20 Aprel 21:58

Təbii ki, yaşamaq üçün pul da lazımdır. Ancaq sifarişlə demək olar ki, işləmirəm. Əsərlərimi alırlar. Bütün əsərlərim mənim üçün doğma olduğuna görə, heç vaxt qiymətləri arasında fərq qoymamışam. Biri var əsərə qiymət qoymaq, biri də var dəyər vermək. Mən dəyər verirəm.

Bu sözləri Teleqraf.com-a “Avtoportret” layihəsinin qonağı rəssam Həmid Məhərrəmov deyib. Müsahibəni təqdim edirik.

Sənəti ticarətə çevirmək olmaz



- Həmid bəy, niyə rəssam olmaq istədiz? Bildiyim qədərilə, bu sahədə pul qazanmaq da asan deyil.

- Rəssam ailəsində böyümüşəm, atam rəssamdır. Rəssamlığı davam etdirməsə də, layihələr çəkir, dizayn işləri ilə məşğul olur. Atamla məsləhətləşib, bu yolu seçdim, rəssam olmağa qərar verdim. Heç vaxt sənətimə qazanc yeri kimi baxmamışam. Sənəti ticarətə çevirmək olmaz. İnsanlar bu sənəti dəyərləndirməlidirlər.

- Hansı əsərləriniz sizə daha doğmadır, yaxşı pula satılanlarmı, yoxsa, üzərində daha çox əmək sərf etdiklərinizmi?

- Van Qoqun dövründə onu heç kəs anlamırdı. İndi-indi anlayırlar. Başa düşürlər ki, o nə demək istəyirmiş. Və bu gün Van Qoqun əsərləri külli miqdarda pul qarşılığında satılır. Halbuki, yaşadığı dövrdə əsərləri satılmırdı. Bir sözlə, mən də özümü bütünlüklə sənətimə həsr etmişəm. Çalışmaq lazımdır ki, sənəti inkişaf etdirəsən, pulu düşünməyəsən.

Təbii ki, yaşamaq üçün pul da lazımdır. Ancaq sifarişlə demək olar ki, işləmirəm. Əsərlərimi alırlar. Bütün əsərlərim mənim üçün doğma olduğuna görə, heç vaxt qiymətləri arasında fərq qoymamışam. Biri var əsərə qiymət qoymaq, biri də var dəyər vermək. Mən dəyər verirəm.

Sənət və elm

- Əsərlərinizdə daha çox nəyə diqqət edirsiz?

- Əsasən fəsləfəyə, məzmuna və rənglərin həllinə diqqət edirəm. Məsələn, intibah dövründə cəmi 2-3 rəngdən istifadə ediblər. Dövr dəyişdikcə, daha çox rəngdən istifadə etməklə, daha rəngarəng əsərlər yaradıblar. “Neoplastisisizm” cərəyanının yardıcısı Piet Mondrian göy, sarı, qırmızı rənglərdən və kvadratlardan istifadə edib. Mən isə kvadratları şaxələndirib, bir-birinin içində plastika yaratmışam. Ezoterika elmini və fəlsəfəni yaxşı bildiyim üçün, öz fikirlərimə uyğun məzmun yaradıram.

Arts Council Azerbaijan

- Sərgiləriniz olurmu?

- 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin və “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə “1969 Qalereyası”nda "Transformasiya" adlı fərdi yaradıcılıq sərgim keçirilib.

- Bəs xarici ölkələrdə?

- Xarici ölkələrdə də tez-tez oluram. Son dəfə TÜRKSOY-un dəvəti ilə Qazaxstanda oldum. Ordan da bizi Türkmənistana apardılar. 16 türkdilli dövlətin rəssamlarının iştirakı ilə böyük simpozium təşkil olunmuşdu. Canlı naturadan rəsmlər çəkdik. 6 rəssama xüsusi pul mükafatı təqdim olundu, onlardan biri də mən idim. Türkiyədə də bir neçə dəfə sərgim keçirilib. Argentinada mənim və həmkarım Günel Ravilovanın əsərləri haqqında saytlarda məlumat yerləşdirilib.

