17 Yanvar 2018 09:44
5 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan teatrının travesti aktrisası (balaca oğlan rolları oynayan aktrisa-red.), əməkdar artist Almaz Mustafayeva ilə görüşümüz uzun illərdir çalışdığı Gənc Tamaşaçılar Teatrının qrim otağında baş tutdu. Yeni tamaşanın məşqi gedirdi, fasilədən istifadə edib görüşmüşdü bizimlə.

Gözəl gülüşlü aktrisa ilə söhbətə əlimizə keçən məktəb şəkli ilə başladıq.

“Məni kinostudiyadakı kurslara atam yazdırdı”

- Bu foto məktəbdə oxuyan zaman çəkilib. Oturanların arasında sağdan üçüncü mənəm.

- Saçlarınız burda qısadır, indiki kimi...

- Saçım tez uzanırdı, bezirdim. Anamı yola gətirəndə tez kəsdirirdim... Amma teatra gələndə, elə sonrakı illərdə də səhnəyə uzun saçlarla çıxırdım. Həyat yoldaşım Vaqifin mənə ürəyi yandı, dedi, uşaqlar balacadı, uzun saç da bir tərəfdən işini çətinləşdirir, get, kəsdir. Balaca oğlum Tural dedi, saçını kəsdirsən səninlə danışmayacam. Amma kəsdirdim.

- Bayaqdan baxıram, valideynlərinizin fotolarını görmürəm.

- Təəssüf ki, o fotolar indi məndə deyil, qardaşımgildədir.

- Ailədə neçə uşaq olmusunuz?

- Üç uşaq... Atam məmur, anam evdar qadın idi. Mən atama daha çox bağlı idim. O, tez-tez xaricə ezamiyyətə gedirdi, yadımdadır ki, darıxdığımdan balışını qucaqlayıb yatırdım.

Atam uşaq yaşlarından incəsənətlə məşğul olmağıma mane olmayıb. Əksinə, çox vaxt mənə təkan da verib. Bəstəkar Əfsər Cavanşirovun xorunda solist olmuşam. Yuri Qaqarin adına Pionerlər Sarayında baletə yazılıb, sonralar Böyükağa Məmmədovun rəqs qrupunda çıxış etməyə başladım.

Xorda çıxışlarımı görüb, bəyənən AzTV-nin uşaq redaksiyası, xüsusilə rejissor Nazim Zeynalov məni verilişlərə dəvət etməyə başladılar. O vaxtlar televiziyada çoxlu uşaq verilişləri yayımlanırdı. Mənimlə orada Yaşar Nuri, Fuad Poladov, Pərviz Bağırov da çalışırdı. Həftədə bir neçə dəfə yayımlanan “Gecəniz xeyrə qalsın, balalar” verilişində çıxış edirdim. Atam kinoya olan hədsiz marağımı görüb adımı kinostudiyanın tərkibində açılan üç illik kurslara da yazdırmışdı. Adil İsgəndərov, Cənnət Səlimova bizə dərs deyirdi.

- Deyəsən, ilk böyük sarsıntınız atanızı itirməyiniz olub...

- Elədir. Teatda işləyəndə tamaşalarıma baxan komsomol təşkilatı məni mükafatlandırıb, xarici ölkələrə göndərirdi. Xatırlayıram ki, Çexoslavakiyaya gedəndə atam çox narahat idi, anam danışırdı ki, tez-tez eyvana çıxıb sənin gəlişini gözləyərmiş.

Oradan qayıdandan üç gün sonra atam rəhmətə getdi. Bu, mənim üçün böyük sarsıntı oldu.

“Zərifə rolu üçün dəvət aldım, amma...”

- Bu foto “Sehirli xalat”dan yadigardır. Film üçün uşaq axtarışına çıxanda bizim məktəbə də gəlmişdilər. Rejissor Əlisəttar Atakişiyev məni baş qəhrəman - Zərifə roluna dəvət etmişdi, amma sonra Bədii Şurada belə qərara gəldilər ki, mən Səidə, Səidə rolu üçün dəvət olunan Solmaz Hətəmova isə Zərifə roluna çəkilsin.

Gözəl illər idi. Hamımız dostlaşmışdıq. Solmazla çox yaxın idik. Rəşid rolunu oynayan Azər hazırda Amerikada yaşayır. Eldarı canlandıran Yusif Şeyxov Mədəniyyət və Turizm Nazirliyində işləyir. Onunla tədbirlərdə, təqdimat mərasimlərində görüşüb söhbətləşirik.

- Sizi dublyaja da Əlisəttar müəllim gətirib?

