlıq təşkil edir.

Bu kimi sərgilərin ən önəmli cəhəti isə adi halda görmək imkanının olmadığı müəlliflərə kitab imzalada bilməkdir. Xüsusən, İlbər Ortaylı, Yılmaz Özdil kimi müəlliflərdən imzalı kitab almaq üçün uzun növbə olur.

Kitab sərgisində bizim də bir neçə imzalı kitab almaq imkanımız oldu.

***

Cənubi Koreyanın kitab stendində bu ölkənin yazarlarının əsərlərinin olduğu antalogiya oxuculara təqdim olundu. Roman, hekayə və şeirlərin toplandığı bu antalogiyadakı müəlliflərdən biri xanım Koe Yun idi.

Yun 1953-cü ildə Seulda doğulub, Seokang Universitetində “Koreya dili və ədəbiyyatı” bölümündə təhsil alıb. Daha sonra Fransada Provans Universitetində “Fransa ədəbiyyatı” bölümündə doktorluq müdafiə edib. 1988-ci ildə yayımlanan “Burada səssizcə bir çiçək yarpağı tökülür” uzun hekayəsi ilə məşhurlaşıb, 1992-ci ildə “Gri Kardan Adam” hekayəsinə görə “Dongin”, 1994-cü ildə “Hanako Yok” hekayəsinə görə “Yi Sang” ədəbi mükafatını qazanıb. “Atlantidada qış”, “Meşədəki boş yer”, “Sən artıq sən deyilsən” adlı romanların müəllifi olan Koe Yunun əsərləri ingilis, fransız, alman, yapon, çin, türk dillərinə tərcümə olunub. Yun hazırda Seokang Universitetində professordur. İmzalı olaraq əldə etdiyimiz bu antalogiyada Yunun “Tünd qardan kişi” (“Gri Kardan Adam”) hekayəsi nəşr olunub.

Türk aktyoru, köşə yazarı, şair İlyas Salmanın “Senzuralı həsrətim” kitabını da imzalı şəkildə əldə edə bildik. Azərbaycanda daha çox “Çiçək Abbas” filmi ilə tanınan aktyor Türkiyədə sol görüşlü mətbuatla əməkdaşlıq edir, sevənləri ilə yanaşı, sevməyənləri də çoxdur.

Mərmərə Universitetinin əməkdaşı Məsud Şənin “Türk dilinin dünəni və bugünü” kitabı da imzalı olaraq kolleksiyamıza daxil oldu. Kitabda “Azərbaycan türkcəsi” bölümündə dilimizlə bağlı maraqlı məqamlara toxunulur. Bu barədə müəlliflə ayrıca bir müsahibəmiz olacaq.

İmzalı olaraq əldə etdiyimiz türkiyəli yazar Sərab Yeşiltunanın “Türk kültürünün qadın qəhrəmanları. Cümhuriyyət dönəmi” kitabında isə Sürəyya Ağaoğlu, Azərin kimi azərbaycanlı məşhur qadınlar haqqında da yazılıb.

Aqil Səmədbəylinin “Dirənişdən müstəqilliyə Elçibəy” kitabının da imza gününə qatıldıq.

Builki kitab sərgisində Azərbaycan mühacirlərinin çap etdikləri jurnal və kitablara da rastladıq. Getdikcə tapılması mümkünsüz olan bu nəşrlərdən arxivimizdə olmayanları aldıq və oradakı maraqlı bilgilər əsasında yazılar hazırlayacağıq.


Müəllif: Dilqəm Əhməd