13 Dekabr 2017 09:00
7 365

İki teatrda çalışır, film və seriallara çəkilir, uzun illər dublyajdakı fəaliyyəti onu bu sahənin vazkeçilməz səs sahiblərindən birinə çevirib.

Bu dəfə həm səsi, həm siması bizə doğma olan əməkdar artist Elşən Rüstəmovun fotolarını danışdırdıq.

“İtkin gəlin” serialının Elməddini ilə məşhurlaşan aktyorla həm xatirələrə daldıq, həm də gələcəyə körpü saldıq.

“Qəzet redaktoru oldum”

- Soldakı şəkil atamın fotoaparatı ilə çəkilib. Fotoaparatla şəklimizi çəkməyi xoşlayırdı. Sağdakı şəkildə bacım və qardaşlarımdır, mən də nənəmin qucağındayam. Əlim həmişə haradasa olmalıydı. Vərdiş etmişdim.

Masallıda doğulub, boya-başa çatmışam. Böyük həyətimiz vardı. İndikindən fərqli olaraq o vaxtlar təsərrüfata həvəsim yox idi. Görünür, yaş ötdükcə insan təbiətə qayıtmaq istəyir.

- Birinci sinifdə oxuyarkən çəkilib. Məktəbdə pis oxumurdum. Beşinci sinfə qədər sinif nümayəndəsi idim. Atam sinif rəhbərimiz olanda məni o vəzifədən azad etdi... Baxın, bu dostumu sinif nümayəndəsi elədi.

- Mən isə divar qəzetinin redaktoru oldum. O vaxtlar hər sinfin öz qəzeti vardı. Ayda bir dəfə hazırlanırdı. Bir dəfə qəzetin adını “Paritet” qoymuşdum. Müəllim soruşdu ki, haradan çıxarmısan bu adı?.. Qəzetə dünya xəbərlərini də yerləşdirirdim. Çox həvəslə işləyirdim.

Məktəb illərim sovet dövrünə təsadüf edir. Onda sənətə böyük canatım vardı, uşaqlar filmlərdən imitasiyalar edirdilər. Rolları öz aramızda bölüb oynayırdıq.

-Ailədə altı uşaq – bir qız, beş oğlan olmuşuq. Bu şəkildə bacı və qardaşların (Lətifə, Rövşən, Mehdi, Hacı, Sədi, Elşən- N.M.) hamısı bir aradadır. Kənardakı balaca oğlan bacımın övladıdır. Haradasa gizlənmişdi, şəkil çəkdirəndə ortaya çıxdı. İndi özü oğul atasıdır.

Böyük qardaşım uşaqlıqda tar çalırdı, amma böyüyəndə mühəndis oldu. Bacım atamın yolu ilə getdi, hazırda müəllimədir. Mən uşaqlıqdan musiqi ilə məşğul olurdum. Çoxlu musiqi alətlərim vardı. Məndən başqa heç kim incəsənətin ardınca getmədi.

Məktəbin yuxarı siniflərində qərara gəldim ki, aktyor olacam. 1988-ci ildə Bakıya gəldim, İncəsənət İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti –N.M.) imtahan verdim, amma kəsildim. Moskvaya getdim, orada səkkiz ay inşaat məktəbində oxudum, diplomu alıb 1990-cı il yanvarın 18-də Bakıya qayıtdım. İki gün sonra 20 Yanvar hadisələri baş verdi. Yayda sənədlərimi yenidən İncəsənət İnstitutuna verdim, bu dəfə daxil oldum.

- Atanızın sizinlə bağlı arzusu nə idi?

- Məni hüquqşünas görmək istəyirdi. Amma sənətdə mənə maneə yaratmayacağını əvvəldən demişdi.