- “Sehirli xalat”ın sınaq çəkilişlərində Əlisəttar müəllim mənim nitqimi çox bəyəndi. Buna görə məni kinostudiyaya apardı. O vaxt kinostudiya Hökumət Evinin arxasında yerləşirdi, iri həyəti, dublyaj studiyası, pavilyonları var idi. Məni oradakılara göstərib “bundan sonra sizin bütün uşaq rollarınızı bu qız səsləndirəcək”, dedi. Artıq 50 ildən çoxdur ki, dublyaj sahəsindəyəm.

“Fəryad” filmində “Ögey ana” filmindən parçalar yer alır. Texniki problemlərdən dolayı filmdə yer alan həmin kadrlarda Ceyhun Mirzəyevin uşaqlıq səsini yenidən yazmaq tələb olunurdu. Onda artıq Ceyhun rəhmətə getmişdi. Çox aktrisaları, oğlan uşaqlarının səsini sınaqdan keçirmişdilər, amma Ceyhunun uşaqlıq səsinə bənzərini tapmamışdılar. Sonra məni çağırdılar, səsləndirdim, heç kim də fərqi hiss etmədi.

- Səhv etmirəmsə, bir müddət kinostudiyada assistent kimi də çalışmısınız.

- Rejissor assistenti kimi çalışdığım ilk filmim “Şərikli çörək” idi. “Yeddi oğul istərəm”in hazırlıq prosesində işləyib, sonra teatra gəlmişəm. “Şir evdən getdi”də meymunlardan birini canlandıranda artıq teatrda işləyirdim, hamilə idim.

- Çəkildiyiniz filmlər barmaqla sayılacaq qədərdir.

- Doğrudur, cəmi iki-üç filmə çəkilmişəm. Amma daha çox çəkilmək istəyərdim.

“İlk dəfə onda rejissordan rol istədim”

- Mənim rəfiqəm, müəlliməm Firəngiz Şərifova ilə bu şəkli yoldaşım çəkmişdi. Teatra Firəngiz xanıma baş çəkməyə gəlmişdim, yoldaşım da yanımda idi, bizi belə görcək, dedi dayanın şəklinizi çəkim.

Sonralar Firəngiz xanım səhhəti ilə əlaqədar səhnədən uzaq düşdü. Həftədə bir-iki dəfə evlərinə gedib, söhbət edir, dərdləşirdik.

- Firəngiz xanımın sizə ən vacib məsləhəti nə olub?

- Onunla bir səhnəni bölüşmək böyük təcrübədir. Məni teatra Firəngiz xanımın yoldaşı Bala müəllim gətirib. Teatrda ilk addımlarımı atan gündən mənə çox kömək edib. Teatr başqa aləmdir. Burada ab-hava, səhnəyə münasibət başqadır. İnstitutu qurtarıb teatra gəlirsən və sıfırdan hər şeyi öyrənməyə başlayırsan.

Teatr həm də xəstəlikdir. Xərçəng xəstəliyi kimi səni bir dəfə tutdusa, buraxmır.

- Bunlar Gənc Tamaşaçılar Teatrının səhnəsindən oynadığım tamaşalardan fotolardır. “Aycan”da Aycan və Sevinc gülü, “Ana laylası”nda Bahar, “Mənim mehriban balam”da altı yaşlı oğlan, “Qaraca qız”da Qaraca qız, “Sehirli yaylıq”da İlqar...

Teatra 1970-ci ildə – Azərbaycan teatrının ən gözəl dövründə qədəm qoydum. Ondan öncə Yusif Vəliyev, Hüseynağa Sadıqov, Süleyman Ələsgərov məni teatra dəvət etmişdilər. Deyirdilər, teatr sənin yerindir, özünü orada tapacaqsan. Elə alındı ki, Cənnət Səlimova Əkrəm Əylislinin “Mənim nəğməkar bibim” əsərini Gənc Tamaşaçılar Teatrında səhnəyə hazırlamağa başladı. Cənnət xanım mənə tamaşada oğlan obrazı - Sadığı həvalə etmişdi. Elə alındı ki, tamaşanı qəbul etməsələr də məni teatra qəbul etdilər. O vaxtdan teatrda oğlan obrazları oynamağa başladım. Bu söhbətin üstündən bir neçə il keçəndən sonra əsəri teatr qəbul etdi. Tamaşada mən Sadığı, Firəngiz xanım da bibimi oynadı.

Teatrda ilk rolum isə “Əlvida, Hindistan” tamaşasında Ramo obrazı olub. Ramonu Əminə Yusifqızı oynayırdı, o “Azdrama”ya gedəndən sonra rəhbərlik rolu mənə verdi. Bir az Firəngiz, bir az da Solmaz xanımla məşq etdik.