Yeni cərəyan - Nyuplastisizm



- Artıq, incəsənətin bütün sahələrində müxtəlif cərəyanlar, yeni üslublar formalaşıb. Siz daha çox hansı üslubda işləyirsiz? Sizi başqa rəssamlardan fərqləndirən nədir?

- Mənim yaradıcılığımda əsasən abstraksiya, impressionizm, postmodernizm üslubları yer tutur. İndi yeni stillərdə işləyirəm. 1950-1960-cı illərdə “Neoplastisizm” adlı cərəyan yaranmışdı. Mən bu cərəyan üzərində axtarışlar edib, yeni “Nyuplastisizm” cərəyanını yaratmışam. Hər iki cərəyanın kökündə isə XX əsrin əvvəllərində meydana gələn “Kubizm” cərəyanı durur. Azərbaycanda bu janrda məndən başqa işləyən rəssam hələ ki, yoxdur.

- Bəs başqa ölkələrdə necə, varmı bu üslubda işləyən rəssamlar?

- “Neoplastisizm”də işləyənlər var, ancaq “Nyuplastisizm”də işləyənlər yoxdur. Çünki bu üslub mənim üslubumdur.

Sirli “Efir” elementi



- İntibah dövrünün rəssamlarının hamısının əsərlərində xüsusi gizli kodlar var idi. Həmin əsərlər indi də araşdırılır. Siz də əsərlərinizdə gizli kodlardan istifadə edirsizmi?

- Əlbəttə. Əsərlərimə diqqətlə baxanlar o kodları açıq şəkildə görə bilərlər. Hətta Numerologiya elmindən də istifadə edirəm.

- Ən sirli əsəriniz haqda danışa bilərsizmi?

- Mendeleyev cədvəlindən xaric olunan kimyəvi element var, istərdim o elementlə bağlı bəzi məqamları qeyd edim. Bir dəfə Yer kürəsinini çəkmişdim. Elementlər əlavə edib ruhun bədənə daxil olmasını, efirin yaranmasını göstərmişdim. Elə rəsmin adını da “Efir” qoymuşdum. “Efir” atom çəkisi 0,4 olan, yer üzərində hər yerdə mövcud elementdir. Bu maddə əsl enerji daşıyıcısıdır. “Efir”in hissələri atomları, molekulları formalaşdırır, amma, kimyəvi reaksiyalarda iştirak etmir. “Efir” - maddənin bir hissəsidir, yəni ruhudur, enerjisidir. İnsan bədənində də var. Bilmirəm, qəribə bir duyumla, hissiyyatla rəsmin üzərində “X” işarəsi qoymuşdum. Bir neçə gün qabaq internetdə bir məlumatla qarşılaşdım. Sən demə, efirin kimyəvi işarəsi X-dır.

Mendeleyev sağ olarkən, onun tərtib etdiyi Elementlərin Dövri Sistemi Cədvəlinin orjinalında “Efir” adlı element mövcud idi. 1906 ci ildə nəşr olunan “Kimyanın əsasları” kitabında Mendeleyevin əsl cədvəli salınıb. Mendeleyev “Efir”i öz cədvəlində “Nyutoniy” adlandırmışdı. Cədvəlin yuxarı sol küncündə yerləşən bu maddə "Dünya efiri" idi. Cədvəldə “Efir”, “Hidrogen”dən əvvəl yazılmışdı, sıfır qrupuna, sıfır sırasına daxil edilmiş yeganə element idi.

Mendeleyevin vəfatından sonra bəşəriyyətin tərəqqisini istəməyən qüvvələr cədvəl üzərində dəyişiklik edib, “Efir” elementini oradan xaric etdilər və 0 qrupunu ləgv etdilər. Beləliklə də, fundamental ixtiranın konseptual məna kəsb edən ixtirasını gizlətmiş oldular.
Bax belə bir qəribə hadisə ilə qarşılaşmışam.


Müəllif: Xəzər Süleymanlı
Загрузка...