9 Yanvar 2018 16:54
1 608
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki fəndən akademik borcu olan tələbə ali təhsil müəssisəsindən qovula bilməz. Tələbələrin ali məktəbdən xaric olunmasına gətirən səbəblər 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanunla, demək olar ki, yox dərəcəsindədir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov 2 fəndən akademik borca görə univerisitetdən xaric olub-olmamağın mümkünlüyü barədə danışarkən deyib.

Ekspertin sözlərinə görə, bu proses bəzi şərtlər daxilində baş verə bilər: “Tələbə öz arzusu ilə başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən), növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda ali məktəbdən xaric edilə bilər.

Bundan əlavə, ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, xaric olunanlar isə öz ixtisası üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər”.

Kamran Əsədov əlavə edib ki, ali təhsil müəssisələrinin daxili nizamnaməsinə uyğun olaraq, bəzi hallarda tələbələrin üçdən artıq kəsiri olanda, ümumiyyətlə, dərsə gəlməyəndə və könüllü şəkildə universitetdən çıxanda, təhsillərini ayrı-ayrı xarici universitetlərdə davam etdirəndə onların xaric edilməsi barədə qərar qəbul edilə bilər:

“Lakin bu barədə tələbəyə və onun valideynlərinə 2 dəfə 3 ay əvvəl məlumat verilməlidir. Çünki tələbə təhsil müəssisələrinə qəbul olunduqdan sonra onunla müqavilə imzalanır. Həmin müqavilədə bütün şərtlər göstərilir”.

Qeyd edək ki, Məlik Cahan kimi tanınan gənc şair Məlik Cahangirovun intihar etdiyi deyilir. Təhsil haqqını vaxtında ödəmədiyi üçün oxuduğu universitetdən qovulmaq təhlükəsi ilə üzləşməsi intiharın ilkin səbəbi kimi göstərilib.

Universitetdən isə bildirilib ki, Məlik Cahangirov 2013-2014-cü tədris ilində ADPU-nun Tarix və coğrafiya fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisasına qəbul edilib. 2016-2017-ci tədris ilində IV tədris ilinin 401-ci qrupunun tələbəsi olub. 2 fəndən akademik borcu olduğuna görə 22 dekabr 2017-ci il tarixli 2/223 saylı əmrlə ADPU-dan xaric edilib.

Məlik Cahangirovun ötən ilin sentyabr ayından bu yana ADPU ilə heç bir əlaqəsi olmayıb.


Müəllif: Şəfiqə Nazimqızı