Sevdiyim tamaşalardan biri də “Qaraca qız” idi. 1949-cu ildə mən anadan olanda “Qaraca qız” tamaşaya hazırlanıb, baş rolu da Süsən Məcidova oynayıb. İllər ötəndən sonra 1974-cü ildə Qaraca qızı oynamaq mənə qismət oldu.

- “Ana laylası” tamaşasından sonra uşaqlarla şəkil çəkdirmişdik. Ən sevimli tamaşalarımdan biridir. İsgəndər Çoşqun Bahar obrazını mənim üçün yazmışdı. O dövrdə mən bir neçə uşaq tamaşasında çıxış etdiyimdən rejissor Müharib Tağıyev Bahar rolunu mənə yox, Xuraman Hacıyevaya verdi. Bahar 12-13 yaşlı bir qız olmalıydı. İlk dəfə onda rejissora yaxınlaşıb, rol istədim. Məni qırmadı, Baharı oynadım, gözəl bəstəkarımız Ramiz Mirişli tamaşa üçün çox orijinal musiqilər yazmışdı.

Üç ay orkestrlə məşq edib, mahnıları ifa etdim. Sonralar o mahnıları Zeynəb Xanlarova, Firuzə İbadova, İlhamə Quliyevanın ifasında eşitdiniz.

Hər il yanvar və may aylarında teatrla Göyçaya gedirdik. Tamaşanın müəllifi, eyni zamanda teatrın ədəbi hissə müdiri İsgəndər Çoşqun göyçaylı olduğuna görə əksər vaxt onun tamaşalarını nümayiş etdirirdik. Ələlxüsus da “Ana laylası”nı...Tamaşadan sonra Göyçayı gəzməyə çıxırdıq. Pəncərələrin altından keçəndə öz səsimi eşidirdim. Sən demə, tamaşaçılar ifamı maqnitafona yazıb, evdə qulaq asarmışlar. Öz səsimi eşidəndə çox qəribə hislər keçirirdim. Məşhurluğun dadını da ilk dəfə onda hiss etmişdim.

“Ana laylası” tamaşası televiziyada göstəriləndən sonra televiziyadan zəng edib, mənim adıma çoxlu məktub gəldiyini dedilər. Getdim gördüm üç kisə məktub var. Bir-ikisini oxudum, qalanını oxumağa imkan olmadı.

"Bu qızla mənim şəklimi çəkin"

- Bu şəklin maraqlı tarixçəsi var. "Qaraca qız" tamaşasının məşqləri gedirdi. Fasilə zamanı həyətdə oturmuşdum. Yusif Vəliyev gəldi, əlində də qəzet. Yusif müəllim qəzet oxumağı sevərdi. Fotoqrafı yanına çağırıb: "Bu qızla mənim şəklimi çəkin" dedi. Sonra mənə sarı dönüb, heç unutmayacağım sözləri dedi: “Almazik, səninlə indi şəkil çəkdirirəm, amma vaxt gələcək, buna baxıb deyəcəksən, gör necə böyük aktyorla şəkil çəkdirmişəm". Doğurdan, böyük sənətkar idi.

Bir dəfə də Yusif müəllimdən bərk küsmüşdüm. Hələ onda teatrda işləmirdim. Mən rus dilli idim, günlərin bir günü dublyajdayıq, birdən Yusif müəllim mənə sarı dönüb "Sən TYUZ-un (Gənc Tamaşaçılar Teatrı-red.) malısan” dedi. Malı sözü xoşuma gəlmədi, pis mənada başa düşdüm. Başladım ağlamağa. Dedi, ay qızım sənə nə dedim ki... Sonra teatrın səhnəsində ard-arda səhnəyə çıxanda bu hadisəni mənə xatırladıb "bax mən bu mənada deyirdim. İndi bütün rollar səninkidir" deyirdi.

Yusif müəllimlə "Mənim mehriban balam" tamaşasında tərəf-müqabil olmuşam. Tamaşa bizimlə başlayıb, bizimlə bitirdi. İki dəftərlik sözüm vardı.

Dörd aktyorla tərəf-müqabil olanda gərək o qədər istedadsız olardın ki, rolun öhdəsindən gələ bilməyəydin. Bunlar Süleyman Ələsgərov, Yusif Vəliyev, Firəngiz Şərifova, Hüseynağa Sadıqov idilər. Teatra təzə gəldiyim dönəmlər idi, bir gün Hüseynağa müəllim dedi, get “Tülkü həccə gedir” əsərini götür, oxu, birlikdə qastrola gedəcəyik. Dəhşətə gəlmişdim. Hüseynağa müəllim o aktyorlardan idi ki, tamaşadan bixəbər səhnəyə çıxasan, səni elə gözəl idarə edər ki, heç kimin ruhu inciməz. Heç kim başa düşməz ki, sən mətni bilmirsən.

