20 Yanvar 2018 09:00
16 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu cavablandırıb:

- İctimaiyyətin müzakirəsinə çıxarılan “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi ilə əlaqədar verilən reaksiyalarla yəqin tanışsınız. Razılaşdığınız məqamlar varmı?

- Bəli, reaksiyalar bizə gəlib çatıb. “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanununda ayrıca bir maddə var ki, orfoqrafiya lüğəti 5 ildən bir yenilənməlidir. Bu isə zamanın tələbidir. Çünki dilə yeni sözlər daxil olur, yaxud elə sözlər var dildən çıxır.

Köhnə, yəni 2013-cü ildə çıxan orfoqrafiya lüğətinin 5 ili tamam olur, ona görə də yeni lüğət üzərində işləyirik. Çalışırıq ki, səhvlər olmasın, lüğət maksimum dərəcədə mükəmməlləşsin. Orfoqrafiya lüğəti hər dəfə nəşr olunanda Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müəyyən qaydalara əməl edilir. Biz də o qaydaları layihə şəklində hazırlayıb ictimaiyyətin, mütəxəssislərin, peşəkarların müzakirəsinə çixarmışıq. Bizi dəstəkləyənlər də, tənqid edənlər də var. Bunları təbii qəbul edirəm.

Çünki yenilik heç də həmişə eyni cür qarşılanmır. Bizə qarşı olan ittihamlardan, məsələn, “alğı-satqı” sözündən başlayım. 1975-ci ilin orfoqrafiya lüğətində də birinci tərəf “alğı” şəklində yazılıb. Qaydaya görə söz cingiltili samitlə bitdiyi üçün şəkilçi artıranda “q” “ğ” hərfinə keçir. Necə ki, “çalğı”, “duyğu”, “qurğu” sözü və sair kimi. Söz kar samitlə bitəndə isə “q” hərfi dəyişmir. Məsələn, “asqı”, “pusqu”, “bıçqı” və s.

- Amma 2013-cü il orfoqrafiya lüğətində “alqı-satqı” şəklində olub...

- Bu söz 2004-cü il orfoqrafiya lüğətində də “alğı-satqı” formasında çap olunmuşdu. 2013-cü il orfoqrafiya lüğətinin tərtibçi-redaktoru İsmayıl Məmmədli özü də etiraf edib ki, söz səhvən “alqı-satqı” şəklində gedib. Biz bu sözü maddə kimi daxil etməsək belə, dilçi kimi hesab edirəm ki, “çalğı” sözü necə yazılırsa, “alğı” sözü də elə yazılmalıdır. Prinsip bir olmalıdır.

- Etiraz doğuran məqamlardan biri ədəbiyyat, riyaziyyat sözlərinin yazılışında “y” samitinin birinin düşməsidir.

- “-İyyat”, “-iyyət”, “- iyyə” şəkilçili sözlərin tələffüzə əsasən bir “y” isə yazılması barədə də təklif vermişik. Tələffüzdə “riyaziyat”, “üslubiyat” deyirik. Bu təklifdir, qəbul oluna da, olunmaya da bilər. Azlıq çoxluğa tabedir. Biz bütün təklifləri toplayıb bir daha müzakirə edəcəyik. Təkliflərdən biri də əvvəllər “g” ilə yazılan əsgər, İsgəndər, əsginas, işgəncə sözlərinin “k” ilə yazılmasıdır.

- Kimlərin irad və rəyləri nəzərə alınacaq? Bəzi yeniliklər layihədən hansı formada çıxarıla bilər?

- Daha çox mütəxəssilərin, peşəkarların, dilçilərin fikirlərinə üstünlük verəcəyik. “İskənə” sözü “k”, işğəncə sözü isə “g” ilə yazılır. Hər iki söz mənbə dildə “k” ilədir. “Əsgər” sözünün özü də mənbə dildə “k” ilə yazılır. Biz burada tarixi-ənənəvi prinsipə üstünlük veririk. Alındığı dildə necədirsə, biz də o cür yazılmasının tərəfdarıyıq. Bu, hökm deyil, yenə də deyirəm, qəbul oluna da, olummaya da bilər.

- Əsgər adını daşıyan insanlar var. Layihə qəbul olunsa, həmin şəxslər şəxsiyyət vəsiqəsini dəyişməlidir?

- Xeyr, kimin indiyədək adı Əsgər olub, onun adı dəyişməyəcək. Bayaq İnstitutun əməkdaşları ilə müzakirə aparırdıq, dedilər ki, Ramiz Əskər deyir, mən həmişə Əskər demişəm, Əskər də yazılıb. Elə adamlar var, şəxsiyyət vəsiqəsində Əskər qeyd olunub, yaxud sənədində Əsgər yazılanlar var. Şəhadətnamədə mənim adımın yazılışında 2 səhv gedib. Adımda “h” hərfi var, sonu da “n” ilə bitir. Amma sənəddə “Möysüm” yazılmışdı, halbuki belə ad yoxdur.

