28 Aprel 2018 10:17
4 855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Övladınızın tərbiyəsini nəyə görə mənim üstümə atırsız?..

Nöqtə-vergülü düz qoymursa, cavab yazmıram...

Anladım ki, uşaqlarımı rus sektoruna keçirməliyəm...

Dilimizə zərbə vuran cinayətkarlar onlardır...

Hərdən deyirlər ki, siz “Maşın şou”da nəyi təbliğ edirsiz, çıxıb orda bir-birilərini qırırlar, tamaşaçı baxıb nə tərbiyə götürsün? Deyirəm, bir dəqiqə, siz deyirsiz ki, “Maşın şou” insanlara nə tərbiyə verir? Şou nə vaxtdan insanlara tərbiyə verib? Evinizdə tərbiyə vermədiyiniz övladınızın tərbiyəsini nəyə görə mənim üstümə atırsız?

Bu sözləri Teleqraf.com-a müsahibəsində əməkdar artist, şoumen Murad Dadaşov deyib. Müsahibəni təqdim edirik.

- Murad bəy, bildiyim qədərilə “Maşın şou”nun növbəti mövsümünə hazırlaşırsız. Veriliş nə zaman efirdə olacaq, tarix məlumdurmu? Tamaşaçıları bu dəfə hansı surprizlər gözləyir?

- Tarix məlumdur. Mayın 28-də efirdə olacağıq. Ümid edirəm ki, çox maraqlı şou olacaq. Məqsədimiz çox maraqlı televiziya layihəsi etməkdir.

- Yəqin iştirakçılar haqda məlumat verməyəcəksiz...

- Əlbəttə, açıqlaya bilməyəcəm. Ona görə ki, biz həmişə bu məqamları sirr kimi saxlayırıq. Amma dəyişməyən bir şey qalır ki, 18 iştirakçının hər biri mənim şəxsi dəvətimi qəbul edib. Hər bir şəxs ayrı-ayrılıqda mənim üçün çox maraqlıdır deyə dəvət etmişəm. “Maşın şou” efirdə olmadığı müddətdə komandamız mediada tanınan və maraqlı görsənə biləcək insanları toplayır. Şou efirə gedənə qədər iştirakçıların adları sirr saxlansa da, onlar çoxdan yığışırlar. Özləri üçün orda bir həyat qururlar, bu həyat bizə çox maraqlıdır...

- İştirakçıları hansı xüsusiyyətlərinə görə seçirsiz?

- Elə insanlar var ki, onlar çox tanınmışdır, çox sevilir və çox qalmaqallıdır, ancaq “Maşın şou”ya dəvət almır. Çünki “Maşın şou” qalmaqal verilişi deyil. “Maşın şou” intellektual mübarizədir. İnsanlar istər-istəməz orda mübarizə şəraitində yaşayırlar. Onlar özlərinin gündəlik komfort zonasından çıxıb, təkcə digər iştirakçıları yox, özlərini də tapırlar, tanıyırlar.

- Niyə “Maşın şou”da ancaq şou-biznes nümayəndələrini görürük? Məsələn, şairlər, yazıçılar ola bilməzmi? Onların arasında da tanınan, sevilən və intellekti yüksək gənclər var.

- Bəs “Maşın şou” o insanlar üçün maraqlıdırmı?

- Əlbəttə.

- Hardan bilirsiz?

- Çünki ətrafım həmin gənclərdən ibarətdir...

- Siz onlardan soruşmusuz ki, “Maşın şou”da iştirak etmək istəyərlər, yoxsa yox?

- Təbii ki. Biz hətta bu mövzunu müzakirə də etmişik.

- Maraqlı təklifdir. Mənə də maraqlı olar. Mən bu barədə düşünərəm.

- “Davam, ya Tamam” verilişinin aqibəti necə oldu?