- Gülşən Qurbanova, Firəngiz Şərifova və mən... Gülşənlə çox yaxın olmuşuq. Onda mən teatrda işləyirdim, o institutda oxuyurdu. Sonra Gülşən şou-biznesə qoşuldu, münasibətimiz qalırdı, amma əvvəlki kimi deyildi. Onun artıq öz mühiti vardı.

“Ən çox Parisi sevirəm”

- Budapestdə Macarıstanın mədəniyyət nazirinin qəbulundayıq: Azər Paşa Nemət, SSRİ xalq artisti Xumar Zülfiqarova, Nəsibə xanım Zeynalova, mən. Budapeştə birinci səyahətim kimi xatirimdə qaldı.

- Əlinizdəki fotoaparatdı?

- Hə, xarici ölkələrə gedəndə fotoaparatı mütləq özümlə götürürdüm. İndi zəmanə dəyişib, şəkilləri telefonla çəkirik.

- Karlovi-Varidəyik. Komsomol Təşkilatının xətti ilə getmişdik. Səyahət etməyi çox sevirəm. Çox ölkələrdə, şəhərlərdə olmuşam, amma ən çox Parisi sevirəm. Ora beş dəfə də getsəm doymaram. Şəhər o qədər gözəldir, baxmaqla doymaq olmur. Orada hər bir ev, hər bir küçə tarixi abidədir. Nə qədər muzey var... Lüvr muzeyini bir günə gəzdik. Versala getdik, danışmaqla izah etmək olmur, gərək görəsən.

Xarici ölkələrə getməyimin bir səbəbi də Beynəlxalq Qadınlar Cəmiyyətinin üzvü olmağımdır. Xeyriyyəçilikdə məşğul olan cəmiyyət dünyanın müxtəlif ölkələrində bu yöndə işlər görür, maarifləndirici kampaniyalar təşkil edir.

- Səyahətə adətən kiminlə getməyi xoşlayırsınız?

- Kukla Teatrında işləyən dostum Rəhim Rəhimli ilə bir dəfə dublyajda oturmuşduq, gileyləndim ki, xaricə getmək istəyirəm, amma uşaqlar tək getməyə qoymurlar. Təklif etdi ki, gəlin birlikdə gedək. Eləcə sənədlərimizi verib, vizamızı alıb yola düzəldik. Budapeşt, Vyana, Yunanıstan, İstanbul... Amma iki ildir səhhətimdəki problemlərə görə səyahətə gedə bilmədim. Bu il getmək istəyirəm. Özü də gəmi ilə... Ən yaxşı səyahət gəmiylədir.

“Bir-birimizi çox sevirdik”

- Ailəmdir: həyat yoldaşım Vaqif, oğlanlarım Mustafa, Tural. Studiyaya gedib çəkdirmişdik bu şəkli. Həyat yoldaşım o zaman üçün bəlkə də yeganə ali təhsilli modelyer-rəssam idi. Gənc Tamaşaçılar Teatrında “Bir parça vətən”, eləcə də dörd-beş tamaşada, iki hissəli “Qız qalası” cizgi filmində rəssam kimi çalışıb. “Qətl günü” bədii filminin geyim üzrə rəssamı olub.

Biz təsadüfən küçədə bir rəssam dostumuzun vasitəsi ilə tanış olmuşduq. O, Moskvada oxuyub gəlmişdi, incəsənət adamıydı, operanı, baleti sevirdi, tez-tez teatra gedirdik. Çox yaxşı dost idik. Sonra dostluğumuz məhəbbətə çevrildi. Nə vaxt, necə oldu bilmirəm. Bir gün qəribə hadisə baş verdi. Gecə idi, evdəydim, mənə elə gəldi ki, Vaqif küçədən məni səsləyir. Amma səsləmirdi, eyvana çıxdım, gördüm Vaqif məhlədə ora-bura var-gəl edir.

Artıq sözə ehtiyac yox idi. Altı ilə yaxın görüşdük, amma evlənməyimizə nə mənim, nə də Vaqifin valideynləri razı idi. Anam deyirdi rəssam ər olmaz, Vaqifin anası deyirdi aktrisa arvad olmaz. Bir gün ayrılmağa qərar verdik, səhəri gün teatra gələndə gördüm Vaqif məni gözləyir. Dedi, mən sənsiz yaşaya bilmirəm, evlənək. Evləndik, dostları ətrafımıza yığıb bunu qeyd etdik.