Kənd yerində necə eşidiblərsə, o cür də yazmışdılar. Atamın adı Zeynalabdindir, yəni abidlərin ziynəti, sənəddə Zillabdin kimi getmişdi. Kimin ki adı indiyədək İsgəndər, Əsgər olubsa, eynilə qalacaq, yeni təklif onların adına şamil olunmayacaq. Əgər qəbul edilsə, yeni doğulanlara aid olacaq.

- Bəs deputat Hikmət Babaoğlunun açıq məktubu ilə tanış oldunuz? O, orfoqrafiya xaosunu istisna etməyib...

- Hikmət Babaoğluna böyük hörmətim var, imkan olsa, cavab yazıb təşəkkür edəcəyəm. Onun açıq məktubunda çoxlu ağlabatan fikirlər vardı, mütəxəssis rəyi bildirmişdi. Şəxsən özüm dil tarixçisiyəm. Tarixən dilimizdə “torpaq”, “yarpaq”, “körpü” sözləri, “topraq”, “yapraq”, “köprü” kimi yazılmışdı. Görürsünüzmü, yenilik necə qarşılanır? Hər şeyi birdən-birə düzəltmək olmur. Onun məktubu mədəni şəkildə yazılmışdı. Hər şey etika çərçivəsində olmalıdır.

Hikmət Babaoğlunun verdiyi təklifləri də nəzərə almaq olar. Xaosa gəlincə, indiyə qədər apostrof götürüldü, xaos yaranmadı. “Alğı-satqı” sözü dəyişsə, xaos yaranacaq? Kütləvi şəkildə sözlər dəyişsəydi, bəli, xaos yarana bilərdi. 5-10 sözün dəyişməsi ilə heç nə olan deyil. Ad çəkmək istəmirəm, ziyalılar tanıyıram ki, 21 ildir qoşa “y” ilə yazılan sözləri bir “y” ilə yazırlar. Bunun heç kimə ziyanı olmur.

- Hikmət Babaoğlu da “alğı-satqı” sözü ilə razılaşmadığını deyib.

- O da bir fikirdir. Hamı “alqı-satqı” deyir, onda mən də təklif edirəm ki, “çalğı” sözü “çalqı” şəklində yazılsın. Axı, sözlər eyni prinsiplə yazılmalıdır...

- Bir nəsil 11-ci sinfədək sözləri əvvəlki qayda ilə öyrənib. Builki ali məktəblərə qəbul prosesində testlərin tərtibatında yeniliklər tətbiq olunacaqmı?

- Yox, biz onu çatdıra bilməyəcəyik. Özümün “Azərbaycan dili” kitabım var, 10 il məktəbdə dərs demişəm, ixtisasım tarixi fonetika istiqaməti üzrə olub. Ali məktəblərə qəbul imtahanında orfoqrafiya lüğətindən sual salınması vacib deyil. Yəqin suallar tərtib olunanda bu məsələlər nəzərə alınacaq.

Hələlik 2013-cü ilin orfoqrafiya lüğəti qüvvədədir. Yeniliklər müyyən mərhələ keçməlidir ki, təsdiq olunsun. Zənnimcə, yeni orfoqrafiya lüğəti imtahanlardan sonra hazır olacaq. Builki imtahanlarda bu təkliflərlə bağlı suallardan çəkinmək lazımdır.

- Tənqidlərin çoxu bu istiqamətdədir ki, sözlərdə hərflərin dəyişdirilməsi əvəzinə niyə Dilçilik İnstitutu əcnəbi dildən alınma sözlərin qarşılığının tapılması istiqamətində iş aparmır. Bir müddət öncə “şpilka” sözünün “ipəzor”, “kupalnik” sözünün “geyçim”lə əvəzlənməsinə dair məlumatlar yayılmışdı. İnstitutun bununla bağlı təkzibi də vardı.

- O sözləri bizim institut yaymamışdı. Sözlərin qarşılığının tapılması istiqamətində iş gedir. Məsələn, təklif etmişik ki, “adapter” sözü “yükləyici”, “zaryadka” sözü “yükləmə”, “udlinitel” sözü uzadıcı, “razetka” sözü “elektrik yuvacığı” kimi işlənsin. Bizdən əvvəl “atvyorka” sözü “burğac” kimi təklif olunmuşdu. Dilin öz daxili imkanları hesabına kompüterin “mışka”sının “kompüter bələdçisi” sözü ilə əvəzlənməsini təklif etmişik.

