24 Noyabr 2017 21:52
2 990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sualı elə ilk cümlədəcə qoymaq daha doğru olardı ki, "harıya yedessən, ayə"?! Rzasoy bizim içimizdəki sualı ifasıyla daha şirin, daha musiqili çatdırıb. Nöşün? Onçün ki, gündəm atını dördnala çapır. Atalar məsəlini yadımıza salsaq, deməli, biz heç vaxt karlıqdan əziyyət çəkməyəcəyik. Qulağımız gündə bir yox min söz eşidir. Şükrənillah. Bəs, bu gedişlə "harıya yedeyrik, ayə"?! Vüsalın ifası bizi niyə narahat edir? Guya gün ərzində eşitdiyimiz musiqilər bundan beş çömçə artıqdır?!

Uşaqlıq dövrümdə böyük musiqi travması almışam. Ən azı 90-larda doğulanlar üçün belədir. 2000-ci illərdə bir nəsil gəlmişdi. Şəfa var idi, Vüsal Əliyev var idi, Məmmədbağır, Səyyad Əlizadə, Əlikram var idi. Oxuduqları mahnılar Niyaməddin Musayevin "dryu, dryu, dryu"suna belə çata bilməzdi. Ən azından o məhşur musiqinin sözləri məna yüklü idi. Elə o vaxtlar da bazarlarda, avtobuslarda, maşınlarda saydığım adamların damar doğrayan mahnıları dəb idi. Sonra bir müddət bu adamlardan bəziləri efirdə görsənsə də qalanları itdilər. Gəldik, çıxdıq indiki dövrə. O dövrə ki, artıq gic-gic mahnılara qulaq asan gəncliyə hər şeyi musiqi adı ilə sırımaq olar. Təbii ki, bu gənclərlə yanaşı yetkin insanlar da eyni durumdadır. Bir müddət yatmış kütləni Manaf Ağayev, Damla, Pərviz Bülbülə kimi adamlar bayağı, adam asdıran mahnıları ilə oyatdılar. Narahatam...

Artıq bu mahnıların əlini, ayağını bağlamaq mümkünsüzləşib. Siz elə bilməyin ki, adamların zövqü korlanıb. Bizim zövqümüz baxmayaraq ki, Sovet dövrü görüb, amma elə həmişə belə bərbad olub. Həmişə toylarımızda kədərli sözləri olan musiqilərin ritmini tezləşdirib oynamışıq. Lap "Yanıq Kərəmi" kimi. Əgər bu gün Zaur Kamal kimi aparıcılar verilişlərinin birini Üzeyir Mehdizadəyə həsr edib, baxın, Üzeyir bu boyda kütlənin alqışını, sevgisini qazanıb deyirsə, adamlar da əl çalıb oynayırsa, deməli, vəziyyət heç də pis deyil. Yəni hər şey hamının ürəyincədir.

Gəldik, zurnanın zırt dediyi yerə. Hə, kimin kütləsi böyükdürsə, o bu zamanda rahatca deyə bilər - ənəlhəqq! Əgər bu gün qurşaqdan aşağı, içində gülüş olmayan videolar çəkən Hüseyn Əzizoğlu məşhurdursa, sevilirsə, böyük kütləsi varsa - ənəlhəqq! Əgər Pərviz Bülbülə kimi adamlar şeirdə ayrıldıqları qızı qarşılarına qoyub danlayırlarsa, təhqir edirlərsə, bunun da adını şeir qoyub camaata sırıyırlarsa - ənəlhəqq! Hə, deməli, bu durumda zəif bənd bizik.

O qədər zəifik ki, dünən bir oğlan telefonunda qəmli musiqi qoşub, elə özünü bu musiqi sədaları altında da asıb, öldürüb.

O qədər zəiflədik ki, bizim üçün bütün fəlakətlər, ölümlər sadəcə bir-iki günlük gündəm mövzusudur, vəasalam.

Və əslində biz bu vəziyyətə qəfil gəlib çıxmadıq. Biz müstəqillikdən bu yana böyük cəhdlə bayağılaşırıq, keyfiyyətimiz itir.

Sonda məsələyə Baloğlan Əşrəfov tərəfdən baxmaq istəyirəm. Bu yazının tərəfdarı olan insan, dərd eləmə. Biz fərqliyik. Heç olmasa sevdiyimiz adamlara mesaj yaza bilirik, ən azından xəbərdar oluruq ki, o bu mesajı oxudu, ya yox. Amma Baloğlan müəllim, illərdir ki, oxuyur, "ay uçan quşlar, bir xəbər verin". Texnika əsrində illərdir ki, quşlardan xəbər gözləmək çox çətindir.

Əgər kanalların birində Vüsal Əliyevi efirə çıxarıb, dediyim bayağı mahnılarını oxudurlarsa, Vüsal da bu illər ərzində hələ də dərk etməyibsə ki, oxuduğu mahnılar bir qəpiklik deyil, deməli, vəziyyət həqiqətən də ağlamalıdır. Mənə maraqlıdır, bu adamlar Yeni ili hansı düşüncəylə qeyd edir?! Yəni hər il yeni ilin gəlişini qeyd edən adamlar niyə hələ də olduqları yerdən bir addım da irəliləyə, inkişaf edə bilməyiblər?!

Nəticə: Deməli, senzuraya ehtiyac var!

Xülasə, toyda mikrofonu əlinə alıb, mən nə deyə bilərəm ki, deyib, yarım saat danışan adamlar kimi mən nə deyə bilərəm ki?! Özünüzü qarşınıza qoyun və deyin! - Haryedersən, ayə!


Müəllif: Emin Akif