24 Noyabr 2017 16:00
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun “Kod adı: “Rey” kitabının təqdimat mərasimi keçirilib. “APA Holding”ə daxil olan Lent.az İnformasiya Agentliyi tərəfindən çap olunan yeni nəşrdə müəllifin 1991-1992-ci illərdə Qarabağda gördükləri xatirə şəklində yer alıb.

Tanınmış yazıçı və ziyalıların, millət vəkillərinin iştirak etdikləri tədbirdə Rey Kərimoğlunun döyüşçü kimi keçdiyi həyat yoluna nəzər salınıb, müəllifin kitabı Qarabağ müharibəsindən bəhs edən qiymətli mənbə kimi dəyərləndirilib.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qeyd edib ki, indiyədək Qarabağ döyüşləri haqqında çoxsaylı kitablar yazılsa da, Rey Kərimoğlunun müəllifi olduğu nəşr bir sıra xüsusiyyətləri ilə onlardan fərqlənir: ”Biz Rey Kərimoğlunu döyüşçü, kəşfiyyatçı kimi tanımışıq. Amma bununla yanaşı Rey indiyədək ona yaxın mətbuat orqanında çalışıb, bir-birindən maraqlı yazıları ilə oxucularını sevindirib. Kitab xatirələr əsasında yazılıb. Düşünürəm ki, bu kitab Qarabağdan bəhs edən yaxşı bir filmin ssenarisi ola bilər. Çünki Rey Kərimoğlunun kitabında ağrı ilə bərabər böyük vətən sevgisi var”.

Ə. Amaşov müəllifi Mətbuat Şurasının diplomu ilə təltif edib.

Lent.az İnformasiya Agentliyinin rəhbəri Qabil Abbasoğlu rəhbərik etdiyi media orqanının indiyədək bir neçə maraqlı kitabı oxucuların ixtiyarına verdiyini diqqətə çatdırıb. Q. Abbasoğlu əlavə edib ki, sözügedən media qurumu gələcəkdə məzmun və ictimai əhəmiyyəti etibarilə maraqlı olan digər nəşrləri də oxuculara təqdim edəcək.

Təqdimat mərasimində çıxış edən xalq şairi Sabir Rüstəmxanlı, millət vəkilləri Aqil Abbas, Hadı Rəcəbli, şair Ramiz Rövşən, Qarabağ Qaziləri Birliyinin rəhbəri Etimad Əsədov və başqaları kitab haqqında fikirlərini bildiriblər.

Rey Kərimoğlu kitabın “APA Holding” tərəfindən ona hədiyyə edildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, “Qanun” nəşriyyatında çap olunan kitabın redaktoru Səhər Əhməd, korrektoru Əyyar Tahirov, rəssamı ehtiyatda olan polkovnik Tərlan Eyvazovdur.


Müəllif: Teleqraf.com