10 Noyabr 2017 14:36
5 842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyənin məhşur “Sinemanın Kral və Kraliçası”: II Sinema Gözəli yarışması” layihəsinin Azərbaycanda təqdimatı ilə bağlı mətbuat konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Türkan Şoray, Tarık Akan, Fatma Girik, Cüneyt Arkın, Hülya Köçyiğit kimi məhşur sənətçilərinin iştirak etdiyi “Sinemanın Kral və Kraliçasi: II Sinema gözəli yarışması” layihəsinə ilk dəfə olaraq Azərbaycanda start verilir.

Layihənin rəhbəri Atilla Kaplakarslan mətbuat konfransında bildirib ki, məqsəd istedadlı gəncləri müsabiqə yolu ilə seçmək və Türkiyə filmlərinə dəvət etməkdir:

“Müsabiqə gənclərə bu sahənin peşəkarları olan tanınmış sənətçilər və münsiflər heyəti qarşısında bacarıqlarını nümayiş etdirmək üçün şans yaradır. Yarışmanın münsiflər heyəti Azərbaycanda reallaşacaq yarışmada iştirak edəcəklər. Sonda 1 qız və 1 oğlan finala vəsiqə qazanacaq və birbaşa İstanbulda keçiriləcək son final yarışmasına qatılacaqlar. Türkiyə, Avropa ölkələri və Azərbaycandan seçiləcək 14 qız və 14 oğlan finalçı onlar üçün yaradılan düşərgədə qalacaqlar. Bu müddətdə onların saç və görünüşü ilə bağlı işlər gürüləcək, aktyorluq dərsləri keçiləcək. Eyni zamanda müsabiqə gecəsi nümayiş etdiriləcək səhnələr üçün təlim keçiriləcək. Yarışmada iştirak üçün yaş həddi 18-26 arası nəzərdə tutulub. Bu gözəllik müsabiqəsi deyil, amma iştirakçıların siması da önəmlidir”.

Lahiyənin Azərbaycan nümayəndəliyinin rəhbəri Vüsalə Səid Eyyubqızı bildirib ki, əgər müraciət edənlər çox olarsa, Azərbaycanda münsiflər heyəti təşkil olunacaq seçmə prosesi aparılacaq:

“Ondan sonra Türkiyədən münsiflər dəvət olunacaq. Onlar da 2 nəfəri birbaşa Türkiyədəki finala seçəcəklər”.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən gənclər www.sinemaguzeli.com saytında Azərbaycan bölməsinə daxil olaraq, qeydiyyatdan keçəcəklər. Qeydiyyatın son tarixi 15 yanvar 2018-ci ildir.


Müəllif: Şəfiqə Nazimqızı, Foto Elçin Murad