27 Yanvar 2018 09:48
60 755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaq idi, bir gün yaşadığı evlə üzbəüz, Narınqala həbsxanasından gələn səsləri eşidəndə hürküb duruxmuşdu. Anasının yanına qaçıb soruşmuşdu: “O nə səsidir?” Anası həbsxana, oradakı məhbuslar, məhbuslara bağlanan zəncirlərdən danışıb, səsin o zəncirlərdən gəldiyini demişdi. Qəribə hislər keçirmişdi balaca oğlan.

Sonra evdəki qəfəsi açıb, içindəki quşu buraxmış, anasına “mən böyüyəndə elə edəcəm ki, heç kəs qəfəsdə olmasın”, - demişdi.

İllər keçdi, o balaca oğlan böyüyüb, maarifçi, yazıçı, həkim, dövlət xadimi oldu. Söhbət Nəriman Nərimanovdan gedir.

“Muzeydə bir gün” layihəsi çərçivəsində bu dəfə yolumuzu İstiqlaliyyət küçəsi-55 ünvanında yerləşən Nəriman Nərimanovun xatirə muzeyindən saldıq. Muzeyin direktoru, eyni zamanda Nərimanovun böyük qardaşı Salman Nərimanovun nəticəsi Kamilə Hüseynova bizi mehribanlıqla qarşıladı. Onunla otağında bir az söhbətləşib, muzeylə tanışlığa, Nərimanovun həyat və fəaliyyətinə işıq tutan fotolara, tarixi sənədlərə, toxunduğu əşyalara, ürək sözlərini yazdığı məktublara doğru yolçuluğa başladıq.

Bu muzey 1977-ci ildə yaradılıb. Onun ekspozisiyası dörd otaqdan: yemək, yataq, qonaq, həkim kabinetindən ibarətdir.

Yemək otağının bir küncünə qoyulmuş maket Nərimanovun Tiflisdəki ata-baba mülkünün maketidir. O, burada böyüyüb boya-başa çatıb. Ev Şeytanbazar məhəlləsində yerləşir. İkimərtəbəli evi Nərimanovun babası Allahverdi bəy tikdirib. Tiflisin ən uca və görkəmli yerində yerləşən ev hazırda Nərimanovun ev muzeyi kimi fəaliyyət göstərir. Evlə üzbəüz Narınqala, orda isə həbsxana varmış.

Balaca Nəriman bir gün həyətdə uşaqlarla oynayanda həbsxanadan ətrafa yayılan zəncir səslərini eşidib qorxur. Anası Həlimə xanımdan bu səslərin nə olduğunu soruşur. Həlimə xanım həbsxananı, oradakı məhbusları, məhbuslara bağlanan zəncirlərdən danışır. Bu, uşağa çox pis təsir edir, gedib qəfəsi açıb, içindəki quşu buraxır. Sonra da anasına “mən böyüyəndə elə edəcəm ki, heç kəs qəfəsdə olmasın”, - deyir.

Otağın divarındakı fotoguşələr Nərimanovun uşaqlıq, gənclik illərini, fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir. Atası ilə birgə çəkilmiş bir uşaqlıq fotosuna rastladım.

Nəriman Nərimanov 1870-ci ildə anadan olub. Ona ulu babasının adını veriblər.

17-ci əsrdə birinci İraklinin sarayında “sabitqədəm” eşikağası vəzifəsində çalışan ulu babası İrakliyə ən yaxın adam olub. Əminliklə demək olar ki, Nərimanovlar nəslinin bir nümayəndəsi gürcü dövlətçiliyinin quruculuğunda yaxından iştirak edib. Nəriman Nərimanov da onun adını daşıyıb.

Nərimanın babası Allahverdi Zaqafqaziyada tanınmış tarzən- xanəndəymiş, Azərbaycan və gürcü mahnılarını gözəl ifa edərmiş. İkinci İrakli hətta onu bəyzadəlik mənsəbinə də layiq görmüşdü. İndi də Gürcüstan məclislərində çox vaxt belə bir söz işlədirlər: “Allahverdi sağ olsun”.

Nərimanovun atası Kərbəlayi Nəcəf dindar idi, xırda ticarətlə məşğul olurdu. Nərimanov 9 uşağın sonbeşiyi idi.

Ailənin yükünü əsasən Nəriman və böyük qardaşı Salman çəkib. Nərimanov öz məktublarında yazırdı ki, mən iyirmi yaşımdan qardaş və bacılarımın ailəsinə baxmış, 30 ildə 11 adam tərbiyə etmişəm. Hamını yerbəyer edəndən sonra yenə də təhsil almağa başladım.