Dilin zənginləşmə yolları müxtəlifdir. Sözlər hazır şəkildə də dilə qəbul ola bilər. Yaxud kalka yolu ilə öz daxili imkanları hesabına tərcümə olunur və ya qədim sözlərimiz bərpa edilir, o cümlədən dialektlərdən müəyyən sözlər alırıq. Müstəqillik dönəmində qədim sözləri diriltmişik. “Çavuş”, “gizir”, “tabor”, “taqım” və sair sözləri qeyd etmək olar. Orta əsrlərdə mütərcimlər mətni bir dildən başqa dilə tərcümə edəndə yeni sözlər yaradırdılar, məsələn, “yağmurluq” və “günlük” sözləri yağış və günəşdən qorunmaq üçün istifadə edilən əşyalar qismində işlənir. “Gözlük”, “gecəlik” kimi gözəl sözlər də belə yaranıb.

- Amma bir qrup sözlərə əvəzləyici sözlər tapılsa da, dilə yatmır.

- “Mışka”nı “kompüter siçanı” kimi də yazmaq olar. Nədən ruslar “mışka”, ingilislər “maus” deyir, biz “siçan” demirik? Təzəliklə, yeni söz işlənir, özün özünü çəkirlər e.

- Selfi?

- Bəli, türklər “özçəkim” deyir. “Özçəkim” “selfi” sözündən min dəfə gözəl səslənir. Mən nəvələrimi öyrədəcəyəm ki, “özçəkim” desinlər. Sözün cəmiyyətdə qəbul olunmaması bizdən asılıdır. Sözü çox işlətmək lazımdır. Müstəqillik dövründə “önəm”, “dönəm”, “gündəm” kimi dilimizə yeni sözlər keçib, onlarla bərabər “bilgisayar” sözü də keçmişdi. Amma bu söz hamı tərəfindən qəbul edilmədi. Kompüter sözünü qəbul olundu. Bu sözü də gah “komyuter”, gah da “kompüter” yazdılar, yeniliklərdən biri də “kompüter” sözünün “ü” ilə yazılışıdır. Yeri gəlmişkən, sözün sonundakı iki “s” ilə bitən sözlərdə hərfdən biri düşəcək: stress, ekspress.

- Press sözündə necə?

- Press sözü olduğu kimi qalacaq. Kənd təsərrüfatındakı “pres” sözü ilə fərqləndirmək üçün saxlamaq olar. Necə ki, his və hiss sözü var. Hər bir sözə fərdi yanaşmaq lazımdır. Yəni ucdantutma dəyişmək olmaz.

- İnsanlar həmişə daha savadlı yazmağa çalışıblar. Sizcə, bu prioritet nə dərəcədə akutullağını saxlayır? Son zamanlar yazılı dilin danışıq dilinə yaxınlaşdırılması tenedensiyası savadlı dilin sırasını sanki ikinci yerə endirir.

- Zaman keçdikcə xalqın bilik səviyyəsi çoxalır, maariflənmə genişlənir. Ona görə də şifahi dillə yazı dili arasında sədd azalır. Bu, təbiidir və müsbətə doğru gedən tendensiyadır. Dilin öz qayda-qanunları var. Şifahi ədəbi dil başqa, yazılı dil başqadır. Düşünürəm ki, zaman keçdikcə get-gedə onlar arasında fərq azaldılmalıdır. Amma sözün yazıldığı kimi deyilişi yanlışdır.

- Azərbaycan dilinə rus dilindən keçmiş “o”-“a” əvəzlənməsi aradan qaldırılacaqmı? Məsələn, Moskva yazılır, Maskva deyilir...

- Tarixi-ənənəvi prinsip olduğundan onlara toxunmağa ehtiyac yoxdur. Orfoqrafiyada tez-tez dəyişiklik özü də dilə zərbə vurur. Bizim dediyimiz yeniliklər çox sözü əhatə etmir ki. Uzağı 100 sözü əhatə edir. Onların da əksəriyyəti “-iyyat”, “-iyyət” şəkilçili sözlərlə bağlıdır.

- Ədəbiyyatçılar “y” hərfinin birinin götürülməsinə necə baxır?

- Ədəbiyyatçıların əksəriyyəti bizi müdafiə edir. Ən çox “əskər” sözünü bəyənmirlər. Bunu da təbii qəbul edirəm.

- “-Mışdır”, “-mişdir” şəkilçilərinin taleyi necə olacaq? Bu xəbər şəkilçisindən hətta Azərtac da imtina edib.

- Həmin şəkilçinin kökü “-mış”dır. Çünki 1-ci şəxsin təkində “almışam” deyirik, ikinci şəxsdə isə “gəlmişsiniz”, “gəlmisiniz” də demək olar. Hər iki variant doğrudur. Danışıq dilində “almısız”, “xoş gəlmisiz” olmalıdır.

