6 Mart 2018 10:45
2 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi “Şərqin ilk parlayan ulduzu - Azərbaycan Xalq Respublikası - 100” adlı esse yazı müsabiqəsi elan edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən Trend-ə verilən məlumata görə, yanvar ayının 10-da Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar Mədəniyyət Mərkəzinin cari il üçün iş planının 1-ci bəndi bu istiqamətdə çoxsaylı tədbirlər nəzərdə tutulub.

Bununla əlaqədar, cari ilin may ayında Daşkənddə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət Özbəkistanın gənclərdən ibarət Simfonik Orkestrinin ifası ilə “Şərqin ilk parlayan ulduzu: Azərbaycan Xalq Respublikası - 100” adlı möhtəşəm konsert proqramının təşkili, “Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil Azərbaycanın ədəbiyyat tarixi” adlı özbək dilində kitabın nəşri, Özbəkistan KİV-ləri arasında “Первая Демократическая Республика в Мусульманском мире - Азербайджанская Народная Республика - 100” adlı məqalə müsabiqənin keçirilməsi, bu mövzuda yerli mətbuatda çoxsaylı məqalələrin dərc olunması və s. tədbirlər nəzərdə tutulub.

Azərbaycan Mədəniyyət Mərkəzinin start verdiyi ilk tədbir Özbəkistanın yeniyetmələri və gəncləri arasında elan olunan “Şərqin ilk parlayan ulduzu - Azərbaycan Xalq Respublikası – 100” adlı esse yazı müsabiqəsi olub.

Esse yazıda əsasən 23 ay mövcud olan Azərbaycan Xalq Respublikasının əldə etdiyi uğurlar, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rol, həyata keçirilən böyük islahatlar və bu Cümhuriyyətin gələcəkdəki müasir Azərbaycanın müstəqilliyinə, onun inkişafına təsiri və s. əsas mövzu olaraq müəyyən edilib.

Məlumatda xüsusi qeyd olunur ki, 100 il əvvəl cümhuriyyətin elan edilməsi ağır məşəqqətlərə məruz qalan Azərbaycan xalqının milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsidir, xalqımızın dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrinin davamı kimi xüsusi əhəmiyyət daşıyır. 23 aylıq bir zamanda mövcud olan bu cümhuriyyətin xalqımızın milli özünüdərk, öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirib.

Esse yazısının tələbləri (Arial-12 şriftində, yazılar 1.5 interval və ümumi olaraq 3-5 səhifə həcmində) müəyyən edilimiş və əsas şərt kimi fikirlərin dəqiq, obyektiv olması, mənbələrə əsaslanması, habelə bu əhəmiyyətli hadisənin Azərbaycan xalqının istiqlal tarixində oynadığı mühüm rolun aydın göstərilməsi vacib şərt kimi qeyd olunub.

Sözügedən müsabiqənin şərtlərinə əsasən esse Özbək, Azərbaycan, Rus, və İngilis dillərində yazıla bilər və yazılara Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmış Xüsusi Komissiya tərəfindən baxılacaq.

Müsabiqəyə may ayının 20-də yekun vurulacaq, qaliblər Mədəniyyət Mərkəzinin xüsusi mükafatları və Fəxri diplomları ilə təltif olunacaqlar.

Ən yaxşı esse mükafatına layiq görülən yazı Mədəniyyət Mərkəzinin Azərbaycan tarixi muzeyindəki “Azərbaycan Xalq Respublikası”na aid guşəyə yerləşdiriləcək və daimi Muzeydə sərgilənəcək.


Müəllif: Teleqraf.com