14 Noyabr 2017 20:39
2 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəstəkar Firudin Allahverdinin Teleqraf.com-a müsahibəsi:

- Firudin bəy, türklərin bir sözü var ki, yediyin-içdiyin sənin olsun, gördüklərindən danış. İstanbula Sofiyadan gəlirsiniz. Orada nələr gördünüz?

- Ümumiyyətlə, Bolqarıstana gedəndə gözləntilərim çox aşağı idi. Təxminən Ukrayna tipli keçmiş Sovet ölkəsi görəcəyimi zənn edirdim. Amma gözləntilərimin çox üstündə olan bir ölkə ilə qarşılaşdım. Sofiya çox müasirdir. Nəqliyyatdan başlayım, tramvay, trolleybus, metro mükəmməl şəkildə fəaliyyət göstərir. Öyrəndim ki, bolqarlar Şərqi Avropada ən çox ingilis dili bilən xalqdır. Demək olar ki, bütün gənclər ingiliscə danışır. Biz şəhərin kənarında qalırdıq, orada da dükanda, bazarda ingiliscə bildiklərini gördüm. Mən musiqi ilə bağlı deyil, şəxsi işlərimə görə gəldiyim üçün mədəni mühitin necə olduğunu çox müşahidə edə bilmədim. Amma insanların davranışlarına, geyim tərzlərinə baxanda görürdün ki, çox çağdaş, mədəni insanlardırlar. Opera-balet teatrlarında premyeralar Avropa ölkələrindəki kimi 4-5 gün davam edir. Şəhərin təbiəti də çox gözəldir, dağın ətəyində yerləşir, təmiz havası, suyu var. Yəni bir bioliji varlıqın yaşamını sürdürməsi üçün hər şərait var.

- Bizdə Bolqarıstandan danışanda, adətən, qədim bulqar türkləri yada düşür. Onları xatırladacaq nələrsə var idimi?

- Mən tarixlə maraqlanan bir şəxs kimi, bu məsələni araşdırdım, belə anladım ki, bulqarlar köçəri xalq kimi oraya gəlib, uzun müddət yaşayıblar, ərazi də onların adı ilə Bulqariya adlanıb. Sonra müxtəlif savaşlar nəticəsində bulqar türkləri tarix səhnəsindən silinib. Elə təxminən həmin vaxtlarda artıq Bulqariya adlanan bu əraziyə slavyanlar gəlib.

Ərazinin adı isə olduğu kimi qalıb. İndiki əhaliyə də baxanda görünür ki, onlar slavyandır. Kiril əlifbasını da bolqarlar yaradıb. Əlifbanı yaradan Kiril və Mefodi Salonik şəhərindən idi.

İndi bu şəhər Yunanıstandadır. Kilsə slavyancası deyilən dil var, pravoslav kilsələrində danışılır, o dil əslində, bolqar dilidir. Kiril və Mefodi bolqar olduqlarına görə, kilsə mətnlərini öz slavyancalarına çevirmişdilər. Sonra bu kitablar Rusiyaya getdi və rus dilinə böyük təsir göstərdi. Bugünkü rus dili hansısa mənada həmin bolqar slavyancasının davamıdır. Ona görə də bugünkü rus dili əsl rus dili olan Ukrayna dilindən fərqlənir. Əsl rus dili Ukraynada olub, çünki ilk dövlətləri olan Kiyev də orada yaranıb. Bolqarlar bu gün Kiril əlifbası ilə fəxr edir, haqları da var. Məhz Bolqarıstan Avropa Birliyinə daxil olandan sonra Kiril əlifbası Birliyin rəsmi əlifbalarından birinə çevrilib. Sofiya ilə bağlı turistlər üçün hazırlanmış kitablarda yazırlar ki, indi bu əlifbada dünyada yüz milyonlarla insan yazır, oxuyur. Orta Asiyanı da misal gətirirlər ki, oraya qədər əlifbamız gedib çatıb. Düzdür, ruslar tərəfindən çatıb, amma nəticə eynidir.

