10 Noyabr 09:14
648

Teleqraf.com Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin baş müəllimi, media eksperti Aynur Kərimova ilə müsahibəni təqdim edir.

– Aynur xanım, tərcümeyi-halınız oxudum. Amma maraqlıdır, qısa olaraq, necə təqdim olunmağınız daha çox xoşunuza gəlir?

– Media eksperti, pedoqoq! Vəssalam!

– Hazırda jurnalistika fakültəsində dərs deyirsiniz...

– Bəli...

– Nə vaxtdan?

– 1994-cü ildən, BDU-nun aspiranturasını bitirdəndən indiyə kimi dərs deyirəm. Hal-hazırda isə Televiziya və radio jurnalistikası kafedrasının dosentiyəm.

– Daha kafedra müdiri deyilsiniz, eləmi?

– Yox... Amma 2012-2017-ci illər - bir dönəm kafedra müdiri də işləmişəm. İndi Jurnalistika ETL-in müdiriyəm.

– Ötən dəfə "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyevdən soruşdum ki, əgər ixtisası kimya-biologiya olan bir insan da jurnalistika ilə məşğul ola bilirsə, hətta “Kaspi” kimi bir qəzetin baş redaktorluğuna kimi yüksəlirsə, bəs onda jurnalistika fakültəsi nəyə lazımdır?

– Aha...

– Eyni sualı sizə də vermək istəyirəm...

– Bu sualı müsahibələrimdə bir nəçə dəfə cavablandırmışam. Məsələyə o bucaqdan baxmayaq ki, jurnalistika təhsili nəyə lazımdır. Problemi bu cür qoyaq: jurnalistika təhsili jurnalist fəaliyyətini daha professional edə bilirmi və ikincisi, daha bir önəmli məqam, bu təhsil gələcək jurnalistə öz vərdişləri ilə pul qazanmağa imkan yaradırmı?

Baxın, musiqi alətində professional məktəb keçmədən də çalmağı öyrənmək olar, amma yenə də sən həvəskar olaraq qalacaqsan. Elədirmi? Bir nöqtəyədək istedad, talant yardımçın ola bilər. Amma bəlli səviyyəyə gəldikdən sonra aydın hiss edəcəksən və hiss olunacaq ki, tükənirsən. Çünki əlində sənə lazımlı professional alətlərin yoxdur.

– Sizcə, BDU-nun jurnalistika fakültəsi tələbələrə lazımlı professional alətlər verə bilirmi? Yoxsa ancaq peşəkarlıq diplomu ilə kifayətlənir?

– BDU klassik, hətta klassik deməzdim, mühafizəkar təhsil verir. Bəzən isə klassik təhsil zamandan geri qala bilər. Ona görə də böyük ağırlıq tələbələrimizin üzərinə düşür.

– Tələbə nə etməlidir?

– Daim yeni və spesifik vərdişlər qazanmalı, media-bazarda ehtiyac olan seqmentləri bilməli və buna yönəlməlidirlər. Bütün dünyada da professional jurnalistlər klassik təhsillə paralell alternativ təhsil mənbələrindən də faydalanırlar. Çox böyük və nüfuzlu media sistemlər öz əməkdaşlarının altı ay, bir ildən bir müxtəlif ixtisas artırma, peşələrini təkmilləşdirmə treninqlərinə cəlb edirlər. Məsələn, BBC-də də, CNN-də də, TRT-də də belədir.

– Maraqlıdır, fakültə dekanınınızın gənc olmasının hansısa üstünlükləri varmı?

– Bəli... Hesab edirəm ki, bu normaldır, hətta mən burada mental olaraq cavanlıqdan danışardım. İdeyalar, yanaşma gənc olmalıdır. Məsələn, İbər Ortaylı ünlü tarixçidir. Fiziki olaraq 70 yaşı var, amma mental olaraq, təfəkkür olaraq ondan cavan insan yəqin ki, yoxdur.

– Qoca ideya, cavan ideya deyəndə nələri nəzərdə tutursunuz ki?

– İdeya qoca olmur. Cavan düşünmək isə yeniliklərə, dəyişikliklərə açıq olmaq deməkdir. Sənin öz fikrini yeganə və ali, doqma hesab etməməkdir.

Konkret deyə bilərsinizmi Yalçın müəllimlə, Cahangir Məmmədli ilə Vüqar Zivəroğlunun fərqi nədir?

