29 Dekabr 2017 15:16

“Bir gün Həsən Seyidbəylinin evinə getmişdim, həyat yoldaşı, qızı evdəydi. Kinostudiyadan gəlirdim, səhər yeməyinin üstündə idim, evdən qəşəng tənək dolmasının ətri gəlirdi. Mənə təklif elədi ki, qal bizimlə, yemək ye. Utandım. Ssenarini götürüb, evdən çıxmaq istəyəndə dönüb bir də Həsən müəllimə baxdım. Sonralar Həsən müəllim müsahibələrində dedi, Xalidə onda mənə elə baxdı ki, Fatimə rolunu başqasına verə bilməzdim”.

Bunu əməkdar artist Xalidə Quliyeva “Nəsimi” filmindən danışarkən etiraf edir bizə... “Danışan fotolar”ını əlimizə alıb, uzaq, yaxın keçmişi xatırlayırıq. O danışır, biz qulaq asırıq. Sənət fəaliyyətində dərin izlər buraxmış sənətkarları yad etdikcə necə kövrəldiyini də görürük, kino industriyamızın indiki durumu ilə bağlı narazılığını dilə gətirəndə hiddətini də...

Oxumağımı istəmirdi

- Bakıda doğulmuşam. Altı uşaq olmuşuq: dörd bacı, iki qardaş. Mən ailənin ikinci uşağı idim. Atam “Neftayırma” zavodunda fəhlə işləyirdi, anam isə evdar qadın idi. Anamı on yaşında, atamı isə 17 yaşında itirdim. İnstituta daxil olan ili atam dünyasını dəyişdi. İstəmirdi instituta daxil olum, deyirdi, fiziki baxımdan zəifsən, oxuya bilməzsən. Mən isə təhsilimi davam etdirdim. İncəsənət İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti - N.M) daxil oldum.

- Tələbə adını qazananda valideynlərinizi itirmişdiniz, öhdəliyinizdə də beş uşaq. Necə dolanırdınız?

- Çox çətin idi. Əsasən atamın pensiyası ilə dolanırdıq. Dərslərimə gedib, teatrda işlərimi bitirəndən sonra evə qaçırdım. Sənətə çox baş qoşmamağımın səbəbi də bu idi. Tez evə gəlirdim, bacı-qardaşlarımın yanında məsuliyyət hiss edirdim, ona görə sənət adamları ilə çox təmasda olmamışam.

- Məktəb şəkillərindəndir. Uşaqlığımın yarı hissəsi NZS deyilən qəsəbədə keçib. Məktəbə də elə orada getmişəm. Dərslərimi yaxşı oxuyurdum, çox çalışqan, fəal uşaq idim. Elə məktəbli ikən Məmmədkamal Kazımovun Xalq Teatrına yazılmışdım. Üstəlik məktəbdaxili teatr dərnəyinin tamaşalarında da çıxış edirdim.Sonralar isə Lütfi Məmmədbəyovun Xalq Teatrında tamaşalarda çıxış etməyə başladım.

Kino mənim üçün xəyal idi

- Teatrı sevirəm. İnstituta daxil olan ili bizi kino, dram aktyorluğu şöbələrinə ayırdılar. Məni kino aktyorluğuna göndərdilər. O şöbənin də rəhbəri Adil İsgəndərov idi. Sizə deyim, mən hətta kinostudiyada açılan teatr studiyasında da tamaşalarda səhnəyə çıxmışam. Tamaşamız Azdramda göstəriləndən sonra Tofiq Kazımov, çox sonralar Həsən Turabov məni teatra dəvət etmişdi. Həm kinostudiyada işləyirdim, həm də kinonu daha çox sevirdim. Mənim üçün teatr əlçatan yer idi, kino isə əlçatmayan. Xəyal və maraqlı...

- İnstitututda oxuya-oxuya Tədris Teatrında işləyirdim. Teatrın bədii rəhbəri Vaqif İbrahimoğlu idi. Görün kimlər var burda: Hüseynağa Hadıyev, Eldəniz Zeynalov, Telman Adıgözəlov, Rəhman Bədəlov, Vaqif İbrahimoğlu və başqaları. Dörd ilə yaxın o teatrda çalışdım.

- Tələbə yoldaşlarım və kurs rəhbərimiz Elmira Şabanova. Müəllimlərinə görə özümü çox şanslı hesab edirəm. Onlar bizə yalnız sənəti aşılamırdılar, həm də bizi fərd kimi yetişdirirdilər.