- Bunlar tələbəlik zamanı çəkilib. İnstitutda Rafiq Atakişiyev, Rafiq Əzimov, Oqtay Salamov, Lütfi Məmmədbəyli, Bəxtiyar Xanızadə kimi sənətkarlar bizə dərs deyib. Sənət yoldaşım Eyvaz, hazırda Sumqayıt Teatrında işləyən İlahə Səfərova, Tünzalə Əliyeva, uzun müddət “Lider” televiziyasında aparıcılıq edən Şahin Əliyevlə qrup, Rəfael İsgəndərov, Çoşqun Rəhimov, meyxanaçı Vüqar, Azər Axşam, Maqsud Məmmədovla “patok” yoldaşı olmuşuq.

“Yaşlaşdıqca daha sıx bağlanıram...”

- Kinoda debütüm “Etiraf” filmi oldu. Ssenari müəllifi Cəmil Quliyev, rejissor Şamil Əliyev idi. Bu, filmdən kadr deyil, çəkilişdən öncə istirahət vaxtı çəkdirmişik. Rasim Balayevi güllə ilə vurmaq istədiyim səhnəni çəkəcəkdik. Amma güllə ona yox, başqa birisinə dəyir...

- Filmdə qəhrəmanınız aldandığını çox gec başa düşür, bunun etirafı da asan başa gəlmir. Həyatınız, yaradıcılığınızla bağlı özünüzə hansısa etirafınız olubmu?

- “Pis sənət seçmişəm, gərək bunu etməyəydim...” kimi etirafdan söhbət gedə bilməz. Amma məyus qaldığım anlarım olub. O məyusluğu da dilimə gətirməmişəm. Mən hər hadisəyə olacaq bir şey kimi baxıram. Hər bir sınma anı başqa gücün əmələ gəlməsinə gətirib çıxarır.

Yaşlaşdıqca sənətimə daha çox bağlanıram. Mənə xəyanət etməyən, məni həmişə hörmətdə saxlayan, bir insan kimi formalaşdıran sənətimdir. On il bundan öncə bunu dərk etmirdim, amma yaş ötdükcə daha yaxşı anlayıram.

- On il öncəki müsahibələrinizi oxuyanda nə qədər aqressiv olduğunuzu hiss etdim.

- O vaxt deyə bilərdim ki, bu sənət məni bezdirib. İndi bunu demərəm...

- Bəlkə o vaxt başqa sənətlə məşğul ola biləcəyinizi düşünürdünüz.

- Elə hallar olub, amma bunu etməyə cəsarətim çatmayıb... İndi daha çox öyrənmək istəyirəm. Baxmayaraq ki, müəyyən təcrübələr var. Nə qədər ki, sağlamlıq imkan verir, öyrənməyə çalışacam.

“Məşhurluğun pis tərəfini gördüm”

- “İtkin gəlin”dən mənə qalan üç foto. Hicran xanım, Zemfira xanım, Kazım Həsənquliyev...

- İndi üçü ilə də Akademik Milli Dram Teatrında iş yoldaşısınız. Necə oldu, seriala çəkildiz?

- Tələbə idim, 3-cü kursda oxuyurdum. Rejissor Lütfi Məmmədbəyov mənim səhnə danışığı müəllimlərim idi. Həmin ərəfələrdə mənə həmin ssenarini verdi. İlk və yeganə işbirliyimiz onda oldu. Doğrusu, serialın efirdə yayımlanacağına bir o qədər də inanmırdım. Çünki o dövr çox qarmaqarışıq, çətin dövr idi.

- “İtkin gəlin”lə bir gecədə məşhurlaşdınız. Rayondan gəlmiş tələbə oğlana bu nə verdi?

- Yataqxanada qalırdım. Bir otaqda iki-üç nəfər yaşayırdıq. Camaat eşitmişdi ki, serialda oynayan aktyor bu yataqxanadadır. Bir dəfə də yuxudan təzə qalxmışdım, əynim başım səliqəsiz, otaq tör-töküntü, qapı açıldı, məni görmək istəyən adamlar içəri girdi. İlk dəfə məşhurluğun pis tərəfini gördüm və çox əsəbləşdim. Adətən, kiminsə səni tanımağı adama xoş gəlir. Üstəlik də gənckən...

