28 Noyabr 09:12
2 789

“Danışan fotolar: Unudulmayanlar”

19 yaşında Gəncə Dövlət Dram Teatrında, 39 yaşında Akademik Milli Dram Teatrında işə başlayır, “Bəxtiyar” filmində ilk kinodebütünü gerçəkləşdirir. 59 yaşında çoxdan gözlədiyi xalq artisti adına layiq görülür. 69 yaşında isə həyatla vidalaşır.

Evinin qonaqlı-qaralı olmasını, ailə üzvlərinin hər birinin doğum günlərinin çal-çağırla keçməsini çox sevərmiş. Bəlkə də bunlar var-dövləti əlindən alınan ailəsinin çəkdiyi əzabları, kasıbçılıqdan elçi göndərməyə belə cəsarət etmədiyi sevdiyi qızı, uzun illər elindən-obasından didərgin düşməsinin ağrılarnıı unutmaq üçün idi, kim bilir...

“Danışan fotolar: Unudulmayanlar”da bu dəfə mərhum sevimli aktyor, böyük sənətkar Məmmədrza Şeyxzamanovu qızı Afaq Şeyxzamanova ilə yad edirik.

Mülkləri əlindən alındı çünki...

- Atamdı, bacılarıdı, soldakı oğlanı isə təəssüf ki, tanımıram. Atam çoxuşaqlı ailədə böyüyüb. Onun da qəribə bir tarixçəsi var. Atamın atası İsabəyin birinci evliliyindən bir, anası Böyükxanımın isə ilk nikahdan iki uşağı varmış. Babamla nənəmin birgə nikahından isə üç uşaq (bir oğlan, iki qız) dünyaya göz açıb. Atam dahi Nizami Gəncəvinin nəslindəndi. Ata-baba mülklərini bolşeviklər əllərindən alıb. Babam çox tez rəhmətə gedib, ona görə ailənin yükü nənəmin çiyinlərinə düşüb. Anasının yükünü azaltmaq üçün atam 11-12 yaşından işləməyə başlayıb.

Gəncə İnşaat Texnikumunda təhsil alıb. Eyni zamanda teatr dərnəyində tamaşalarda oynayıb. Teatra, aktyorlara həvəsi uşaqlıqdan varmış. Ona görə də Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılov onu teatra dəvət edəndə çox düşünməyib. Sonra teatrın nəzdindəki ikiillik aktyor studiyasında da oxuyub.

Sözləşib qaçdılar

- Atam və Bəhram əmi. Atamın Gəncədə tanıyıb, sevdiyi və ömrünün sonuna kimi dost olduğu iki adam vardı: Bəhram və Yaqub. Birlikdə İnşaat Texnikumunda oxumuşdular. İki dost iki rəfiqə ilə evlənmişdi: Bəhram Gülsümlə, atam Nigarla...

Anam tacir ailəsindən, atam bəy nəslindən idi. Bəylikdən isə bircə ad qalmışdı. Teatrda tamaşalarda oynayırdı, azdan-çoxdan tanınırdı. Anam çox qəşəng idi. Onlar tanış olanda anamın 18, atamın 23 varmış. Atam heç cürət edib anamgilə elçi də göndərməmişdi. Bilirdi ki, ailə vəziyyətinə görə anamı ona verməyəcəklər. Ona görə sözləşib qaçmışdılar. Bir ildən sonra 1939-cu ildə bacım Kəmalə dünyaya gəlmişdi.

- Bəs atanız nə vaxt sürgün olundu?

- Bildiyimə görə, 1941-42-ci illərdə. Xalq Cümhuriyyəti süquta uğrayandan sonra Şeyxzamanovlar nəslinə qarşı təzyiqlər, təqiblər daha da güclənir. Ailəsi, qohumları repressiyaya məruz qalır. Bu dəfə isə atamı sürgünə göndərirlər. Anamı KQB-yə çağırıb deyirlər ki, biz yalnız Məmmədrza Şeyxzamanovu sürgünə göndəririk, siz ondan boşanıb, sürgün həyatından azad ola bilərsiniz. Anam deyir, ərim hara, mən də ora. Beləcə anam, atam böyük bacımla birlikdə Qazaxıstana sürgün olunurlar.