Bir-birimizi çox sevirdik, birlikdə çox gözəl günlər yaşadıq. O mənim arzularımı həyata keçirən, ailəsinə dəyər verən biri idi.

Yay aylarında Bakıda olmazdıq. Bağ tuturduq, bir ay orda qalıb, sonra ya Kiyevə, ya da Moskvaya gedirdik. Səyahəti o da çox sevərdi. Çox tez itirdim onu. O, rəhmətə gedəndən sonra uzun müddət özümə gələ bilmirdim. Günlərlə yataqdan qalxmır, depressiyaya düşürdüm. Belə davam edə bilməzdi, çünki uşaqlarım vardı. Onların xatirinə güclü olmaq məcburiyyətindəydim. Sonra çox ağır 90-cı illər gəldi. Aylarla maaşın yoxluğu, çörək növbələri... Vaqifin mənə hədiyyə etdiyi ətirləri, evdəki qədimi əşyaları dəyər-dəyməzinə satıb ailəni dolandırırdım. Şükürlər olsun, o çətin, məşəqqətli illər arxada qaldı.

- BP ilə Rəssamlar İttifaqının təşkil etdiyi sərgidə çəkilmiş fotodu. Mustafa sərgidə birinci yerə layiq görülmüşdü. Ona televizor bağışlamışdılar.

- Almaz xanım, oğlanlarınızın ikisi də incəsənətlə məşğul oldu. Biri rəssam kimi atasının sənətini davam etdirdi, o biri rejissor oldu.

- Mustafa kiçik yaşlarından rəsmlər çəkirdi. Turalın isə incəsənətə gəlməsini istəmirdim. Amma Vaqif müəllimin sözündən çıxa bilmədim. Və heç də peşman deyiləm.

- Necə yəni?

- Tural məktəbdə çox yaxşı oxuyurdu, qiymətlərinin əksəriyyəti beş idi. İstəyirdik ki, həkim olsun. Özü də istəyirdi. Amma 20 balı çatmadı. O il də ikinci tur yox idi. Rəhmətlik Vaqif İbrahimoğlu dedi, gəlsin “Yuğ”da səhnə maşinisti işləsin. Ora getdi, eyni zamanda tibb texnikumunda oxudu, iki il yarım oxuyub diplomu aldı, gətirib verdi mənə, dedi, bundan sonra mən incəsənətə gedəcəm. Qarşısını kəsdim, dedim getsən, ölərəm.

Sonra Vaqif müəllim məni yola gətirdi. Dedi, əgər auditoriyada Tural kimi tələbəm olsa bilərəm ki, ora boşuna girmirəm. Ondan sonra razılaşdım, dedim get, acların komandasına sən də qoşul.

- Vaqif müəllimlə qonşu olduğunuzu eşitmişəm, amma harda, onu bilmirəm...

- İçərişəhərdə evimiz var idi. Sovet dövründə hökumətin verdiyi axırıncı evləri bir neçə aktyor, rəssam aldı. Onların içində biz də vardıq. Eləcə İçərişəhərdən “Gəncliy”ə köçdük. “Gənclik”dəki evdə yaşayanda Vaqif müəllimə qonşu olduq.

“Yuğ” teatrını təşkil edənlər birinci bizlər olmuşuq: mən, Kubra, Kubranın qardaşı Namiq Dadaşov, Vaqif, Vaqif müəllimin həyat yoldaşı. Yadımdadır, “Qobustan” jurnalının yanında bizə bir otaq vermişdilər. Yığışıb, söhbət edir, gələcək planlardan danışırdıq. Sonra mən ailə qurdum, daha gedə bilmədim.

Mustafa anadan olandan sonra onların “Dədə Qorqud” tamaşasını televiziyada gördüm. Çox heyifsləndim, amma artıq gec idi.

- Birinci nəvəm, həyatım Vaqif. Yoldaşımın adını qoymuşuq ona. Üç nəvəm var. Onlarla nəfəs alıram...

Şəkillərlə söhbətimizi bitiririk, Almaz xanım ayağa qalxıb güzgüyə yaxınlaşır və bir əlavə edir:

- Mən həmişə qızlara deyirəm ki, çalışın ailə qurun. Aktrisanın gərək ailəsi olsun. Ümumiyyətlə, qadının ailəsi olmalıdır, ən birinci elə aktrisanın... Hərdən bəziləri deyir, mən ailəmi sənətə qurban verdim. Deyirəm, qələt etdin...


Müəllif: Elçin Murad, Nərmin