Mən heç “İtkin gəlin”ə baxa bilmirdim, yataqxanada bir-iki otaqda televizor var idi. Qonşudan ancaq səsini dinləyirdim.

- “Hökmdarın taleyi” filmindəndir. Sisianovun tərcüməçisi rolunda çıxış edirdim. Çəkilişlərimiz yaxşı keçdi, bircə yayın cırhacırında geyim narahatlıq yaradırdı. Rejissorumuz Ramiz Fətəliyev idi. Çox hörmət etdiyim rejissordur. Bir çox işlərdə bərabər çalışmışıq.

“Barbados” adlı qısametrajlı filmdə məxsusu mənim üçün rol yazmışdı. Rusiyada filmə çəkilməyimə də onun köməyi dəydi.

- “Özgə vaxt” filminin çəkilişdən sonra qayalıqda komanda ilə çəkdirdiyimiz fotodur. Rejissor Hüseyn Mehdiyevlə işləmək çox maraqlı idi. Filmin ssenarisi Ramiz Rövşənindir. Ayan Mirqasımova ilə ilk tərəf-müqabili olduğum filmdir. Ayan xanım Moskvada təhsil almışdı, kinonun içində böyümüşdü. Ondan sonra Eldar Quliyevin “Nə gözəldir bu dünya”, Oktay Mirqasımovun “Günaydın, mələyim” filmlərində də tərəf-müqabil olduq.

Heç unutmuram, Ayanla dəniz səhnələrimiz çəkilməli idi. Bizi apardılar dənizə, sentyabrın axırı, ya da oktyabr idi, hava soyuqdu. Xatırlayıram ki, hər dəfə dənizə girib çıxandan sonra bizi spirtlə ovuşdururdular.

Ələddin Abbasov çox qayğıkeş, mehriban insan idi. “Dəli Kür”dəki Cahandar ağanın sərtliyinə rast gəlmək olmazdı Ələddin müəllimdə. Yadımdadır, filmin səsləndirməsində çox maraqlı, gülməli anlar yaşayırdıq. Hamı öz səsini səsləndirirdi, Ələddin müəllimin isə filmdə demək olar ki, sözü yox idi, çünki qəhrəmanı evin damından yıxılıb danışıq qabiliyyətini itirmişdi. Ona görə də iniltilər sayəsində etirazın müxtəlif formalarını nümayiş etdirməli idi. Ələddin müəllim o səsləri çıxaranda bizi gülmək tuturdu. Özü də bizə qoşulurdu. Deyirdi, mənim işim budur.

Ramiz Rövşənin çox zarafatçıl insan olduğunu o zaman gördüm. O cür şeirlər yazan insanın, sən demə, dəhşətli yumor hissi var imiş.

- Bildiyim qədər Ramiz Rövşənin şeirlərinə mahnı da bəstələmisiniz.

- 7-8 mahnı bəstələmişəm. İlk çəkiliş günü Hüseyn Mehdiyev böyük bir ziyafət verdi. Kollektiv yığışmışdı, Ramiz Rövşən də orada idi. Hüseyn müəllim bilirdi ki, mən gitarada ifa edə bilirəm. Mənə işarə elədi ki, get, gitaranı gətir. Gətirdim, Ramiz Rövşənin şeirlərinə bəstələdiyim mahnıları ifa etdim. Bu, Ramiz müəllim üçün çox gözlənilməz oldu. Ziyafət gecə yarısına qədər çəkdi. Sonra hamımız otaqlarımıza dağılışdıq. Amma yenə də məni otağa çağırdılar və yenə oxutdurdular.

“Acgöz idim”

- Teatrda ilk rolumu 1993-cü ilin dekabr ayında Gənc Tamaşaçılar Teatrının səhnəsində “Səsin sehri” tamaşasında oynamışam. Müəllifi Tahir Kazımov, rejissoru Ağakişi Kazımov idi.