- Çox maraqlı məsələlərə toxunursunuz. Sizin tarix bilginiz diqqətçəkicidir, Feysbukda da tez-tez tarixi mövzularda yazırsınız. Sizi cəmiyyət bəstəkar kimi tanıyıb. Tarix sevginiz haradandır?

- Mənim uşaqlığım tarixi dövrə təsadüf edib. 8 yaşımda mitinqlərə aparıblar. Bir tərəfdən qonşumuzla müharibə şəraiti, digər tərəfdən atom bombasına malik olan bir imperiyanın dağılması. Gərgin siyasi dövr idi. Tarix sevgim elə bu ərəfələrdə başladı. Orta məktəbdə tarix fənni keçəndən sonra daha da maraqlandım və bir müddət sonra gördüm ki, tarix artıq hobbimə çevrilib. Təkcə türk tarixi ilə deyil, İran tarixi ilə də maraqlanıram. Yəni bizim coğrafiyanın tarixi daha çox maraqlandırır.

- Ötənlərdə Fesybukda Hollandiya ilə bağlı bir paylaşım etmişdiniz. Nə düşünürsünüz, niyə biz Hollandiya və ya heç olmasa, Bolqarıstan ola bilmirik?

- Bunun tarixi keçmişi var. Biz, əslində, daha pis ola bilərdik. Azərbaycanın şimalı Rusiyanın tərkibinə daxil olandan sonra bizim İran və ümumiyyətlə Yaxın Şərq mühiti ilə əlaqəmiz qırıldı, Avropadan Peterburqa əsən küləklərin təsiri Qafqaza qədər çatdı. Bununla da, bizim bəxtimiz gətirdi. Avropa dövlətləri kimi olmamağımızın isə birinci səbəbi odur ki, biz hələ də mifik-idealist dünyagörüşünə malikik: hələ də miflərlə yaşayır, qəhrəmanlara, fövqəltəbii güclərə inanır və reallığı tam anlamaqda çətinlik çəkirik. Amma diqqətlə baxsaq görərik ki, hansı cəmiyyətlər üzünü və əlini göylərdən çəkibsə, yerdəki işləri yaxşı gedir. Kimlərin ki, fikri-zikri göylərdədi, onların yerdəki işləri bərbaddır. Biz inanırıq ki, kimsə - bu mələk də ola bilər, peyğəmbər də, prezident də, qəhrəman da - istəsə hər şeyi yaxşılığa doğru dəyişə bilər.

Bir nəfər yaxşıdısa çox yaxşıdı - mələkdi, pisdisə çox pisdi - şeytandı. Reallıq isə belə deyil - həyat rəngarəngdir, müxtəlif iradələr, onların toqquşması, birləşməsi və s. müxtəlif situasiyalar yaradır və həyatın axarını dəyişdirir.

İşlərimizin düz getməməsinin ikinci səbəbi budur ki, biz siyasi xalq deyilik. Mənə görə xalqla millətin fərqi odur ki, millət institutlaşmış, təşkilatlanmış kütlədir. Bir milləti səhraya da atsan, orada təşkilatlanacaq, cənnət yarada biləcək. Bizdə isə o cür deyil. Təəssüf ki, xalqımızın nümayəndə seçmək, həmkarlar ittifaqı qurmaq, məhkəmənin nə olduğunu dərk eləmək mədəniyyəti inkişaf etməyib.

Yəni siyasi mədəniyyətin bu və ya digər formalarının inkişafı üçün ya şərait olmayıb, ya da əksinə bunu aradan qaldırmağa çalışıblar. Rus publisist Veliçkonun XIX əsrin sonlarında yazdığı Qafqazla bağlı əsəri var. Orada bizim xalq haqqında belə bir müşahidəsi var. Deyir ki, bu xalq bizim polisə və məhkəməyə inanmır. Bir problemləri olanda öz aralarında həll etməyə çalışırlar. Mən çox təəccüblənmişdim ki, niyə inanmamışıq. Sonra başa düşdüm ki, özü öz sosial təkamülü zamanı belə institutlar - yəni polis, məhkəmə və s. sistemlər yaratmadığına görə, nə olduğunu dərk edə bilmir. Bizim mədəni və siyasi mərkəzlərimiz də Təbrizdə, İsfahanda, İstanbulda olub. Bizim indi yaşadığımız ərazi ucqar idi, ona görə də şərqə xas institutlardan da xəbərimiz olmayıb. Siyasi mədəniyyət çox önəmlidir. Biz hələ yolun başındayıq.

