8 Aprel 2018 14:18
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir insan ilk gündən etibarən həyatla mübarizə aparır. Bəziləri bu mübarizəyə 1:0 məğlub başlasa da, sonradan özlərinin əzmkarlığı ilə hesabı bərabərləşdirir, hətta önə keçirlər.

Belələrindən biri də 35 yaşlı Samirə Sultanovadır. Samirəyə körpəlikdən anadangəlmə uşaq iflici diaqnozu qoyulub. O, danışa bilmir, əli əşya tutmur. Amma heç kimin bacarmadığını bacarır - ayaq barmaqları ilə rəsmlər çəkir. 8 yaşından bu istedadı özü və ətrafdakılar tərəfindən kəşf olunan o vaxtkı uşaq tez bir zamanda hamını özünə heyran qoyur. Çəkdiyi əsərləri ilə bir çoxlarının marağını cəlb edir, müxtəlif sərgilərdə uğurlar qazanır. Onun 1987-88-ci illərdə keçirilən sərgilərin birində karandaşla “Suda ördək və balaları” adlı əsəri türk vətəndaşı tərəfindən bəyənilir və alınır. Samirə 1997-ci ildə Əlillərin 3-cü Ümumrespublika Yaradıcılıq sərgisində iştirak edir, sonra isə o, 5-ci Yaradıcılıq sərgisində üçüncü yeri tutur.

2000-ci ildə Sultanovlar ailəsinin yeganə övladının əl işləri Moskvada təşkil olunan Beynəlxalq “Filantrop” fondunun keçirdiyi sərgidə nümayiş olunur və üçüncü yerə layiq görülür. Üç il sonra gənc qızın əsərləri Şotlandiyanın Aberdin şəhərində “Konoko Filips” neft şirkətinin ofisində təşkil olunan sərgidə rəğbətlə qarşılanır. 2003-cü ildə Türkiyənin İstanbul şəhərindəki əlil rəssamların çəkdiyi şəkillərdən ibarət sərgidə onun işləri birinci yerə layiq görülür.

Samirə dəfələrlə ümummilli lider Heydər Əliyevin də porterini çəkib və fərqlənməyi bacarıb.

Fiziki məhdudiyyətli rəssamın bu uğurları qazanması heç də təsadüfi deyil. Çünki o öz əsərlərilə fikirlərini, hislərini bölüşür. Ən əsası isə Samirənin daxilində bir həyat eşqi, mübarizlik var. Samirə gələcəkdə hər şeyin daha yaxşı olacağına inanır. İnam olan yerdə isə hər şey mümkündür, hətta bütün “olmaz” dediklərimiz də. Elə isə biz də gələcəkdə onunla yenə görüşmək arzusu ilə gənc rəssama uğurlar arzulayırıq.


Müəllif: Teleqraf.com