26 Aprel 2014 18:59
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rövşən Almuradlının “əyalət teatrlarında mənə tamaşa verilmir” ifadəsi əksər rejissorları, teatr rəhbərlərini ayağa qaldırıb.

Tanınmış rejissor, əməkdar incəsənət xadimi Oruc Qurbanov Teleqraf.com-a açıqlamasında həmkarının fikrinə münasibət bildirib.

Onun sözlərinə görə, R.Almuradlı onun baş rejissoru olduğu İrəvan Teatrına müraciət etməyib:

"Mən bildiyim qədər Rövşən Almuradlı bizim teatra müraciət etməyib. Yadımda deyil ki, əməkdaşlıq etmək üçün müraciət edən hansısa rejissoru teatrdan uzaqlaşdıraq. Əksinə biz cəlb etməyə çalışırıq. Müraciət etsə, şərait yaradaraq. Bundan ötrü quruluş vermək istədiyi əsəri bizə təqdim etməlidir. Biz də əsərin repertuarımıza uyğunluğuna baxıb, eləcə də maliyyə cəhətdən teatra gətirəcəyi xeyri nəzərə alıb ona fikrimizi deyəcəyik. Bilirsiniz, Rövşən Almuradlı mənim yaxın dostum olub. Sumqayıt Teatrında işləyəndə ona iki dəfə hazırlamaq üçün tamaşa vermişəm. İki tamaşasının da bədii rəhbəri olmuşam. Ondan sonra onu hüququ əsasla Moskvaya iki illik rejissor kurslarına göndərmişik. İstəyirəm ki, onun da yaradıcı həyatı uğurlu olsun. Mənə elə gəlir ki, ona da tamaşa verəcəklər. Burda ciddi problem yoxdur".

“Elçin Əfəndiyevin nə zaman vaxtı olsa...”

Rejissor bildirib ki, hazırda Bakı Bələdiyyə Teatrında yeni tamaşa hazırlayır. Onun sözlərinə görə, təklif teatrın direktoru Amaliya Pənahovadan gəlib:"On il bundan öncə mən həmin teatrda tamaşa hazırlamışdım. Ondan sonra əlaqələrimiz olmayıb. Amaliya xanım təklif etdi ki, yenə teatrda tamaşa hazırlayım. Mən də bununla bağlı axtarış apardım. Və Elçin Əfəndiyevin “Mənim ərim dəlidir. Diaqnoz D” əsərinin üzərində dayandım. Hətta onu deyim ki, bu əsər türk dramaturgiyası tarixində ilk absurd pyeslərindən biridir. İndiki dövrdə absurd dramaturgiya məni hədsiz dərəcədə cəlb edir". Rejissor tamaşanın məşqlərinin İbrus Teatrında aparılması faktını təsdiqləmədi. Onun sözlərinə görə, məşqlər Badamdar qəsəbəsində yerləşən “Oksford” məktəbində baş tutur:"Məşqimizi İbrus Teatrında başlamışdıq, amma sonra orda qalmaq alınmadı. Amaliya xanım şəxsi tanışlarından xahiş etdi və biz məktəbdə məşqlərimizi davam etdirdik. Məşqlər də saat 17:00-da başlayır". Rejissor qeyd edib ki, tamaşanın premyerası 1-5 may tarixlərində keçirilə bilər:"Biz Elçin Əfəndiyevə müraciət etmişik. May ayının 1-dən 5-nə kimi Elçin Əfəndiyevin nə zaman vaxtı olsa, premyeranı o günə salacağıq".

“O da başqasının arvadını götürüb qaçır”

Rejissor İrəvan Teatrında da yeni tamaşanın hazırlıqlarına başlayıb. Belə ki, teatr İlyas Əfəndiyevin 100 illiyi münasibəti ilə “Geriyə baxma, qoca” romanının motivləri əsasında yeni tamaşa təqdim edəcək:"Əsər Qarabağın başına gətirilən hadisələrdən bəhs edir. Qarabağın başında isə pristav Bayram bəy dayanır. O min-bir əziyyətlə Qarabağı müdafiə edir. Bayram bəy tarixi şəxsiyyətdir. Amma sonra o KKB-nin padvalında Kasparov kimilərin əmri ilə ölümə məhkum olunur. Bu, bəlkə də, Azərbaycan ədəbiyyatında ilk kamil bəy obrazıdır: vətəni naminə öz şəxsi həyatını qurban verən bəy. Bizim ədəbiyyatımızda nümunə olaraq təqdim oluna biləcək ikinci bəy obrazı yoxdur. “Dəli kür”də Cahandar ağamız var, o da başqasının arvadını götürüb qaçır. Bununla o, artıq bəy statusu daşıya bilməz. Bəy elə hərəkət etməz. Bayram bəyi Nurəddin Mehdixanlı oynayacaq. Hazırda tamaşanın hazırlıq prosesləri gedir. Tamaşa dövlət sifarişi ilə hazırlanır. Noyabr ayına kimi tamaşanı bitirəcəyik. Onu da deyim ki, tamaşanı “Azdrama”nın səhnəsi üçün nəzərdə tutmuşuq".


Müəllif: