1 Dekabr 2017 13:51
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur aktyoru, əslən azərbaycanlı Tamer Karadağlı Bakıya gəlib.

Teleqraf.com xəbər verir ki, azərbaycanlı aktrisa Məlahət Abbasovanın təqdimatı ilə ATV-də yayımlanan "Məlahətli söhbətlər" verilişi üçün paytaxta gələn aktyor media nümayəndələri ilə görüşüb.

"Çocuklar duymasın" serialının Haluku Bakıya heyran qaldığını və buradakı qohumları ilə artıq görüşlər təyin etdiyini deyib: "İlk dəfədir ki, Bakıya gəlirəm. Dünən şəhəri gəzmək imkanım oldu. Çox bəyəndim. Vətənimdə olmaqdan məmnunam. Burada qohumlarım çoxdur. Mənimlə görüşmək istəyirlər. Nənəm gəncəlidir. Ona görə də planımda Gəncəyə getmək də var. Çünki qohumlarımı görmək istəyirəm. Burada çox sevildiyimi bilirdim, ancaq bu qədərini təsəvvür etmirdim. Çox sevindim".

T.Karadağlı Azərbaycan Dövlət Musiqili Teatrına heyranlığını da gizlətməyib: "Teatrı bəyəndim desəm az olar, möhtəşəm idi. Video çəkib qızıma yolladım, o da çox bəyəndi. Məlahət Abbasovanın dediyinə görə, Bakıda teatrlar çoxdur. Bu, olduqca sevindirici haldır".

Sənətçi ailəsində Azərbaycan mətbəxindən xörəklərin tez-tez hazırlandığını qeyd edərək həmin təamları vətənində yeməyin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: "Ailəmdə piti kimi yeməklər bişirilir. Doğulduğumdan bəri Azərbaycan mətbəxi ilə böyümüşəm. Onun üçün mənə heç də yad deyil".


Müəllif: Teleqraf.com