- O, gələn mövsümə qaldı. Biz “Davam, ya Tamam” verilişini gündəlik etmək istəyirik. “Maşın şou”dakı təcrübəmiz göstərdi ki, tamaşaçılar gündəlik layihələri daha çox sevir, izləyirlər. “Davam, ya Tamam” şousu həftəlik veriliş idi, nə qədər maraqlı olsa da, ilk verilişlərdən geniş tamaşaçı kütləsi toplaya bilmədi. Bu şou mənim üçün hətta “Maşın şou”dan da maraqlıdır. Ona görə ki, bu şouda sadə insanlar da iştirak edə bilir və hər kəs pul qazanır.

“Davam, ya Tamam” şousuna bir dəfə baxan insan sanki ona yoluxur. Əl çəkə bilmir. Elə tamaşçılar var ki, verilişin dinamikası ilə bağlı şərtlər göndərir. Mən onları sevə-sevə oxuyuram, dinləyirəm.

- Uduş məbləğini artıracaqsızmı?

- Uduş məbləğini artırmaq istəyirik. Hazırda məbləğ 30 min manatdır, ancaq 50 min manata qaldıracağıq. Bu o deməkdir ki, indiyə qədər verilişdən 3 min, 4 min manatla getmək mümkün idisə, növbəti mövsümdə 5 min, 7 min manatla gedəcəklər. Bir gündə 5-7 min manat pul qazanmaq olduqca gözəl işdir. Əminəm ki, bu dəfə hər kəs iştirakçı olmaq istəyəcək. “Davam, ya Tamam” şousunu oktyabr ayı üçün nəzərdə tutmuşuq.

- Yadıma gəlir, biz uşaq olanda “Mərc şou” verilişi vardı. “Maşın şou” uzun illər davam etsə də, “Mərc şou” uzun ömürlü olmadı. O verilişi də yenidən efirlərdə görə bilərikmi?

- “Mərc şou” “M Qrup Prodakşn”ın ilk layihəsi idi. Bəlkə də ən uğurlu layihələrimizdən biri idi. 2003-ci ildə başladı və 2 il efirdə oldu. Çox böyük uğur qazanmışdı. Hətta deyərdim, bu, televiziya üçün bir inqilab idi. Ailəvi veriliş idi, hamını bir araya toplayacaq veriliş idi. Mən “Mərc şou”nu yenidən efirə qaytarmaq istəyirəm, bu niyyətdəyəm, ancaq artıq “Mərc şou” əsas məğzini qorumaqla böyük dəyişikliklərlə efirə qayıdacaq. Əsas mərcdir və mərcin ətrafında insanların təqdim etdiyi qeyri-adi istedad və bacarıqdır.

- “Bayram axşamı” filmindən sonra yeni filmlər gözlənilirmi?

- İstəyirsiz olsun?

- Bəli.

- Kinosevər deyiləm. O mənada ki, kino yaxşı işdir, ancaq mürəkkəb sahədir. Buna baxmayaraq, “Bayram axşamı” filminin uğurlu olması məni də bir az ruhlandırdı. Özüm iştirak etməsəm də, növbəti filmlər olacaq. Həm “Bayram axşamı” filminin davamını, həm də yeni komediyalar çəkməyi nəzərdə tutmuşuq.

Özüm mistik, dram filmlərini daha çox sevirəm, ancaq tamaşaçılar komediya istəyir. Başa düşürəm, insanlar yorulurlar, əylənmək istəyirlər. Əlbəttə, istərdim ki, yüksək missiyası olan bir film çəkək. Heç olmasa 5 ildən sonra baxanda, deməsinlər ki, bu, o vaxt üçün çəkilmiş filmdir.

- Ancaq ciddi filmlər kommersiya filmlərinə uduzur...

- Təbii ki... Gündəm var. Biz hesabı bilməliyik, qoyduğumuz sərmayəni çıxarmalıyıq. Neçə illərdir, şirkət rəhbəriyəm. İnsanların qarşısında öhdəliyim var. Hər ay maaş verirəm. Bunları da nəzərə almaq lazımdır.