Bəraət kağızını ondan gizlətdilər

- Bu şəkil Qazaxıstanda çəkilib. Sürgündən qalan iki şəkildən biridir.

- Atanız o illərdən, orada yaşadıqlarından nələr danışardı?

- Sürgün barədə danışmaqdan xoşu gəlmirdi. Görünür, xatırlamaq istəmirdi. Ailəsinə zərər toxunacağından qorxurdu, çünki sürgün faktı ona həyatında və işində çox maneələr yaratmışdı. Partiyaya qəbul etməmişdilər, fəxri adın verilməsini gecikdirirdilər və s. Ona görə də o mövzuya qayıtmaq istəmirdi. Amma ailədə o illərlə bağlı yarızarafat, yarıciddi nəsə danışanda başa düşürdüm ki, orada çox çətin həyat yaşayıblar. Hətta ailədə əkiz oğlan uşaqları doğulub, amma sürgün həyatının amansız çətinliklərinə tab gətirə bilməyib, tələf olublar.

Böyük bacım oğlan kimiydi. Bir dəfə qış vaxtı uşaqlarla oynayanda sözləşiblər, bacım dilini dəmir qıfıla sürtüb, necə soyuq olubsa dili yapışıb qıfıla.

Anam Gəncədə Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsində oxuyurdu, sürgünlə əlaqədar təhsili yarımçıq qalmışdı. Qazaxıstanda hamı, demək olar ki, mal-qara saxlayır və onların üstündə əsirlərmiş. Bir dəfə qonşunun keçisi xəstələnir, onu gətirirlər anamın yanına. Anam da özünü itirir, “mən keçi dərsini hələ keçməmişəm” deyir. Sonra özünü toparlayıb, qonşuya deyir, keçini burada qoy, müalicə edəcəm. Atamın dediyinə görə, insanlara verdiyi dərmanlardan keçiyə də verirmiş, nəticəsi yaxşı olub, sağalıb. Atam həmişə bu əhvalatı danışıb gülürdü.

Atam sürgündə teatr dərnəyi yaradıbmış. Anam isə məktəbdə ədəbiyyat dərsi deyirmiş. Atam danışırdı ki, ananız üçün kitablar hər şeydən vacib idi. Bir dəfə anamla böyük bacım parka gediblər, başı kitablara necə qarışıbsa bacımın tramvaya minməsindən xəbəri olmayıb. Tramvay da depoya gedirmiş. Anam bir də ayılıb ki, bacım yoxdur. Aləm dəyib bir-birinə. Axırda uşağı depoda tapıblar. Atam zarafata salıb “ananız sizi kitaba satıb” deyirdi.

- Bəzi mənbələrdə Məmmədrza bəyin 7, bəzisində isə 14 il sürgündə qaldığı bildirilir. Bunlardan hansı doğrudur?

- Mənim təxminlərimə görə 7 il. Çünki 1950-ci illərdə atam sürgündən qaçıb Gəncəyə sığınmışdı, 1954-cü ildə isə Bakıya gəlib, Akademik Milli Dram Teatrında işə başladı.

- Bəraət kağızını saxlamısınızmı?

- Təəssüf ki, qalmayıb. Amma yadımdadır ki, kağızı arxivdən mən götürmüşdüm. Orada atamın pantürkist damğası ilə sürgün edildiyi yazılırdı. Bacım deyirdi ki, sürgündən qaçıb Gəncəyə sığınanda bir müddət nənəmin bacısının evində gizlənmişdilər.

- Bəs niyə kağızı ona verməmişdilər? Kim buna mane olurdu?

