1 Fevral 2018 14:21
2 502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orfoqrafiya qaydaları ilə bağlı belə bir layihə ilk dəfədir ki, cəmiyyətin müzakirəsinə verilib. Bu tarixi hadisəni düzgün dəyərləndirmək isə hər kəsin borcudur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Dilçilik İnstitutu”nun dünənki iclasından sonra dilçi alim Şahlar Göytürk deyib. Onun sözlərinə görə, 3 saata yaxın davam edən görüş olduqca faydalı olub.
“Bu gün hörmətli akademik İsa Həbibbəylinin sədrliyi ilə 3 saata yaxın davam edən görüş olduqca faydalı oldu. İşçi qrupunun üzvü kimi bir daha şahid oldum ki, layihə ilə bağlı KİV-də gedən yazılara- irad və təkliflərə son dərəcə hörmət və təmkinlə yanaşılır. Orfoqrafiya Komissiyası bu fikirdədir ki, layihə ilə bağlı ən kəskin fikirlər belə Azərbaycançılıq və vətənsevərlik duyğusundan qaynaqlanır. Yazılardan o da məlum olur ki, irad bildirənlərin bir çoxu dillə dilçilik elmini eyniləşdirirlər, hətta "dilimiz dəyişdirilir" şüarı ilə çıxış edirlər. Dəyərli dostlar, bu layihədə dil məsələsi müzakirə olunmur. Dilimiz son dərəcə mükəmməldir. Söhbət Orfoqrafiya qaydalarından, onun təsbitindən gedir”.

Şahlar Göytürk orfoqrafiyanın dilin deyil, dilçilik elminin problem olduğunu səbəb gətirərək, bu sahəylə dilçilərin məşğul olmasını doğru hesab edib:

“Orfoqrafiya qaydaları ilə bağlı belə bir layihə ilk dəfədir ki, cəmiyyətin müzakirəsinə verilib. Bu tarixi hadisəni düzgün dəyərləndirmək isə hər kəsin borcudur. Dil inkişaf etdikcə bəzi qaydaların yenilənməsi zərurəti yaranır. Akademik İsa Həbibbəylinin təbirincə desək, bu layihə kiminsə elmi-tədiqiqt işi deyil ki, istədiyi maddələri daxil etsin və onu müdafiə etsin. Layihə ilə bağlı təkliflər ayrı-ayrı dilçilərə məxsusdur. Bunlar ümumiləşdirilərək müzakirəyə təqdim edilib. Bir daha diqqətinizə çatdırırıq ki, layihənin mükəmməlliyi sağlam ictimai müzakirə və onun nəticəsindən asılıdır. "Qərar yuxarıdan gəlib, irad və təkliflərimiz nəzərə alınmayacaq" kimi təbliğatların heç bir əsası yoxdur. Layihə ilə bağlı haqsız, qərəzli fikirlərə ilk gündən etiraz etmişəm, çünki bu, taleyüklü məsələdir, dövlət işidir. Orfoqrafiya müqəddəs kitabımızdır, əsassız fikirlərə, ittihamlara fikir vermədən məhz Sizlərin köməyi və dəstəyi ilə bu işi vicdanla yerinə yetirəcəyik”.

Şahlar Göytürk onu da qeyd edib ki, işçi qrupu ayrı-ayrı maddələrə aid KİV-də gedən fikirləri ümumiləşdirdikdən sonra nəticələri elan edəcək.

“Məsələn:

1) “Əsgər”, yoxsa “əskər” yazılsın? 6 nəfər lehinə, 14 nəfər əleyhinə.

Komissiya ictimai müzakirələrə o qədər həssaslıqla yanaşır ki, hətta mənim qızğın şəkildə dəstəklədiyim təklif (22-ci maddə) böyük ehtimalla qəbul olunmayacaq.

2) “Alğı-satqı”, yoxsa “alqı-satqı” yazılsın? 8 nəfər lehinə, 5 nəfər əleyhinə.

Bunlar hesabat xarakterli hələlik araşdırdığımız irad və təkliflərin çox kiçik bir hissəsirdir. Yüzlərlə yazını oxuyub sistemləşdirmək olduqca vaxt alır. İşimizi yüngülləşdirmək istəyirsinizsə, birbaşa irad və təkliflərinizi yazın və bacardığınız qədər əsaslandırmağa çalışın. Müzakirələrdə fəal iştirak edən, vətəndaş mövqeyini əsirgəməyən, hətta Vətəndən uzaqda yaşasalar da dilimizi unutmayan və dəyərli təklifləri ilə "Layihə"yə öz tövhəsini verən bütün soydaşlarımıza öncədən dərin təşəkkürümüzü bildiririk.


Müəllif: Xəzər Süleymanlı