- Burda səhv etmirəmsə, 17 yaşım var və kinostudiyada sınaq çəkilişləri üçün çəkilib. Məni kinostudiyaya qohumumuz Səməd Lazımov gətirib. O bir çox filmlərdə rejissor assistenti işləyirdi. Məktəbdə oxuyurdum, “O qızı tapın” filmi çəkilirdi. Səməd Lazımov filmin kütləvi səhnələrinə məni də dəvət etdi. Filmin əvvəlində yağışlı havada camaatın avtobus gözləməsi səhnəsində oynamışam. Dedilər, avtobusun qabağına qaçmalısınız. Qaçıb avtobusa birinci çatan mən idim. Necə qaçmışdımsa, az qaldı maşın məni vursun. Bu, mənim kinoda ilk çəkilişim oldu. “Oxuyur Müslüm Maqomayev” filmində də çəkilmişəm. Körpünün üzərində Müslüm bəyi salamlayan itanyan qızlarının cərgəsindəydim.

- “Çətirimiz buludlardır” filmindəndir. Mövlud Süleymanlının ssenarisi əsasında çəkilib. Elbrus dağının başına qalxıb, orada çəkdirmişdik bu şəkli. Hava soyuq olsa da, üşümürdük. Bu da mənimlə şəkil çəkdirmək istəyən kənd adamı.

- “Filaminqo qızıl qazdır” filmindəndir. Rus aktyoru İvan Rıjov, Həsən Məmmədov və mən. Məhz bu filmi təqdimatda görən və rolumu bəyənən Həsən Seyidbəyli məni “Nəsimi” filminə dəvət etmişdi.

Dəvət çox qəribə oldu. Auditoriyada əyləşmişdim, qapı döyüldü Əşrəf Mamayev içəri girdi. Dedi, Həsən Seyidbəyli Xalidəni görmək istəyir. Həsən müəllim o vaxt Kinoittifaqın sədri idi. İnstitutdan icazə alıb, Həsən müəllimin yanına getdim. Onunla ilk görüşümüz idi, mənə çox mülayim, mehriban təsir bağışladı. O dövrlərdə çox qəribə xasiyyətim var idi: çox utanqaç, qaraqabaq, qaradinməz idim. Geyimlərim də xasiyyətimə uyğun olaraq qara və boz rəngli olardı. Uzun hörüklərim vardı. Həsən müəllim dedi “Nəsimi” filminə başlayacam, istəyirəm ssenarini oxuyub, hansı rolu oynamaq istədiyini mənə deyəsən. Evə gəldim, oxudum, özümə gələ bilmədim. O qədər insanın içində Nəsiminin dərisinin soyulmasına və heç kimin qabağa çıxıb onlara mane olmamasına qarşı içimdə böyük etiraz baş qaldırdı. Nəsiminin faciəvi ölümü mənə çox pis təsir etmişdi, səhərə qədər ağlamışdım. Səhər dərsə getmədim, gözlərim şişkin vəziyyətdə birbaşa Həsən müəllimin yanına gəldim, dedim, Fatiməni oynamaq istəyirəm. Dedi, elə onu sənə verəcəkdim.

Heç yadımdan çıxmır, bir gün Həsən Seyidbəylinin evinə getmişdim, həyat yoldaşı, qızı evdəydi. Kinostudiyadan gəlirdim, səhər yeməyinin üstündə idim, evdən qəşəng yarpaq dolmasının ətri gəlirdi. Mənə təklif elədi ki, qal bizimlə yemək ye. Utandım. Ssenarini götürüb, evdən çıxmaq istəyəndə dönüb bir də Həsən müəllimə baxdım. Bir dəfə Həsən müəllim müsahibələrində dedi ki, Xalidə onda mənə elə baxdı ki, Fatimə rolunu başqasına verə bilməzdim.

Filmin çəkilişinə qədər üç ay hazırlıq prosesi və məşqlər oldu. Məşqlərimizi də Kinoittifaqda edirdik.

Azərbaycan kino sənəti deyəndə ilk növbədə Həsən Seyidbəyli yada düşür. O həm ssenarist, həm rejissor, həm təşkilatçı idi, kinonu çox gözəl bilirdi. Azərbaycan kinosuna neorealizm cərəyanını gətirdi, həyatabənzər kino estetikasını yaratdı.

Onlar Rasim Balayevi istəmirdilər

- Siz gələndə artıq Rasim Balayev təsdiq olunmuşdumu? Bildiyim qədər Nəsimi roluna Əbdül Mahmudbəyovun da çəkilmə ehtimalı var idi.