- Deputat Aqil Abbasın iradı barədə nə deyə bilərsiniz, onunla hər hansı müzakirəniz olubmu?

- Biz elmi əsası olan fikirləri nəzərə alırıq. Yalnız qoşa “y” ilə yazılan sözlərdə hərfin birinin düşməsini təklif etmişik. “Qəşəng” sözü ilə bağlı təklifimiz olmayıb, deməmişik ki, “qəşənk” olsun. Guya deyirlər biz “mili”, “məhərəm” demişik. Bəlkə zarafat edirlər, bizim təkliflərimizdə belə şey yoxdur. Qoşa samitli sözlərə toxunmamışıq.

- Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri, professor İsmayıl Kazımov dilimizin qrammatikasında köklü dəyişikliklər aparılacağını deyib. Bu dəyişikliklər konseptual olaraq nədən ibarətdir, hansı məqsəd seçilib?

- Mən onun fikri ilə razı deyiləm, köklü dəyişiklik gözlənilmir. Azərbaycan dilinin qrammatikası yeni variantda çap olunacaq. Çünki dilin özünün qanunauyğunluqları var. İsimdə, yaxud fonetikada nə yenilik ola bilər? Dilçiliyin yeni sahələri, o cümlədən mətn sintaksisi ortaya çıxıb. Sonuncu dəfə qrammatika ilə bağlı 1980-ci ildə kitab çap olunub. Dilçilikdə yeni baxışlar var, onlardan istifadə ilə yeni qrammatikanın hazırlanması nəzərdə tutulub.

- İsmayıl Kazımov dilçilikdə nəzəri bilklərin aradan qaldırlacağını deyib. Bildirib ki, mübtədanın tərifini öyrənmək kimə lazımdır? Əsas məsələ dil vahidlərinin insanların kommunikasiya prosesinə xidmətini araşdırmaqdır. Artıq nitqin sintaksisini öyrənməliyik, dilin sintaksisi bizə bir o qədər də lazım deyil. Bu, yazılı dilin əhəmiyyətini azaltmaq deyilmi? Sizcə, ədəbi dillə danışıq dilinin ideal ortaq nöqtəsi necə tapılmalıdır?

- Orta məktəbdə mübtədanın tərifini bilməyin nə ziyanı var ki? Düşünürəm ki, öyrədilməlidir. Mən orta məktəbdə işləmişəm və qaydaları şagirdlərə öyrətmişik. Hesab edirəm ki, həm yazılı, həm də nitqin sintaksi tədris olunmalıdır. İdeal ortaq nöqtə üçün isə hər ikisinin əsas xüsusiyyətləri nəzərə alınmalıdır.

- Durğu işarələri ilə bağlı çoxsaylı ziddiyyətlər var. Bu sahədə nə zaman nizam yaradılacaq və yaradılacaqmı?

- Müasir Azərbaycan dili şöbəsinə bununla bağlı tapşırıq verilib. Durğu işarələri ilə bağlı boşluq var, onu dolduracağıq. Ayrıca kitab çapını düşünürük. Bunun üzərində iş gedir.

- Şərq ölkələrində baş verən gərginlik fonunda həmin ölkələrin adının bizim KİV-də düzgün yazılış və deyiliş qaydası barədə yekdil qərar yoxdur. Məsələn, Qətərdə baş verənlər bu ölkənin adını aktuallaşdırıb. Ölkə adlarının düzgün yazılışı üçün hansı işlər görülə bilər?

- Şərqşünas kimi düşünürəm ki, “Qatar” şəklində yazılmalıdır. Ərəb dilində yazılışında “ta” hərfi olan sözlər saitin qalın olmasını tələb edir. Ərəblərin özləri “Qatar” deyir. Əcnəbi sözlərin dilimizdə əksi ilə bağlı transliterasiya kitabı hazırlanandan sonra hər şey qaydasına düşəcək. Azərbaycanın Qatardakı səfiri Tofiq Abdullayevlə bu barədə söhbətim olub, o da təsdiq edib ki, ölkənin adı “Qatar” kimi yazılmalıdır. Ümumilikdə ingilis, ərəb, fars dilində olan sözlərin bizim əlifbada işlənməsinin icra mexanizmini də hazırlamalıyıq.

- Möhsün müəllim, Dilçilik İnstitutunun adı bəzi qalmaqallarda hallanırdı. Siz instituta gələndən sonra mühitdə hansı dəyişiklik oldu?

- Düşünürəm ki, hazırda İnstitut daxilində tam sabitlik var.


Müəllif: Nərgiz Ehlamqızı