- Bilirəm ki, kitab oxumağı sevirsiz. Bəs yazmaq necə, bu haqda düşünürsüz?

- Kitab hesabat xarakterli bir şeydir. Yəni eşqə düşüb kitab yazmaq makulatura kimidir. Götür onları yandır... O, kitab deyil. Mən sevinirəm ki, bu gün kitaba ikinci nəfəs gəlib. Bir xalqın ki əlifbası 100 il ərzində 3 dəfə dəyişib, onun ədəbiyyatına bundan böyük zərbə ola bilməz.

Mən rus təhsilliyəm. O vaxtlar belə bir fikir yaranmışdı ki, rus təhsilli insanlar daha müasir, daha geniş fikirli olurlar. Yəni o vaxtlar rus dilini bilməyən insanlar üçün o boyda sovet hökumətinin ədəbiyyatı da, sərhədləri də kiçik görünürdü. Azərbaycan dilində materiallar tapmaq çətin idi.

Bu gün də Azərbaycan dilində televiziyaya aid kitablar tapmaq çətindir. İndi sevinirəm ki, insanlar türk, ingilis, fransız dilində rahat oxuyurlar. Bizim vaxtımızda dünyaya keçid rus dilində idi. Bu gün isə o keçid ləğv olunub. Artıq rahat mütaliə edə bilirik.

Müasir Azərbaycan dili arxaik Azərbaycan dilindən fərqlidir. Dilimiz yeni sözlər alıb. Onların çoxu ədəbi dilimizdə olmasa da, şifahi nitqdə var. Biz son illər ərzində türk filmlərindən nə qədər yeni söz mənimsəmişik. Əminliklə deyə bilərəm ki, hətta “filan” sözü belə “falan” sözü ilə elə orqanik dəyişib ki, heç kəs bunu hiss etmir. Biz artıq beləyik...

- Bu, yaxşı, yoxsa pis əlamətdir?

- İndi kiməsə desən ki, imla yaz, yaza bilməyəcək. Adi vergülü, nöqtəni də düzgün qoymayacaq. Mənə kimsə mesaj yazanda, nöqtəni, vergülü düz qoymursa, əsəbiləşirəm, o adama cavab yazmıram.

Başa düşürəm ki, o adamla mənim dialoqum alınmayacaq. Hətta bəzən mənə mötəbər yerlərdən məktublar gəlir, o məktublarda da səhv tapıram. Hələ mən rusdilliyəm ha. Amma Azərbaycan dilini çox sevirəm.

Bir zamanlar Çinin cənubunda yaşayanlarla şimalında yaşayanların dili fərqli idi. Hətta onlar bir-birini başa da düşmürdülər. Amma vahid Çin televiziyası yaranandan sonra bu problem həllini tapdı. Televiziya xalqın dilini dəyişdi. Bizdə isə televiziyada, radioda bəzi aparıcıların danışığını eşidəndə başa düşürəm ki, dilimizə zərbə vuran cinayətkarlar onlardır. Dili onlar parçalayırlar.

Azərbaycan məktəblərində “c” səsi probleminin hardan qaynaqlandığını anlamıram. Bizdə heç bir variantda belə səs yoxdur. Maraqlısı budur ki, burda yaşayan başqa ölkələrin vətəndaşları da Azərbaycan dilini öyrənəndən sonra “c” hərfini düzgün tələffüz edə bilmirlər. İnanmıram ki, məktəb elə öyrətsin.

Kitabdan danışdıq, əlbəttə, istərdim mənim də kitabda yazılası sözüm olsun. Başa düşürəm ki, kitab SMS mesajı deyil. Kitab əbədi qalacaq bir şeydir. Əgər əbədi qalmayacaqsa, yazılmasa yaxşıdır. Mən arzuladığım dilin normaları daxilində yazmaq istəyirəm, mən o dili sevirəm – onu hər kəs anlayacaq. Öz dilimizdə danışmağı mütləq bacarmalıyıq. Əks halda həmişə geridə qalacağıq.