Salman o dövr üçün tanınmış bir adam, Qafqazda ilk milli mürəttiblərdən olub. Kamilə xanımın sözlərinə görə, Kərbəlayi Nəcəf Salmanı dindar kimi böyütmək istəyib. Amma Salman bəy ədəbiyyata meyil göstərib. Nərimanovun təhsili ilə Salman və əmisi Əlimirzə məşğul olub. Salman baba rəhmətə gedəndə Nərimanovun 35 yaşındaymış.

Bir il sonra Salman babanın həyat yoldaşı Səltənət xanım da dünyasını dəyişir. Dörd uşaq Nərimanovun himayəsində böyüyür”.

Aktyor Nərimanovun yeganə fotosu

Nərimanovun maraqlı bir fotosu çıxdı qarşıma. Onun aktyor kimi səhnəyə çıxdığı illərdən yalnız bir dəlildir.

Nərimanov Həbibbəy Mahmudbəyovun teatr həvəskarları truppası ilə şəkil çəkdirib. Ön sırada çərkəzi paltardakı cavan oğlan Nərimanovun özüdür ki var. 1892-ci ildə Nərimanov Nikolay Qoqolun “Müfəttiş” əsərini Azərbaycan dilinə tərcümə edir və onu 1900-cu ildə Tağıyev teatrında tamaşaya qoyur. Özü də tamaşada bələdiyyə rəisi rolunu oynayır. O, bir çox tamaşalarda həm rejissor, həm də aktyor kimi çıxış edib. Sarabskinin aktyor kimi fəaliyyətini davam etdirməsində Nərimanovun böyük rolu var. Qohumlarının münasibətindən yorulan Sarabski sənətdən getmək, teatrdan uzaqlaşmaq istəyirdi. Bunu küçədə rastlaşdığı Nərimanova deyən Sarabski cavabında “bu gün səni daşa-topa tutan insanlar vaxt gələcək qarşında əl çalacaq” sözlərini eşidir. Doğurdan da Nərimanovun dediyi kimi oldu.

Nəriman Nərimanov hətta 1902-ci ildə tibbi təhsil almaq üçün getdiyi Odessada da öz əsərləri ilə həvəskar teatr tamaşalarında çıxış edirdi. Niyə tibbi təhsil, soruşacaqsınız. O ilk təhsilini Əli bəy Hüseynzadənin babasının nəzarət etdiyi Tiflis ruhani məktəbində alıb, Hüseynzadə ilə də uşaqlığı bir keçib, daha sonra Qori müəllimlər seminariyasında oxuyub. Ardınca bir il Qızılhacılıda məktəbdə direktor kimi çalışıb. Çar Rusiyası zamanı azərbaycanlılara öz dillərində qəzet, jurnal, məktəb yaratmağa icazə vermirdilər.

Əvvəllər Qızılhacılıda üç sinifli məktəb açıb, sonra bağlayıblar. Nərimanov isə kənd camaatıyla köməkləşib, məktəbi düzəldib, çox çətinliklə uşaqları ora cəlb edib. İllər keçib, həmin o uşaqların hərəsi bir vəzifədə işləyib, tanınmış adamlar olub. 1925-ci ildə Nərimanov sonuncu dəfə Tiflisə gedəndə Qızılhacılıya da baş çəkib, öz tələbələri ilə görüşüb.

Amma arzusu təhsilini davam etdirmək olub. Ailənin yükü nisbətən azalanda o, arzusunun dalınca gedir. 32 yaşı vardı. Anası Həlimə xanım həmişə onu məzəmmət edirdi, deyirdi, 32 yaşında oxuyan adama nə deyərlər. Sən nə vaxt bitirib, nə vaxt evlənəcəksən? Tibbi seçməyinin səbəbi isə daha çox iş görmək, daha çox millətə xeyir vermək idi.

Odessa həm də Nərimanovun siyasi fəaliyyətinin başlandığı yer olur. Tələbə hərəkatında yaxından iştirak edir, liman fəhlələrini arasında inqilabi iş aparır. Odessada günü-gündən artmaqda olan iğtişaşlar çar hökumətini Nərimanovun da təhsil aldığı Novorossiyski universitetini müvəqqəti olaraq bağlamağa sövq edir. Nərimanov Bakıya qayıdır və “Hümmət” təşkilatına daxil olur.