- Məktəbdən getməyini istəmirdilər. Anam ədəbiyyat, atam isə riyaziyyat dərsi deyirdi. Üstəlik, teatr dərnəyini də idarə edirdi. Rayonun başçısı istəmirdi ki, atam ordan uzaqlaşsın. Çünki onun işindən razıydılar. Ona görə də bəraət kağızını ondan gizlədirdilər.

Anam deyirdi ki, Gəncəyə qayıdandan sonra da çox çətin illər yaşayıblar. Teatrda atamı işə götürmüşdülər, amma bu, çox qorxulu idi. Çox zaman atam maaş almırdı, qohumlardan yardım almaq müşkül məsələ idi, çünki onların da vəziyyəti yaxşı deyildi. Nəticədə anamın nənələri, xalaları çox köməklik ediblər.

Sonra atam Səməd Vurğuna müraciət edir. Səməd Vurğun atamın “Vaqif” tamaşasındakı oyununu çox bəyənir. Atamın sənədlərinin düzəlməsinə, bir sözlə, ikinci sürgün həyatından qurtulmasına yardımçı olur.

- Siz Bakıda dünyaya göz açmısınız?

- Bəli, 1956-cı ildə mən, daha sonra üçüncü bacım doğulub.

- Bu qəzetləri atam özü yığırdı. Mən də çalışdığım qədər saxlayıram. Qəzetlərin birində şarjı da çap olunmuşdu.

- Gündəlik yazırdımı?

- Gündəliyi vardı. Amma onu bir jurnalist apardı, sonra gətirmədi. Çox təəssüf...

Əmimlə ömrünün sonuna kimi görüşə bilmədi

- Bu bizim ailəvi şəklimizdir. Təəssüf ki, şəklin əslini itirmişik. Soldakı mənəm, yanımdakı böyük bacım Kəmalə, atam, ortadakı balaca bacım və anam... Bu şəkli çəkdirməyimizin xüsusi səbəbi vardı.

Atamın böyük qardaşı Ələsgəri Azərbaycan Xalq Cümhuriyyəti zamanı xaricə oxumağa göndərmişdilər. Bir ildən sonra hökumət dağıldı, o, qayıda bilmədi. Türkiyədə bir müddət qalıb, iş tapmayınca İtaliyaya mühacirət etdi. Daha bura gələ bilməzdi. Orada ailə qurdu, hərçənd burada da ailəsi vardı. Bu səbəbdən bir az narazılıq da olmuşdu.

Əmimin İtaliyada üç uşağı: Leyla, Anna adında iki qızı və İsabəy adlı bir oğlu vardı. Müharibə başlayanda əmimi rus agenti kimi konslagerə göndərdilər, orada da vərəmə tutulub çox cavan yaşda rəhmətə getdi. Xaricdə yaşayan bibim Həmidə xanım əmimin oradakı ailəsiylə yazışırdı, bizim də onlarla əlaqə yaratmağımız üçün adreslərini yollamışdı. Böyük bacım da əmi uşaqları ilə zaman-zaman yazışırdı. Bizdən ailəvi fotomuzu göndərməyimizi xahiş etmişdilər. Onda atam dedi ki, fotoatelyedə şəkil çəkdirib, göndərək. Yadımdadır ki, Nizami kinoteatrının yanındakı fotoatelyeyə gedib bu şəkil çəkdirdik.

- Deyəsən axı, Məmmədrza bəy qardaşı Ələsgərlə yanaşı Həmidə xanımı da ömrünün sonuna kimi görmədi.

- Yox, qardaşından fərqli olaraq bacısıyla görüşdü. Bibim Həmidə xanım çox erkən yaşda iranlı bir kişi ilə ailə qurub, buradan köçmüşdü. Uzun müddət İranda yaşadı, bəzi problemlərdən dolayı yoldaşından ayrıldı, amma Azərbaycana qayıda bilmədi. O vaxtlar İranla sovet hökuməti sərhədlərini möhkəmləndirdilər, gediş-gəliş qeyri-mümkün idi.

