8 Fevral 20:46

Son zamanlar incəsənət sahəsində baş verən yeniliklər gözlə görüləcək səviyyədədir. Demək olar ki, hər ay yeni-yeni filmlər, seriallar çəkilir. Belə bir inkişaf dövründə peşəkar aktyorların seriallarda, filmlərdə rol almamasının səbəblərini Elnur Kərimovdan öyrəndik.

Teleqraf.com-a açıqlama verən sevilən aktyor efirlərə çıxmasa da, gördüyü işlərindən danışdı:

“Xocalı faciəsi ilə bağlı tamaşa hazırlanır. Hər gün həmən tamaşanın məşqlərini edirik. Gənc Tamasaçılar Teatrında isə Hüseyn Cavidin "Ana" əsəri əsasında tamaşanın məşqlərinə start verilib. Bu tamaşa həm də əməkdar artist Nübar Novruzovanın 60 illik yubileyi şərəfinə hazırlanır. Tamaşada mənə "Murad" obrazı həvalə olunub. Tamaşanın quruluşçu rejissoru Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Bəhram Osmanovdur”.

Aktyor filmlərdə və seriallarda rol almamağına isə belə aydınlıq gətirdi:

“Aktyorluqdan əlavə, tədbirlərdə aparıcılıq edirəm. Serial və kino fəaliyyətim hələ ki yoxdur. Teatrlardan, seriallardan, filmlərdən dəvət gəlir. Lakin bu il tamaşadan başqa heç bir təklifi qəbul etmədim. Səbəbi isə şərtlərimdir. İş saatının düzgün təyin edilməsi, obrazların təhlili, çəkiliş günləri və ən əsası cəmiyyətə verdiyi mesajdır. Seçim edərkən çalışıram ki, real həyatımızda baş verənlərin ekranda bədii təsvirini görüm. Bu yanaşma həm də cəmiyyətdə baş verənləri insanlara güzgü kimi göstərir və tamaşaçılarda filmə baxdıqda nələrdənsə nəticə çıxarırlar.

Hər bir insan işinin, çəkdiyi əziyyətin qarşılığını almaq istəyir. Əgər serialda, filmdə oynayıramsa, bu işin təhsilini alıb, bu gün müəyyən bir kütlənin sevgisini qazanmışamsa, qonorar məni qane etməlidir. Lakin çox zaman qonorarla da razılaşa bilmirəm.

Görünür, rejissorların diqqətini çox da çəkə bilməmişəm. Buna görə heç kimi qınamaq fikrim yoxdur. Çox istəyərəm ki, filmlərim seriallarımız inkişaf etsin. Hər kəs də işinə peşakarcasına yanaşsın.

Son zamanlar çəkilən filmlər bir müsbət cəhəti odur ki, insanlara kinoteatrların yerlərin tanıdır.

Tamaşaçılar vaxtı gəldikdə öz rejissorunu və aktyorunu seçəcək. Ona görə düşünürəm ki, kim film çəkmək istəyirsə çəksin, kimin ürəyində nə varsa, boşaltsın və nəyə qadir olduqlarını görsətsinlər.

Bəzi filmlər uğursuz olduqları üçün vizyondan tez bir zamanda çıxarılır. Tamaşaçı filmə baxmağa getmirsə, deməli, filmin uğursuz olması haqqında məlumat yayılıb. Belə olan halda, sponsorlar gələn dəfə o filmi çəkən insana maliyə ayırmayacaq.

Kino çəkənlər də çalışırlar ki, publikanın qəbul etdiyi komediya janrında olan aktyorlardan istifadə etsinlər. Onların hesabına tamaşaçı sayı çoxalsın və filmə çox baxılsın”.

Elnur Kərimov çəkilən verilişlərə də öz etirazını bildirdi:

“Verlişlərdə son zamanlar maraqlı mövzular işlənmir. Bəsit mövzular və bu mövzular ətrafında bəsit müzakirələr gedir. Təbii, heç nədən xəbərsiz qalmayım deyə, mən də o verilişləri izləyirəm. Sadəcə, cəmiyyətə maarifləndirici mövzular da lazımdır. Özlərinə güvənən peşəkar rejissorların üzərlərinə çox iş düşür. Aktyorluq bacarığı olan, bu işin təhsilini almış yeni-yeni similar axtarıb üzə çıxarmalıdırlar. Keyfiyyətli kastniqlər olmalıdır. Təbii ki, bunlar indi problemdir, ancaq zamanla film sevərlərin, tamaşaçıların da köməyi ilə bu cür hallar da aradan qaldırılacaq”.

Qeyd edək ki, Elnur Kərimov “Küçələrə su səpmişəm” ilk debut filmində gənc Bəhmən, teatrda isə “Qarışqa şıllaq atdı” tamaşasında “Elbənd” obrazı ilə tanınıb.


Müəllif: İradə Musayeva
Загрузка...