Növbəti fotoguşə Nərimanovun Həştərxan dövrünü əhatə edən guşədi. Nərimanov İran inqilabçıları ilə yaxın əlaqəsinə, Səttarxan hərəkatına kömək etdiyinə görə 1909-cu ildə Tiflisdə həbs olundu. 7 ay Metex həbsxanasında saxlanıldı. Sonra çar hökuməti onu və ailəsini Həştərxana sürgün etdi. İki illik sürgün həyatı dörd il davam etdi. Nəhayət, 1913-cü ildə Nərimanov Bakıya qayıda bildi. Məhz bu evdə yaşamağa başladı. Ta 1918-ci ilə qədər...

“O mənim üçün dost, müəllim oldu”

Fotoların arasında Nərimanovun həyat yoldaşı Gülsüm xanımla da şəklini də gördüm. Onların toyları bu evdə olub. 44 yaşında evlənib Nərimanov. Aralarında 14 yaş fərqi olub. Gülsüm xanım Şamaxının varlı tacirlərindən biri Mirzə Kazım Əliyevin qızı, Nərimanovun qardaşı qızı Asyanın həyat yoldaşı tərəfdən qohumu olub. Onun vasitəsilə tanış olublar. Bu izdivacdan Nəcəf adlı övladı olur.

Bu sözləri isə Gülsüm xanım 1941-ci ildən sovet qadınları antifaşist komitəsinin üzvü kimi radio ilə ingilis qadınlarına müraciətində öz taleyi haqqında danışarkən deyib: “Mənim bəxtimə elə bir ömür yoldaşı düşdü ki, bütün həyatım boyu ona minnətdaram. Mən Nəriman Nərimanov kimi böyük bir şəxsiyyətin simasında mehriban, həssas, qayğıkeş ömür yoldaşı, xalqın azadlığı, səadəti uğrunda yorulmaq bilmədən çalışan alovlu bir mübariz insanı gördüm. O, həyatının son dəqiqəsinə kimi öz amalından, xeyirxah işindən dönmədi. Bizim birgə ailə həyatımızın son anına kimi o, mənim üçün ən əziz dost və müəllim oldu...”

Bu guşədə 1918-ci ilə aid şəkillər yer alır. Nəsibbəy Yusifbəyli, Fətəli xan Xoyski və başqaları. 1918-ci il mart soyqırımı zamanı Nəriman Nərimanovun Şaumyana sərt məktubu “Hümmət” qəzetində nəşr olunur.

Qırğınlar zamanı bir dəstə erməni axtarış aparmaq, Nərimanovu da özləri ilə götürmək üçün bu evə gəlirlər. Qardaşı Rizvan qapıya çıxıb: “Nərimanov mənəm” deyir. Ermənilər onu aparıb, güllələmək istəyirlər. Amma Rizvan təsadüf nəticəsində sağ qalır. Belə nəticəyə gəlmək olar ki, 1918-ci ildə ermənilər Nərimanovu aradan götürmək istəyiblər.

Mart hadisələri Nərimanova çox pis təsir edir, əsəb sarsıntısı keçirir, gəzə bilmir, həkimlər onu Həştərxana xəstəxanaya göndərirlər. Onu xərəkdə aparırlar. 1919-cu ildə Moskvada Qafqaz Müsəlmanlarının Qurultayına qatılan Nərimanov Leninlə görüşür və ona Rusiya Xarici İşlər Komissarlığında Şərq şöbəsinin müdiri vəzifəsi təklif olunur. Təklifi dərhal qəbul etmir. Həştərxana qayıdıb, dostları olan tatar ziyalıları ilə məsləhətləşir. Sonra təklifə müsbət cavab verib, ailəsi ilə birgə Moskvaya köçür. Nəcəf də orada anadan olur. Bu evdə isə bacısıgil yaşayır.

1920-ci ildə aprel çevrilişindən bir müddət sonra mayın 16-da Nərimanov Bakıya gəlib. İncəsənət Muzeyinin ikinci binasının ikinci mərtəbəsində Nərimanov üçün yaşayış yeri ayrılıb. 1922-ci ilin martında Nərimanov Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) İttifaq Sovetinin sədrlərindən biri, dekabrda isə SSRİ-nin 1-ci Sovetlər Qurultayında ZSFSR-də SSRİ MİK sədri seçilir, SSRİ-nin ilk konstitusiyasının hazırlanmasında yaxından iştirak edir. Bu işlərlə əlaqədar Nəriman Nərimanov yenidən Moskvaya köçür.

Yataq otağında Nərimanovun çarpayısı, üzərində “Bahadır və Sona” kitabı, təsbehi, saatı olan yazı masası, tarı, tütəyi, əsası, dolabı, Həlimə xanıma məxsus qobelen var. Amma Həlimə xanıma bu evdə yaşamaq qismət olmur. O, 1905-ci ildə rəhmətə gedir.

Erməni-müsəlman davası zamanı onun olduğu faytona hücum edən ermənilərdən iki xəncər yarası alır, bir il sonra vəfat edir. Anasını qorumağa çalışan Rizvana isə səkkiz xəncər dəymişdi. Bu, Nərimanovun yerinə güllələnməyə gedən həmin Rizvan idi.

Yazı masasının üzərindəki təsbehin maraqlı tarixçəsi var. Nərimanov təsbeh xoşlayırmış. Bu təsbehi seminariyadakı dostuna verib, o, uzun müddət bunu saxlayıb, ölənə yaxın kürəkənini çağırıb deyib, oğluma etibar edə bilmərəm, sənə verirəm. O da rəhmətə gedəndə öz kürəkəninə verib. Həmin şəxs 2002-ci ildə muzeyə gəlib, bu təsbehi təhvil verib.

Bu otaqda hər şey Salman Nərimanovun qızı İltifat xanımın xatirələrinə əsasən yerləşdirilib. Burada Nərimanovun tibbi alətləri (maşalar, güzgü, cərrahiyyə aləti və s.- N.M), kitabxanası, asılqanı, Odessada praktikası keçirilən klinikadan fotolar, masası, üzərində xəstəliklərlə bağlı çap etdirdiyi maarifləndici kitabları var.

Xəstələri hər dördüncü gün bu otaqda qəbul edirmiş.

Yeri gəlmişkən, muzeyin giriş qapısının yanında bir ağ qapı vardı. Gələndə yox, gedəndə bunun fərqinə vardım. Üzərində “Докторъ Н.Наримановъ” yazılan qapı məhz doktor Nərimanovun xəstələri üçün imiş.

Dostları ilə hər cümə görüşüb, söhbət etdiyi, gərgin siyasi müzakirələr apardığı qonaq otağı Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyətinin XX əsrin ilk onilliklərini əhatə edən sənəd və materialları əks etdirir. Bu evdə Üzeyir Hacıbəyov, Ərəblinski, Müslüm Maqomayev, Əzim Əzimzadə, Sarabski, Cahangir Zeynalov, Səməd Mənsur, Əbdürrəhim bəy Haqverdiyev, Çəmənzəminli, Hüseyn Cavid, Abdulla Şaiq və başqaları olub.

Nərimanovun Hacı Zeynalabdin Tağıyevlə münasibətləri çox yaxşı olub. Bir dəfə Müəllimlər qurultayında sözləri çəp gəlib və bu, hamının dilinə düşüb. Nərimanov o vaxt cavan idi, Tağıyev isə yaşlı, dünyagörüşü daha geniş bir adam idi. O vaxtlar da məktəblərdə Azərbaycan dilində danışmağa icazə vermirdilər. Nərimanov nə qədər ürəyiyumşaq, həssas adam olsa da, iş əsnasında bir o qədər sərt mövqe ortaya qoyurdu.

Nərimanov “Həyat”, “İrşad” qəzetlərində dillə bağlı çap olunan məqalələrində sərt şəkildə “Dilimizi qorumalıyıq, bu yolda mübarizə aparmalıyıq, qəzetimiz, ədəbiyyatımız, məktəbimiz olmalıdır” kimi mövqe sərgiləyirdi.

1906-cı ildə keçirilən həmin qurultayda Həsən bəy Zərdabi ilə birlikdə Nəriman Nərimanov ilk növbədə dil məsələsini müzakirə edib. Tələbləri də bu olub ki, müəllimlərə dərs əsnasında Azərbaycan dilində danışmağa icazə verilsin. Bilirsiniz ki, Tağıyev rus-müsəlman qızlar məktəbini elə asanlıqla açmayıb. Aleksandra Fyodorovnaya göndərilən hədiyyələr, bəxşişlər... Tağıyev deyirdi ki, biz bunu tələb yox, xahiş etməliyik. Nərimanov isə razılaşmırdı.

Mübahisə düşüb, Tağıyev də hirslənib, deyib, mənə, yoxsa mənim pulumla oxuyan birinə qulaq asacaqsınız?.. Pulu ilə oxumaq söhbəti də dilə düşüb. Halbuki o vaxt Tağıyevin oxutdurduğu hər kəslə kontorunda müqavilə imzalanırdı. Bir məktubda deyilir ki, Nərimanovla imzalanan müqavilədə pulun iki il müddətinə hissə-hissə geri qaytarılacağı qeyd olunub.