“Etiraf”da, “Fəryad”da çəkiləndən sonra özümü kinoaktyor hesab edirdim. Teatrda işləmək nədir, heç bu barədə fikirləşmirdim də. Rejissor Loğman Kərimov o zaman Gənc Tamaşaçılar Teatrının rəhbəri idi, dəhlizdə mənə yaxınlaşıb dedi, teatrımıza gənclər lazımdır, bəlkə gəlib işləyəsən? Düşündüm ki, bir-iki ay işləyib çıxaram. Axı, mən kinoaktyoram. Gəldim, teatrın sehrinə düşdüm, gördüm teatr çox ciddi bir yer imiş. Rollar verdilər, ilişib qaldım. Səhnə mənə çox maraqlı gəldi.

- O qədər rollar oynadınız ki, bəzi illər teatrda ən çox rol oynayan aktyor oldunuz.

- Əvvəllər çox olurdu. Rus və Azərbaycan sektorunda eyni vaxtda işləyirdim. İldə səkkiz tamaşa təhvil verilirdisə, hamısında vardım...

- Təkliflərə yox deyə bilmirdiniz yəqin...

- Həm yox deyə bilmirdim, həm də acgöz idim. Mənə elə gəlirdi ki, bu rolu da, o biri rolu da oynaya bilərəm. Enerjim çox idi, bilmirəm bunu necə izah edim. İndinin özündə belə iki teatrda işləyirəm. Düşünürəm ki, bu, yaxşı mənada acgözlükdür.

Hərdən qeyri-adi vəziyyət də yaranırdı. Həmkarlarım bunu bilir. Sizə bir hadisə danışım. İngilis rejissorunun hazırladığı “Lineyn trilogiyası: Gözəllik kraliçası” tamaşasının baş məşqi ilə “Azdrama”da oynadığım “Şah Qacar” tamaşası eyni günə təsadüf etdi. “Şah Qaçar”da tamaşanın bircə əvvəlində səhnəyə çıxıram, “Gözəllik kraliçası”nda isə oyunum tamaşanın ortasında başlayır. Elə planlaşdırdıq ki, mən “Azdrama”da tamaşanın əvvəlində görünüb, sonra Gənc Tamaşaçılar Teatrına qaçıb, oyunumu oynayıb, yenidən “Azdrama”ya qayıdıb təzim üçün tamaşaçıların qarşısına çıxacam.

Deməli, “Şah Qacar”dakı oyunumu oynayıb elə o geyimdə taksiyə oturub gəldim Gənc Tamaşaçılar Teatrına. Geyimini birtəhər qaydaya saldım, amma şalvarı dəyişə bilmədim, elə də rejissorun qarşına çıxdım. İngilis rejissor Yan dəhşətə gəlmişdi. Onun hətta mənə yazığı gəlirdi. Çünki İngiltərədə aktyor bir proyektdə çalışırsa, ilboyu onunla məşğul olur. Amma mən ona deyəndə ki, “Azdrama”da iki məşqdəyəm, sonra burdayam, ardınca seriallara tələsirəm, o dəhşətə gəlirdi.

- Səhv xatırlamıramsa tamaşadakı söyüş səhnələrinə etiraz etmişdiniz?

- Mən yox... Mənim kompleksim yoxdur. Peşəm gərəyi nə lazımdır, onu etməyə çalışıram. Bizim tamaşaçılar söyüşə yaxşı münasibət göstərmirlər. Amma Yan istəyirdi ki, müəllif nə yazıbsa, hamısı tamaşada göstərilməli və deyilməlidir. Öpüşmə səhnələri var idi, biz onu da yerinə yetirdik.

- “Hamlet” tamaşasından fotolar gözümə dəymədi.

- Təəssüf ki, o tamaşadan fotolar yoxdur.

- O tamaşada başınıza iş gəlmişdi. Fuad Poladov ayağınızı necə sındırmışdı?

- Tamaşada Fuad müəllim Hamleti, mən Laerti oynayırdım. Qarşılıqlı qılınc döyüşdürmə səhnəmiz vardı. Qılınc yerinə rapiradan istifadə etməliydik, amma çox keyfiyyətsiz idi. Premyeraya bir gün qalmış məcbur olub kinostudiyadan çox yekə, ağır qılıncları gətirtdik. Onların də təxminən 10 kilo çəkisi vardı. Ona görə məcbur idik ki, iki əlli vuruşaq. O qılınclarla cəmi bir dəfə məşq edə bildik. Premyera günü gəlib çatdı, döyüş tamaşanın sonunda idi. Fuad müəllimlə biraz döyüşdük, necə oldusa qılınc ayağıma dəydi. Hiss etdim ki, bu, adi zərbə deyil, çökməyə başlayıram, tamaşaçılardan da “oh” səsi eşitdim. İsti-isti heç nə başa düşə bilmədim, tamaşanı başa vurduq. Təzimə çıxanda gördüm axsayıram. Pərdə bağlananda isə uzanmışdım, yerimdən dura bilmirdim. Ayağım şişdi. Sonra Azər müəllim məni maşına otuzdurub xəstəxanaya apardı. 20 gün gipsdə qaldım.

“Azdrama”da kirayədə qalırdım, otağım da balaca idi, Gənc Tamaşaçılar Teatrının kollektivi gördü ki, orada mənə heç kim qulluq etmir, gətirdilər məni bura. Otaq ayırdılar, qulluq etdilər, sağ olsunlar. “Azdrama”dan aktyorlar, eləcə də Fuad müəllim bir neçə dəfə mənə baş çəkdi. Səhnədə belə hadisələr olur, Fuad müəllimin günahı yox idi, bəlkə səhv məndə idi ki, yaxşı müdafiə olunmadım.

“Azdrama”da fəaliyyətim 2002-ci ildə “Hamlet”lə başladı. Əvvəlki “Hamlet”də Laerti Kamal Xudaverdiyev oynamışdı. Məni tamaşada görəndən sonra yaxınlaşıb soruşdu ki, 60-cı illərdə geyindiyim Laertin kostyumu sənə niyə verməyiblər. Get geyim sexinə, soruş. Getdim, o kostyumu tapıb mənə verdilər.

- Məsləhət verənlər çox olub, yoxsa iradı olanlar?

- Sənətə təzə gələndə məsləhətə çox böyük ehtiyac olur. Mən oynadığım hər rolda yüz faiz dəyişmək istəmişəm. Elə tamaşalar olub ki, orda məni tanıya bilməyiblər. Rafiq Əliyevin hazırladığı “Nəsrəddin” tamaşasında Gənc Tamaşaçılar Teatrını yaradan Məmmədağa Dadaşovun dublyoru idim. Gənc olmağıma baxmayaraq tamaşada qoca kişini oynayırdım. O tamaşaya baxan həmkarlarım məni tanımamışdılar. Çünki səsimi, yerişimi, hər şeyi dəyişmişdim.

- Hansı obrazın hazırlıq prosesindən çox zövq almısınız?

- Teatra ilk gəldiyim dönəmlər idi. Gecəyə qədər yatmırdım. O vaxt bütün günü rolumla bağlı axtarışlar edirdim. Fikirləşirdim ki, sabahkı məşqə hansısa detalı əlavə edəcəm və rejissor baxıb buna qiymət verəcək. Hətta elə olurdu ki, müxtəlif detallar tapırdım, amma hamısını eyni vaxtda təqdim etmirdim. Hər gün birini göstərib, rejissoru təccübləndirmək istəyirdim. Çalışırdım ki, tamaşanın premyerasına qədər o yeniliklərim bitməsin. Xüsusən də uşaq tamaşalarında fantaziyanın kanalları açılır.

- Gecə yatmayıb məşq etdiyim rollarımdandır.

- Bəs son zamanlar yaratdığınız obrazların məşqindən elə ləzzət almırsınız?

- Dövrümüz çox sürətlidir. Hər şeyi sürətli etməlisən. İndi tamaşaların hazırlığı qısa çəkir.

- Mənə elə gəlir ki, siz dövrə, mühitə sürətlə uyğunlaşırsınız. Bəs bu prosesdə sizi bezdirən, yoran məqamlar olmur?