- Elədir, Rasim Balayev Şeyx Əbdüllə Nəsimi roluna namizəd idi. Amma Həsən Seyidbəyli Rasim Balayevi bəyənmişdi. O dövrdə Mərkəzi Komitənin kino çəkilişlərinə çox böyük təsiri var idi. Onların göstərişi çox vaxt yerinə yetirilirdi. Tanıdıqları adamlar və s. Və onlar Rasim Balayevi istəmirdilər. Amma Həsən müəllim kompromisə getmədi. Sonrakı hadisələr təsdiq etdi ki, onun seçimi düz idi. Rasim Balayev həm faktura kimi çox maraqlı, həm də istedadlı idi. Həsən müəllim Rasimi də məni də Azərbaycan kinosuna kəşf etdi. Beləliklə, bizim yaradıcılığımızda yaşıl işıq yandı. Ard-arda filmlərə dəvət olunduq. Məhz “Nəsimi” filminə baxan Rasim Ocaqov məni “Tütək səsi” filminə sınaqsız dəvət etdi.

Yadımdadır, “Nəsimi”dən doqquz yüz manat qonorar almışdım. Ən çox qonorar aldığım film idi. O pula evə paltar dolabı aldım. O pul həm də mənim kinodan qazandığım ilk qonorar idi. Bir gün zəng edib, məni mühasibatlığa çağırdılar. Dedilər, sənədə imza atmalısan. Fikirləşdim, görəsən nə sənədidir. Getdim, dedilər doqquz yüz manat qonorar alacaqsan. Dedim, çəkilişə görə pul da verirlər? Şoka düşmüşdüm. Çəkilmək ruhun qayğısıdır, bunu pulla ölçmək nə dərəcədə düzgündür. Necə saf olmuşam...

Elə bilirdilər öz saçımdır

- Başımdakı parikdir. Mən saç vurğunuyam. Saçlarım həmişə uzun olub. “Nəsimi”ni çəkilişlərində qrimyor Valodya bir dəfə Həsən müəllimə saçlarımı göstərib “Bunu kəsəcəyik də” soruşdu. Həsən müəllim üzümdə nə dəyişiklik gördüsə, dedi, qızın bir telinə də əl vurmursan, parik düzəldəcəksən. Saçımı özbək qızlarının saçları kimi bir-bir hördülər, indi o saç düzümü dəbdədir - başıma doladılar, sonra parik geyindirirdilər. Çoxu elə bilirdi ki, qısa saç öz saçım idi.

“Nəsimi” çox böyük zəhmət hesabına başa gəldi. Zəhərlənmələr, günvurmalar, atdan yıxılmalar çox oldu. Bütün bu əziyyətlərə baxmayaraq, “Nəsimi” ən rahat çəkildiyim, ruhuma uyğun gördüyüm iş idi. Qalın paltarlar, əlbisələr, yun corablar, ayaqqabılar, at belində... Bəlkə bu o dövr üçün böyük hadisə deyildi. Doğurdan da bizim kinonun səviyyəsi o vaxtlar çox yüksək idi. İndi bir atı tapanda, maşın əldə edəndə belə çox böyük əziyyət çəkirik.

Bu filmdə peşəkar rejissor, peşəkar ssenarist, peşəkar operator var idi. Bunlar mühim şərtdir. Bu gün niyə belə səviyyədə filmlər çəkilmir? Hər dəfə filmlərimizə baxanda ya qrimdə, ya işıqda, yaxud operator, rejissor işində səhv görürük. Peşəkar kadrlarımız çox azdır. Gənclərimiz mütləq xaricdə təhsil almalıdır.

Doğrudur, bu gün filmlər çox çəkilir. Hamı dəridən-qabıqdan çıxır. Ən böyük əziyyət də maliyyə baxımındandır. Hazırda maliyyə yoxdur. Hardansa nəsə tapıb film çəkirlər, bunun nəticəsi nə olacaq? Bir günlük, bir illik film. Tarixə düşəcək, kino sənətinə uyğun, sənətə bənzər filmlər demək olar ki, yoxdur. Sevindirici hadisə o oldu ki, bir neçə il əvvəl sənətə bənzər kino estetika ilə “Nabat” filmi çəkildi.

