1 Dekabr 2017 23:23
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Kitabxanasının, Milli Konservatoriyanın birgə layihəsi olan “Sirlər xəzinəsi”nin növbəti tədbiri böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi çərçivəsində dekabrın 4-də saat 15:00-da Qazax şəhərindəki Ədəbiyyat Muzeyində keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, ədəbi-bədii məclisdə Azərbaycan Atatürk Mərkəzinin sədri, Milli Məclisin üzvü, akademik Nizami Cəfərov, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, professor Rüstəm Kamal, Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin sədri professor Ənvər Əhməd, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, şair Barat Vüsal tədbirdə çıxış edəcəklər.

Ədəbi-bədii məclis boyu İrəvan Dövlət Azərbaycan Teatrının aktrisası, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızının ifasında şairin lirik şerləri səslənəcək, qəzəllərindən və qoşmalarından ibarət musiqi nömrələri, aşıq havaları ifa ediləcək.

“Sirlər xəzinəsi” layihəsinin əvvəlki tədbirləri böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin, şairə xan qızı Natəvanın, muğam ustası, Xalq artisti Yaqub Məmmədovun həyat və yaradıcılığına həsr olunub.


Müəllif: Teleqraf.com