- Müəyyən qədər Cümhuriyyət vaxtı oldu...

- Aşağıdan gəlmirdi o dəyərlər. 10-15 nəfər ziyalı tərəfindən yaradıldı və əllərindən gələn qədər qorumağa çalışdılar. Amma qalan xalqın xəbəri olmadı bu olaylardan. Ötən 100 ildə iki dünya müharibəsini, Sovet İttifaqını gördük, radio, televiziya kəşf olundu, indi internet dönəmindəyik, hələ də siyasi mədəniyyətdən xəbərimiz yoxdur. Düşünün ki, o zaman necə olmuşuq. Şübhə etmirəm ki, Azərbaycan Cümhuriyyətinin varlığından sadəcə Bakı, Gəncə, bəzi bölgələr xəbərdar olublar. Bizim xalq məsəllərimizdə də ən sonuncu siyasi məsəl “Nadiri taxtda, Şah Abbası qundaqda görüb” məsələdir. Bu da XVIII əsrin birinci yarısına aiddir. Sonra bizdə xanlıqlar dövrü oldu. Sonuncu anladığımız sistem xanlıqlar olub deyə biz indi də çox yaxşı bilirik ki, xan necə olar, nökər necə... Ümumiyyətlə, kütlənin fərddən fərqi budur ki, onun problemi də sistem tərəfindən yaradılır, yəni sistematik yaradılıb, o problemin həlli də sistem tərəfindən olmalıdır, yəni sistematik olmalıdır.

- İstanbulun son zamanlar ərəbləşdiyini deyirlər. Bir neçə gündür buradasınız. Siz nə düşünürsünüz?

- Mən 10-15 ildir bura gəlib gedirəm. Bura həmişə qələbəlik və problemli olub. Düşünmürəm ki, İstanbulun problemi ərəblərlə bağlıdır. Yəqin ki, ərəblər bir çox problemlərə əlavə problem də qatıblar. Amma bütövlükdə onların üstünə yıxmaq ədalətsizlik olardı. XX əsrin ortalarından başlayaraq İstanbulun demoqrafik və infrastruktur problemləri olub. Məsələn, şəhərin nəqliyyatına, metro xəttinə baxanda görürsən ki, normal və məntiqli xətt deyil, yəni planlı şəkildə inkişaf etmiş şəhərə xas deyil. Müxtəlif cür nəqliyyat növləri istifadəyə veriblər, amma yenə də nə tıxac bitir, nə də ki normal tikinti gedir. Düzgün planlama yoxdur.

- Firudin bəy, icazənizlə, şəxsi həyatınızla bağlı sual vermək istəyirəm. Ailə həyatı qurmaq bir bəstəkarın həyatında nələri dəyişdirir?

- Adamdan-adama fərqli dəyişiklik olur. Məndə ancaq müsbət dəyişikliklər olduğunu deyə bilərəm. Bir-birimizi anlayır, məişət qayğılarını bölüşürük deyə yaradıcılığa daha çox vaxt ayıra bilirəm.

- Tarixən şairlər, yazıçılar, bəstəkarlar xanımlarına əsərlər həsr ediblər. Siz belə bir əsər yazmısınızmı və ya gözlənilirmi?

- Bu məsələ həmişə ağlımdadır. Hələ ki Səadət xanıma layiq əsər yaza bilməmişəm. Amma mütləq həsr edəcəyəm.


Müəllif: Dilqəm Əhməd