Bir dəfə kino ilə maraqlanan uşaqlarla birgə kinoteatra getmişdik. Repertuarda iki Azərbaycan filmi nümayiş olunurdu. Biri “Nabat”, biri adını çəkmək istəmədiyim kommersiya filmlərindən biri. Kassaya yaxınlaşıb on bilet aldım, bizdən başqa heç kim bu filmə bilet almamışdı. Amma birdəfəlik istifadə üçün çəkilən filmin növbəsində qırğın gedirdi. Yəqin başa düşdünüz, nə demək istəyirəm. Bu gün Azərbaycan kinosunda bunlar baş verir. Təəssüflər olsun.

- Bu Hüseyn Mehdiyevin çəkdiyi “Dədə Palıdın nağılı” filmindəndir. Fotoda Həsən Məmmədov, mən, Hüseyn Mehdiyev və Fərəməz Məmmədov var. Nərgiz rolunda oynayırdım. Həsən müəllim filmdə atamı canlandırırdı. Bu səhnədə atamı qucaqlayıb şəhərə getməsi üçün yalvarırdım.

Ocaqov bir səhnəni doqquz, on dubla çəkirdi

- Rasim Ocaqovla birgə “Tütək səsi” filmi ilə Beynəlxalq Film Festivalına getmişdik. Festival iştirakçı ilə belə bir kollektiv şəkil çəkdirdik.

Rasim müəllim çox tələbkar rejissor idi. Bir səhnəni doqquz, on dubla çəkirdi. Sonra montajda onları seçmək zülm olsa da, əvvəldən işini ehtiyatlı tuturdu.

Qusarda bir səhnəni çəkirdik. Deməli, Milli yolda Tapdığı görüb, arxasınca qaçıb, ona çörək tapdığını xəbər verir. Həmişə də ona qəzet gətirir. Müharibə dövrü, xəbərləri hamı səbirsizliklə gözləyir. Bu dəfə Milli Tapdığa gileylənir ki, keçən dəfə də siqaret çəkib, qəzeti eşmisiniz. Qəzeti verir, ardınca da cibindən manpasını çıxarıb Tapdığa uzadır. O götürmür, Milli də manpasını özü yeməyə başlayır. O da gedər nəfəs boruma, başladım boğulmağa, Rasim müəllim çəkilişi dayandırdı. Ağ kağız kimi ağarmışdı. Xeyli vaxtdan manpasını nəfəs borumdan çıxartdılar. Rasim müəllim çəkilişi o gün tamamilə dayandırmaq istəyirdi, razı olmadım, dedim, çəkiləcəm. Çünki çəkilişin dayanmağı iki-üç min ziyan demək idi. İstəmirdim ki, mənə görə bədxərclik olsun.

- Bildiyim qədər, Mixail Volontirin oynadığı Cəbrayıl roluna Rasim müəllim daha əvvəl Şahmar Ələkbərovu çəkmək istəyib. Amma Moskva Rasim müəllimin bu seçimi ilə razılaşmayıb. Bu barədə məlumatınız varmı?

- Bunu bilmirdim. Rasim Ocaqov filmlərinə həmişə xaricdən aktyor dəvət etmək arzusunda olub. Çox kosmopolit adam idi, millətçi deyildi. Onun üçün bütün insanlar bir millətə mənsub idi. O gürcü aktrisası Liya Eliavanı çox bəyənirdi. Məqam çatan kimi filminə dəvət etdi, “Tütək səsi”ndə Sayalını oynadı.

Necə ola bilər ki Şahmarı Moskva təsdiq etməsin. Şahmar kimi qüdrətli kino aktyoru çox az tapılardı. Düzü, buna inanmağım gəlmir. Bizim o vaxt da indi çox güclü aktyor potensialımız var. Sadəcə, oynamağa yaxşı material lazımdır.

- “Bakıda küləklər əsir” filmindəndir. Rejissor Muxtar Dadaşov çəkmişdi. Bu epizodlarda bizi güllələyirdilər. Çox sevdiyim şəkildir.

Məcid Məcidi bizimlə görüşə gəlmişdi

- Böyük rejissor Məcid Məcidi, aktrisa Gülzar Qurbanova və mənəm. Həsən Nəcəfinin rejissoru olduğu filmə çəkilmək üçün İrana getmişdik. Məcidi qaldığımız otelin qarşısında görüşdük, bu da yadigar fotudur.

İndi də qocalığını sevirəm

- Eldənizlə Lütfi Məmmədbəyovun dram dərnəyində tanış olmuşdum. Atam rəhmətə gedəndə bizə gəldi, kollektiv yığdıqları pulu gətirdi, ondan sonra bir-birimizə bağlandıq. Sonra bir dəfə qar yağanda çörək, tort alıb gətirmişdi. 23-24 yaşımda ailə qurdum.