Belə olunca Həmidə xanım Türkiyəyə getdi, əmisi oğlu Nağı bəy Şeyxzamanlı ilə ailə qurdu. Nağı bəyin həyat yoldaşı rəhmətə getmişdi. Baxın bu şəklə...

İlk xəbəri Nigar Rəfibəyli gətirmişdi

- Həmidə xanımdı, Nağı bəydi, yəqin ətrafındakılar övladları, nəvələridi. Bilirsiniz ki, Nağı bəy Azərbaycan Xalq Cümhuriyyəti zamanı xüsusi xidmət orqanı olan “Əksinqilabla mübarizə təşkilatının rəisi olub. Cümhuriyyətin süqutundan sonra sovet hökuməti Nağı bəyin böyük qardaşı, o vaxtkı parlamentin üzvü Məmmədbağır Şeyxzamanlını güllələyir. Nağı bəyi də xain elan edib, həbs olunması haqda qərar verirlər. Ona görə Nağı bəy buralardan getmək məcburiyyətində qalır. Onu da deyim ki, hazırda xaricdə yaşayan Amerika-Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azəri Nağı bəyin nəvəsi, Adilə xanımın qızıdır.

Nağı bəyin övladlarını uşaqlıqdan bibim böyüdüb. Hər dəfə deyirəm ki, bu fotonu Tomris xanıma göndərib, şəkildəkilərin kimliyi ilə maraqlanacam.

Həmidə bibimdən ilk xəbəri bizə Nigar Rəfibəyli gətirmişdi. Onun anamgilə qohumluğu çatırdı. O, bibimlə İstanbulda Azərbaycan diasporunun olduğu məclisdə rastlaşmışdı.

Sonralar bibimin Bakıya gəlməsi mümkün oldu, bu şəkli də özü ilə gətirmişdi.

- Bu qızın adı Sevərdi. Qonşumuz Mədinə xalanın qızı idi. Bir gün gəlib dedi ki, teatrda olmamışam, atam da dedi, Afaqa qoşul, gəl. Biz də getdik. Bu şəkil o vaxt çəkilib.

Mən anamdan daha çox atama yaxın idim. Hər şeyi atama deyərdim, problemlərimi həmin dəqiqə həll edərdi. Atam şən, deyib-gülən, yeyib-içən insan idi. Mən heç vaxt onun yaşını hiss etməmişəm. Yadımdadır ki, 50 yaşı vardı, amma məhəlləmizdəki müəllimlərlə voleybol oynayardı.

Atam Azərbaycan ədəbiyyatını çox sevərdi, evimizdə də çoxlu kitab olardı. Mən rus dili sektorunda oxumuşam. Bizə Azərbaycan ədəbiyyatı keçilmirdi, ona görə ədəbiyyatı mən atamın vasitəsilə öyrənmişəm. Rəsul Rzanın şeirlərini, Hüseyn Cavidin əsərlərini çox sevərdi. Atam çox istəyirdi ki, mən teatrlara gedim. “İblis”i birinci dəfə görəndə mənə çox təsir etmişdi. Bu tipli klassikanı mən rus və ingilis ədəbiyyatında oxumuşdum. Gözləmirdim ki, belə bir əsər Azərbaycan dilində də ola bilər.

O, evini atama verdi

- “Azdram” onun həyatı idi. Tofiq Kazımov, Mehdi Məmmədov, İsmayıl Dağıstanlı, Həsənağa Turabovla, o vaxtın gənc nəslindən Rafiq Əzimov, Fuad Poladovla çox yaxşı münasibətləri vardı. Səməndər Rzayevin xətrini çox istəyirdi. Atam çox maraqlı həmsöhbət idi. Rəhmətə gedəndən sonra cümə axşamlarının birində Mehdi Məmmədov bizə gəldi, dedi, elə bil varlığımın yarısını itirmişəm, Məmmədrza ilə bizi çox şeylər bağlayırdı. Atamdan sonra Mehdi müəllim çox yaşamadı.