- Məni bezdirən çox yerə parçalanmağımdır. Seriala gedirəm, iki teatrda məşq edirəm... Bu mənim bir nöqtəyə köklənməyimə mane olur. Dövr tələb edir ki, qaçasan. Göstərməlisən ki, bax, qaça bilirəm...

- Hansı dövrünüz üçün darıxırsınız?

- Keçmişlə yaşamaq istəmirəm. Gələcəyə baxıram. Fikirləşirəm ki, ən yaxşı yaradıcı hadisə gələcəkdə olacaq.

“Gülüşünü bəyəndim”

- Yoldaşım Rəşadət xanımla toy fotolarımızdır. 2002-ci ildə ailə qurduq. Aktyor Vüsal Mehrəliyev sağdış idi.

- Neçə yaşınız var idi?

- Mən 32 yaşında ailə qurdum. Bizi dostum Şahin tanış etmişdi. Rəşadət Şahinin həyat yoldaşının bacısı idi. Bir günə məni və dostumuz Eyvazı evlərinə qonaq çağırdı. Rəşadət də orada idi. Gülüşünü çox bəyəndim və xatirimdə də qaldı. Sonra Şahindən onu xəbər aldım. Bir neçə dəfə görüşdük, sonra evlənmə təklif etdim. O məndən belə bir təklif gözləmirdi. Həm özü, həm ailəsi bir az ehtiyatla yanaşdılar. Amma sonra hər şey yaxşı oldu.

- O vaxta kimi niyə evlənmirdiniz?

- Bu barədə düşünmürdüm. Çox şanslar oldu. Hətta evi olan qızla da qarşılaşdım. Amma meyl eləmədim, başım işlərimə qarışmışdı. Evdə mənə təzyiq edirdilər, tətil vaxtı rayona gedəndə hamı soruşurdu, mən də özümü pis hiss edirdim. Təzyiq olmasaydı, bəlkə hələ də subayıdım...

- Deməyin ki, ancaq təkidlərə görə evləndiniz.

- İki kiçik qardaşım vardı, məni gözləyirdilər. Həm də həyatıma dəyişiklik lazım idi. Subaylıqdan ayrıldım, balaca, darısqal otaqlardan çıxdım. Evlənəndən sonra fərqli həyat başladı. Sonra uşaqlar doğuldu, başqa bir aləmə düşdüm. Artıq özüm haqqında düşünmürdüm. Elə onda da musiqiyə stop dedim. Musiqi ilə niyə daha çox məşğul olurdum? Çünki təklik musiqiyə, musiqi də yaradıcılığa daha təkan verir. Tütəyim hələ də çantamda qalır...

- Övladlarım Nigar, Rüstəm, Rəşid... Yataqda şəkillərini mən çəkmişəm. Həmişə evə tələsirəm, çünki qalan vaxtımı övladlarımla keçirmək istəyirəm.

Rüstəm pianinoya gedir, amma bu onun üçün əzabdır. Müəllimi deyir ki, barmaqları çox qəşəngdi. Çox nadir hallarda oğlan uşaqlarında belə barmaqlar olur. Bəzən uşaqlıqda pianinoda ifa etmək istəmirsən, amma sonra öyrəşirsən. Fikirləşirik ki, nə vaxtsa Rüstəmin də həvəsi yaranacaq.

Mənsə pianinoda həvəskar ifa edirəm. Tütəkdə Motsartın “40-cı simfoniyası”nı çala bilərəm. Heç kimdən dərs almamışam, sadəcə yaxşı duyumum var. Svetlana adlı bir bəstəkar tütəkdə ifa etdiyim “40-cı simfoniya”ya qulas asandan sonra dedi, ola bilməz ki, sən not bilməyəsən. Amma doğurdan da mən not bilmirəm. Sadəcə musiqini sevirəm, ruhumla, vücudumla ifa edirəm.

Elşən bəy çantasındakı tütəyi çıxarıb həm bizim, həm də sizin üçün “Sarı gəlin”i ifa etdi.


Müəllif: Nәrmin Muradova, Elçin Murad