- Hansısa tamaşada qarşılıqlı oynamısınızmı?

- “Qanlı toy” tamaşasında o bəyi, mən gəlini oynayırdım. Sevib ailə qurduq. Ailəsi də məni necə var elə qəbul etdi.

Ailəyə çox bağlıyam. Düşünürəm ki, qadın üçün ailə həmişə ön planda olmalıdır. Ailədəki boşluğu sənətlə doldurmaq olmur. Eldəniz iki-üç günlük harasa gedəndə ev mənə o qədər mənasız görünür ki... Heç yemək bişirmək istəmirəm.

Eldənizlə birləşməyimiz sevgi üzərində olub. Amma müəyyən dövr keçəndən sonra bu hislər daha da artır, övladlar dünyaya gəlir, onlar “ata” deyəndə sevgim yenidən oyanır. Müəyyən vaxt keçəndən sonra nəvələr dünyaya gəlir, nəvələr ona “baba” deyəndə sevgim yenidən oyanır. Mən onu ər, ata, indi də baba kimi çox istəyirəm.

- Hər dəfə bəhanə tapıb sevmisiniz ki...

- Amma bir sevgi də var... Bütün bunları yaşamalısan ki, sevgin ölməsin. Bir yerdə qocalmalısan. İndi də qocalığını sevirəm.

- Hansı məqamda uzlaşa bilmirsiniz?

- Əsasən məişət mövzularında... Onlar da xırda məsələlər olur. Əlbəttə fikir ayrılıqlarımız da olur. Çünki o kişi, mən qadınam. Qadınla kişilərin fikirləri də çox zaman fərqli olur.

- Ev işləri ilə arası necədi, sizə kömək edirmi?

- Elə gözəl özbək aşı bişirir ki... Kərə yağında, quzu əti, quyruğu ilə birgə padşahlara layiq aş olur. Eldəniz çox evcanlıdır.

- Bu şəkildə övladlarımız, nəvələrimizlə birgəyik. Oğlum əvvəl İqtisad Universiteti bitirdi, sonra rejissor ixtisası üzrə təhsil aldı. İndi tamam başqa sahə ilə məşğul olur. Avropada Universitetlərin birində təhsil aldı, hazırda Praqada yaşayır, işləyir. Bu il böyük nəvəmi də onun yanına göndərdik. Orta məktəbi orda oxuyacaq. Qızım Afaq ingilis dili müəlliməsidir. Uşaq vaxtı mənimlə birgə çəkilişlərə gedirdi. Filmlərə də çəkildi. “Asif, Vasif, Ağasif”, “Qoca palıdın nağılı”nda isə qızım rolunda oynayıb. Amma aktrisa olmaq istəmədi.

Düz yaşamaqdan əzablı heç nə yoxdur

- 1978-ci ildən SSRİ kinoittifaqının üzvü idim. Həm ittifaqın üzvü, həm də təyinatım kinostudiya ola-ola, məni ora işə götürmürdülər. O vaxt Adil müəllim rəhmətə getmiş, Cəmil Əlibəyov kinostudiyaya direktor gəlmişdi.

- Qəribədir, çox sənətkarlar o dövrü və Cəmil Əlibəyovu heç yaxşı xatırlamırlar.

- Mən heç nə demək istəmirəm. Onu bilirəm ki, Moskvaya ərizə yazdım, ordan Azərbaycana təcili teleqram göndərdilər, məni kino idarəsinə dəvət etdilər. Onda idarə Nizami Kino Mərkəzində yerləşirdi. Dedilər, sizi kinostudiyaya işə qəbul edəcəklər, narahat olmayın. Dedim, narahat deyiləm, məni işə götürməsəniz, mən yenə də Moskvaya yazacam. Bir həftənin içərisində əmrim verildi. Ondan sonra mənim kinoya çəkilişlərimdə maneələr artdı.

90-cı illərə qədər filmlərə çəkildim, sonra kinoda durğunluq dövrü başladı. Film demək olar ki, çəkilmədi, aktyorlar fəaliyyətsiz qaldılar.

Məni nə xilas etdi? Mən daha çox ailəmə bağlandım, fikrimi ona yönəltdim və buna heç də peşman deyiləm. İnanın, düz yaşamaqdan çətin, əzablı bu həyatda heç nə yoxdur. Onu da bacardım, bacarıram da.

Son illər bir neçə serialda və filmlərdə oynadım. Bir sözlə, fəaliyyətim davam edir.


Müəllif: Nәrmin Muradova, Elçin Murad
Загрузка...