Biz uzun illər Hüseyn Cavid parkının yanında ikiotaqlı evdə yaşadıq. Böyük bacım ailə qurmuşdu, amma evləri olmadığından bizimlə qalırdılar. Atam ev növbəsinə yazılmışdı, deyəsən, iki dəfə də öz növbəsini başqalarına vermişdi. Elə oldu ki, İsmayıl Dağıstanlı teatrda oynadığı roluna görə Dövlət mükafatına layiq görüldü və ona ev verdilər. O da köhnə evinin atama verilməsini istəmişdi. Elə də oldu, biz Statistika Komitəsi tərəflərdə yerləşən üçotaqlı evə köçdük. Gözəl, geniş ev idi.

- Atam Amaliya Pənahova, Sofiya Bəsirzadənin də xətrini çox istəyirdi. Amaliya xanım gəncəlidir.

- Deyəsən axı, Amaliya xanımı atası ilə Məmmədrza bəy barışdırıb. Çünki atası onun aktrisa olmasını qəbul etmirdi.

- Hə, doğrudur, Amaliya xanımın atasından bunu atam xahiş edib. Atam çox aktrisalarımızla tərəf-müqabili olub: Leyla Bədirbəyli, Hökumə Qurbanova, Nəcibə Məlikova... Vəfa Fətullayevanı aktyor bacarığını, eyni zamanda insan kimi çox yüksək qiymətləndirirdi. Barat Şəkinskayanın da xətrini çox istəyirdi.

Söhbətin bu yerində Afaq xanım bizi stol arxasına dəvət edir, hind şirniyyatlarından dadmağı təklif edir. Fürsətdən istifadə edib, Afaq xanımın oğlundan babasını xəbər alıram:

- Babam rəhmətə gedəndə iki yaş yarımda olmuşam. Onunla bağlı sadəcə bir anı xatırlayıram. O da bir dəfə evdə futbol oynamağımızdır... Onun ən çox sevdiyi xarici futbol komandası hansı idi? - deyib üzünü anasına çevirir:

Afaq Şeyxzamanlı: Bilirəm ki, “Neftçi”nin oyununu heç vaxt qaçırmazdı.

- Bilmədin, xarici futbol komandalarından ən çox sevdiyi “Liverpul” idi.

- Afaq xanım, ailəlikcə filmlərə baxırdınızmı?

- Heç xatırlamıram. O yadımdadır ki, mən filmlərin premyeralarına və çəkiliş meydançalarına gedirdim. “Nəsimi”nin müəyyən epizodları İçərişəhərdə çəkiləndə mən də orda idim. Bəzən çəkilişlər səhərə qədər davam edirdi. Yadımdadır, anam termosla çay göndərirdi. O vaxt atam məni Həsən Seyidbəyli ilə tanış elədi. Həsən müəllim dedi ki, qızını necə gizlədibsənsə, kinoya da çəkə bilmirik.

- Epizodik rolda da çəkilməmisiniz?

- Ona çox təklif ediblər, amma atam razı olmayıb. “Qaraca qız” filmi üçün bəzi məktəblərə gedib qız axtarırmışlar. O cümlədən də bizim məktəbə gəlmişdilər, məni də seçib kinostudiyaya apardılar. Yadımdadır, orada o qədər çox gözlədim ki, növbəm çatanda nə deyəcəyimi unutdum. “Lenin” şeirini söylədim, adımı-soyadımı biləndən sonra seçim komissiyasından bir nəfər: “Deyəsən, bu qız şeyxin qızıdır” dedi. Söz acığıma gəldi, mən də hirslə: “Atamın soyadı Şeyxzamanovdur” dedim. Ardından həmin adam: “Aparın bu qızı, Şeyxzamanov bilsə, halımız yaman olacaq” dedi.

Sən demə, evimizdə hamı yas qurub ki, qız məktəbdən gedib, qayıtmayıb. Axırı atam məni tapdı, amma onları da yaman danladı.