Nərimanov oxuyub gələndən sonra kontor pulu ondan bir dəfəyə tələb edib. Nərimanov da bununla bağlı Tağıyevə məktub yazıb. Hətta bir məktubunda Nərimanov hissə-hissə ödənilən məbləğin həcmini dəqiqləşdirmək istəyib.

Kamilə xanım balaca kitabçanı bizə uzadıb: “Baxın, Nərimanovun “Hacı Zeynalabdin Tağıyevin 50 illiyi: məişətə və cəmaətə xidmətləri” adlı kitabçası var. Bunu kim oxusa görər ki, Nərimanov Tağıyevə necə qiymət verib”, - dedi.

Tağıyevi şəhərdəki evində çox narahat ediblər. Hər dəfə Nərimanova zəng edirdi.

Nəriman Nərimanov Tağıyevə təklif edib ki, Mərdəkandakı evi ilə şəhərdəki evi arasında seçim edib, daha rahat olanını seçib, orada yaşasın. Tağıyev də Mərdəkandakı mülkünü seçib, ora köçüb. Nərimanov tez-tez onun yanına gedərmiş. Hətta Moskvada işləyərkən də bura gələndə Tağıyevə baş çəkərmiş.

Nərimanov-Atatürk əlaqələri...

Kamilə xanım bizə Nərimanov-Atatürk münasibətlərinə dair Türkiyədə çap olunan beş kitabı da göstərdi. “2005-ci ildə Türkiyədən Hüseyn Adıgözəl adlı bir tədqiqatçı gəldi, bizdən və Türkiyə arxivlərindən əldə etdiyi materiallar əsasında 5 kitab nəşr etdirdi. 1921-ci ildə Mustafa Kamal Paşa Azərbaycan hökumət başçısı Nərimanova məktub göndərərək ondan borc pul istəmişdi. Azərbaycan hökuməti tərkibindəki bəzi nümayəndələrin etirazına baxmayaraq, Nərimanov Atatürkün bu istəyini yerinə yetirmiş, əvvəl 500 kiloqram qızıl, sonra on milyon qızıl rubl göndərmişdi.

Üstəlik, Türkiyənin tələbi olmadan Nərimanov yenidən 30 sistern neft, 2 sistern benzin, 8 sistern yağ yolladı. Bu savaş içərisində olan qardaş Türkiyəyə böyük dəstək idi.

Hüseyn Adıgözəl qeyd edirdi ki, Qurtuluş savaşının ən təhlükəli günlərində bir qardaş olaraq əlini uzadan və əlindən gələn yardımı əsirgəməyən, Sovetlər Birliyinin içindən savaşa böyük dəstək verən Nərimanov bir kommunist olsa da türk, türkçü, şəxsiyyətinin sahibi olduğuna zərrə qədər də şübhəmiz yoxdur.

Yorğun və solğun Nərimanov

Nərimanovun 1925-ci ildə çəkdirdiyi şəkilləri daha çox diqqətimi çəkdi. Hamısından solğun, yorğun çöhrəli Nərimanov boylanır. 1925-ci il həyatının son ili...

1925-ci ilin martın 19-da əmim işdən sağ-salamat gəlib, yeməyini yeyib uzanıb. Hətta deyib ki, axşam saat 7-də arxasınca maşın gəlib, onu iclasa aparacaq. Elə də olur. Ürəyi zəif idi, amma axır illərdə daha çox ağrıyırdı.

Çünki 1922-də Moskvada ZSFSR İttifaq Sovetinin dörd sədrindən biri seçiləndən sonra işlərin gedişatını daha aydın gördü və başa düşdü ki, hakim dairələrin sözləri ilə əməlləri düz gəlmir. İki-üç dəfə Stalinə məktub yazıb, istefaya getmək, Azərbaycana qayıdıb, ədəbiyyat və tibbi fəaliyyətini davam etdirmək istəyirdi.

Amma onlar bilirdilər ki, Nərimanov Azərbaycana gəlsə burdan onlara qarşı mübarizəsini davam etdirəcək. Ona görə getməyinə icazə vermədilər. Sona qədər yanlarında saxlayıb, məhv etdilər.

Həmin gün Nərimanov iclasa gedir, Stalinlə bərk mübahisə edir, iclası yarımçıq tərk edir, bufetdə kofe içir, halı pisləşir, xəstəxanaya yerləşdirilir. Deyirdilər Nərimanovu kofe ilə zəhərləyiblər...


Müəllif: Elçin Murad, Nərmin