– Adlarını çəkdiyiniz müəllimlər mənim həmkarlarımdır və onları publik təhlil etmək korrekt deyil. Yəni mənim prinsiplərimə uyğun deyil. Onlar haqqında rəyim olanda birbaşa özlərinə deyirəm.

– Jurnalistika fakültəsi mətbuatda tez-tez gündəmə gəlir. Məsələn, tələbələrdən biri dekan müavinin ona göndərdiyi səsi sosial şəbəkələrdə paylaşmışdı. Bildiyimizə görə, bundan sonra müəllimlər dərslərdə daha ehtiyatla rəftar edirlər ki, birdən onların da səsi yazılar, videosu çəkilər. Siz fakültədə bu ehtiyatı hiss edirsinizmi?

– Xeyr! Mən auditoriyada özümü kifayət qədər rahat və komfortlu hiss edirəm. Amma Kəramət bəy, mənim də sizə sualım var...

– Buyurun...

– Bu müsahibəyə suallarınızı necə hazırlamısınız?

– Narahat olmayın, bir azdan sənətin sirlərindən danışacağıq...

– Məncə, jurnalistika ilə ciddi məşğul olursunuzsa, artıq bu skandalsevər Böyükçöl obrazından çıxıb, düşünən və nəyəsə çatmağa çalışan Böyükçöl obrazına daxil olun. Bunu bir təcrübəli həmkar məsləhəti kimi qəbul etsəniz, çox sevinərəm. (gülür)

– Aynur xanım, oxucunun tələbatı nəyədirsə, bu gün oxucu nəyi oxuyursa, biz də buna uyğun nələrsə etməyə çalışırıq... Əgər məsələyə bu cür yanaşmaq ciddi bir problemdirsə, sizcə, mətbuatımızı bu duruma kim saldı? Necə oldu ki, belə bir vəziyyət yarandı?

– Gözəl sualdır və sizə bir sirr açım. Bu sualınız bu an yeddi qıfıl altında bağlı qapı kimi bir məsələdir. Biz media olaraq dəqiq bilmirik ki, oxucu nə istəyir... Oxucu-izləyici-dinləyici dediyimiz auditoriya böyük bir xalça kimi rəngarəngdir. Nə pis ki, bunu heç kim öyrənmir, araşdırmır. Məsələn, sayt yaradırıq, veriliş açırıq, amma heç kim araşdırmır ki, izləyici kimdir, bu kimə lazımdır. İndiki izləyicimiz bilirsiniz kimə bənzəyir?

– Kimə?

– Laqeyd, məsuliyyətsiz ananın fast fudla qidalandırdığı yeniyetməyə... Bu skandal, iyrənc, bəzən ürək bulandıran boz-bulanıq kontent ona gətirib çıxarır ki, məsuliyyətini daşıdığımız yeniyetmə - bayaqkı alleqoriyanın davamı olaraq deyirəm - xəstə böyüyür. Oriyentirləri, idealları qüsurlu olur.

– Problemləri deyirsiniz, amma səbəbindən danışmırsınız...

– İlk və son səbəb isə total savadsızlıq, bilgiyə can atmanın olmamağıdır. Baxın, bildiyim sahədən misal gətirim. Sadəcə, dünya universitetləri təcrübəsində bir dissertasiyanın yalnız mövzusunu təyin etmək üçün o mövzuya aid 50 kitabı oxuyub, icmalını çıxarmağı və yalnız bunda sonra elmi rəhbər dissertantına mövzunu təyin etməyi tapşırır. Hiss edirsiniz fərqi, yanaşmanın məsuliyyətini?

– Bəs bizdə necədir?

– Bizdə prosedur dəfələrlə sadədir. Təbii, mövzu seçimi prosedurunu nəzərdə tuturam.

– Məsələn, öz reytinqini yüksəltmək hər bir media orqanının haqqıdır. Elədirmi?

– Bəli, əslində media da biznes baxımdan uğurlu olmalıdır və bunda heç bir səhv şey yoxdur.

Bəs sizcə, cinayətkarın həyat tərzini populyarlaşdırmaqla bu reytinqi qazanmaq olarmı?

Kriminal aləmin romantikləşdirilməsi çox böyük etik səhvdir. Jurnalist professionallığı baxımından bu məndə böyük təəssüf hissi doğurur.

– Jurnalist professionallığından danışdınız... Bəs bu professionallığa çatmaq üçün, jurnalistikanın nəzəriyyəsini yaxşı bilmək və mənimsəmək üçün hansı kitabları oxumağı məsləhət görərdiniz?