Deyirdi, bu sənətdə keçdiyim çətin yolları uşaqlarımın da keçməsini istəmirəm. Mənim həvəsim çox idi. Bunda bir az da onun günahı vardı, çünki hər yerə məni özüylə aparırdı.

Musiqini çox sevirdi, dinləməkdən də zövq alırdı. Onun istəyi ilə mən pianino dərsinə gedirdim. Hər axşam pianinonun başına keçib, ona musiqilər ifa edirdim. Onu da deyim ki, atamın gözəl səsi var idi.

Fəxri ad almasına inana bilmirdi

- Bilirsiniz ki, atamın teatrdakı son rolu “İblis” tamaşasında İxtiyar rolu idi. Bu səhnəni Rasim Balayevlə oynayırdı. Çox təsirli oynamışdı. Bu rola görə atam 1984-cü ildə Dövlət mükafatına layiq görüldü. Təəssüf ki, ölümündən sonra verdilər.

- Afaq xanım, xalq artisti adını 1974-cü ildə almışdı. Bu gecikməni necə qəbul edirdi?

- Sürgündə olduğuna görə onun adı qara siyahıda idi. Fəxri ad məsələsini çox uzatdılar. Bu ona çox mənfi təsir edirdi, amma bunu heç vaxt büruzə verməzdi.

1974-cü ildə fəxri ad veriləndə redaksiyadan evə zəng etdilər, anam xəbəri atama deməyə qorxdu. Çünki belə hallar çox olmuşdu. Əvvəl deyirdilər, amma son anda adı siyahıda çıxmırdı. Atamın ürəyi çox zəif idi, hər dəfə məyusluq yaşaması ona ziyan edirdi. Bu dəfə isə verdilər, heç buna özü də inanmaq istəmirdi.

- Atanızın son günlərində, anlarında kimlər yanında idi?

- Təəssüf ki, mən o vaxt Bakıda deyildim. Atam Mərkəzi Klinik Xəstəxanada yatırdı. Anam deyirdi ki, rəhmətə getdiyi gün yanına o qədər ziyarətçi gəlmişdi ki, həyəcanlanmışdı. Qohumları, dostları sanki sözləşmişdilər. Deyib-gülüblər, hətta atam onları ötürməyi də təklif edib. Hamı dağılaşandan sonra televizor olan ümumi otağa keçib, elə oturduğu yerdə keçinib. Diaqnozu trombun tərpənməsi idi.

Sevinirəm ki, bu dünyadan rahat getdi.

Bizim gəlişimizlə əlaqədar olaraq Afaq xanım o gün ailə üzvlərini bir evə toplamışdı. O gün o evdə Məmmədrza Şeyxzamanovun iki qızı (böyük qızı Kəmalə xanım dünyasını dəyişib - N.M), nəvələri və hətta nəticələri də vardı. Bu fürsəti əldən verməyib, anı əbədiləşdirdik. Bizdən onlara, onlardan bizə yadigar qalsın deyə...

- Bizdən heç kim incəsənətlə məşğul olmadı, bircə bacımın oğlu Kənandan başqa. Divarda gördüyünüz şəkilləri Kənan çəkib. Atamda da gənc yaşlarında rəsm çəkmək qabiliyyəti olub. Bəzən evdə karandaşla gündəliyinə şarjlar çəkərdi.

Bir də atam evimizin qonaqlı-qaralı olmasını sevərdi. Elə də olardı. Atam şad günlərdə ailənin bir araya toplanmasını çox xoşlayardı. Doğum günlərində evdə mütləq stol açılardı, qohum, tanış-biliş, dostlar gələrdi. Özünün doğum günlərini də ailəsiylə qeyd etməyi xoşlayardı. Bizi hələ bir arada mətbuatdan heç kim lentə almayıb, ilk siz oldunuz.


Müəllif: Nərmin Muradova, Elçin Murad