14 Noyabr 2017 16:09
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli məşhur gürcü rejissoru Robert Sturuanın səhnələşdirdiyi tamaşa Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.

Qurumun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tamaşanın nümayişi Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrının ölkəmizə qastrol səfəri çərçivəsində baş tutacaq.

Məlumatda bildirilir ki, 14- 15 noyabr tarixlərində saat 19.00-da Terrens Maknellinin “Mariya Kallas – Dərs” tamaşası azərbaycanlı sənətsevərlərə təqdim olunacaq.

“Robert Sturua dünyada tanınan bir rejissordur. Belə bir məşhur rejissorun hazırladığı tamaşanın azərbaycanlı tamaşaçılara təqdim olunması çox təqdirəlayiq bir haldır. Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrının ölkəmizə qastrol səfəri həm də mədəniyyətlərarası dialoqun çox gözəl bir nümunəsidir.

Ümumiyyətlə, bizim teatrla Robert Sturua arasında yaxşı əlaqələr mövcuddur. Musiqili Teatr hər zaman dünyanın öncül teatrları, incəsənət xadimləri ilə əməkdaşlıq etməyə çalışır. Qeyd edim ki, bu qastrol səfəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.


Müəllif: Şəfiqə