– Jurnalistika daha çox sosial və tətbiqi fəaliyyət sahəsidir. Ona görə də burada uğurlu nümunələr praktiklərin kitabları hesab olunur. Dünya təcrübəsində bu sahədə yazan müəlliflərin çox güclü və zəngin jurnalist keçmişi var...

– Məsələn...

– Mark Tvenin reportajları, Heminqueyin hərbi reportajları... Müasirlərdən isə Umberto Ekonun jurnalistika haqqında çox maraqlı məqalələri var...

– Azərbaycanlı müəllif adı çəkə bilməzsinizmi?

– Professor Qulu Məhərrəmli jurnalistika və yayım jurnalistikası ilə bağlı xeyli geniş sahəni əhatə edib. Media ilə bağlı rəhmətlik Vaqif Həsənoğlunun bir neçə essesi var. Bilkənt Universitetinin professoru Bülənd Çaplı televiziya etikasını gözəl işləyib. İndi mozaik formada, yadıma düşənləri deyirəm...

– Deyirlər ki, şair anadan şair doğulmalıdır. Sizcə, bunu jurnalistika haqqında da demək olarmı?

– Bu, sadəcə, gəlişigözəl sözdür. (gülür) Jurnalist, təbii ki, uğurlu jurnalist 95 faiz zəhmətdən ibarətdir. Baxın, indi siz mütəmadi yazırsınız, işləyirsiniz və mənə elə gəlir ki, bu zəhmətiniz yanaşmanızı kifayət qədər ciddi dəyişdirib.

– Aynur xanım, Bakı Dövlət Universitetində jurnalistika fakültəsi fəaliyyət göstərir, hər il onlarla tələbə bu fakültəni bitirir. Heç başqa universitetləri demirəm. Bəs niyə Azərbaycan mediasında jurnalist qıtlığıdır? Söhbət peşəkarlardan gedir. Problem nədir?

– Professional, nadir, unikal, gözəl şeylər həmişə qıt olur. Və unutmayaq ki, bir yaxşı jurnalist yetişdirmək üçün 10 il vaxt lazımdır. Bu, o deməkdir ki, keyfiyyətli təhsil almalıdır. Gənc, üstəgəl onu yönəldən ustad, mentor olmalıdır. Yəni hər sual yarananda, hər problemi həll etdikdə bu mentor ona yol göstərməlidir. Bu gənc insan redaksiya, sayt, studiya cəngəlliklərindən keçməlidir. Mətnlərin surətini çıxarıb aparmaq, zəng edib müsahiblərlə danışmaq, gündəlik informasiyanı yüzlərlə qaynaqdan yığıb toplamaq kimi sadə operasiyalardan tutmuş, mürəkkəb veriliş formatlarının ssenarisini, prodakşn prosesini təşkil etməyə kimi hər bir yaradıcı pilləni öz əlləri ilə etməlidir, yaratmalıdır. Ona görə də mən indi qısa, konsentrasiya olunmuş dərsliklər hazırlayıram ki, az zaman çərçivəsində tələbələrə faydalı kontent çatdıra bilim.

– Heç tələbələrinizin sualı qarşınızda aciz qaldığınız olubmu?

– Bilirsiniz, uşaqlar bəzən sevdikləri müəllimi ən ədalətli, müdrik hakim kimi görürlər və bu ilahi ədaləti ondan gözləyirlər. Bax onda çox çətin olur, bu məsuliyyətin qarşısında aciz qalırsan.

– Aynur xanım, televiziyalarımıza baxırsınız?

– Bəli, xəbərləri izləyirəm, amma çox zaman vaxtım olmur, çünki indi jurnalistikada olan hər bir həmkarım kimi mənim də informasiya menyumun əsas hissəsi internet kontentindən ibarətdir. Televiziya xüsusi vaxt, ortam və diqqət tələb edir. Amma çox darıxıram...

– Nə üçün darıxırsınız?

– Efirdən ağıllı söhbətlər eşitmək istəyirəm, məni təəccübləndirəcək, təsirləndirəcək, efirdə korrekt, mədəni moderatorlar görmək istəyirəm, həssas, diqqətli, nəzakətli aparıcıların fikirlərinə qulaq asmaq istəyirəm...

– Sizcə, heç yoxdurmu həssas, diqqətli, nəzakətli aparıcılarımız?

– Təbii var, amma onların səsi çoxluq təşkil edən kobud, nəzakətsiz , savadsız qeyri-professionalların "kakofoniya"sında eşidilmir...


Müəllif: Kəramət Böyükçöl, Çinarə Böyükçöl