- Bəzən kiməsə nəsə deyəndə başqa biri müdaxilə edir ki, o, Azərbaycan dilində bilmir. Adamı incidən tərəfi isə budur ki, Azərbaycan dilini bilməyən elə azərbaycanlıdır.

- Mən həmişə məcburiyyətlərdən çəkinirəm. Məcburiyyət çox pis şeydir. İnsan dili bilmirsə, bu, çox pis haldır. Bilirsinizmi nəyə bənzəyir? Sanki cəmiyyət içində söyüşlə danışırsan. Mənim üçün dili bilməmək olduqca pis bir şeydir. Amma bunun səbəblərini də araşdırmaq lazımdır. Ailə, məktəb və təhsil vacib şərtdir.

- Övladlarınızla hansı dildə danışırsız?

- Üç oğlum var. Üçü də uşaqlıqdan Azərbaycan dilində danışıblar. Baxmayaraq ki, rus təhsilliyik, atam da, anam da evdə Azərbaycan dilində danışırlar. Yoldaşım da filoloqdur. Həmişə deyirəm ki, əsas hansı dildirsə, o dildə danışın.

Amma bir dəfə uşaqların bağçalarında oldum. Həm Azərbaycan sektoru, həm də rus sektoru tamaşa hazırlamışdı. Hər iki sektorun tamaşasına baxdım. Belə bir deyim var, sən öz övladına ad qoyanda başa düşürsən ki, ətrafındakı insanlardan kimi sevirsən, kimi yox. Mən Azərbaycan dilini çox sevsəm də, orda başa düşdüm ki, uşaqları rus sektoruna keçirməliyəm.

Burda vacib bir məqam var. Baxmayaraq ki, Azərbaycan dili qədimdir, dərindir, ancaq onu öyrənmək də asandır. Hətta xarici vətəndaşlar da asanlıqla danışa bilirlər. Amma rus dili çox mükəmməl və çətin dildir. Uşaqlıqda öyrənmədinsə, sonra heç vaxt öyrənə bilməyəcəksən. Ona görə də, uşaqları rus sektoruna keçirtdim.

- Müasir gənclərə münasibətiniz necədir?

- Hesab edirəm ki, bizi çox gözəl gələcək gözləyir. Türk məktəblərində, müasir Azərbaycan məktəblərində oxuyan uşaqlar var. Cəmiyyət özü-özlüyündə inkişaf edir. Amma hər kəsi Azərbaycançılıq ideyasını itirməməyə dəvət edirəm. Bu, çox vacib məsələdir. Ziyalılarla müasir gənclər toplanmalı, şura yaradılmalı və orada azərbaycanlıların 2020-ci ildən sonra kim olacağı, hara getməyimiz, gənclər deyə-deyə kimləri nəzərdə tutduğumuz müzakirə olunmalıdır. O qədər gənc-gənc dedilər ki, artıq gənc sözünə nifrət edirəm, daha mən cavanlar deyirəm.

- KVN-nin vaxtından bilirik ki, vətənpərvər insansız. Vətəni sevmək necə olur?

- Biz vətənpərvərlik haqqında o qədər danışırıq, bu mövzuya o qədər tez-tez fikrimizi yönəldirik ki, nəticədə vətənpərvərlik mövzusunu cılızlaşdırıb, sadələşdiririk. Bu gün vətənpərvərlik mövzusu özü-özülüyündə cəmiyyətdə bir-birinə zidd fikirlərlə ağlımıza gəlir. Torpaq, ağac, oturacaq, bulud sevilməz, insanlar sevilər, ruh sevilər, yaddaş sevilər, keçmiş sevilər, xatirələr sevilər. O gün millət vəkili Qənirə Paşayevanın bir sözünü oxudum, yazmışdı ki, bir şəhid anasının əlini öpdüm, vətən qoxusu gəldi. Çox dərin fikirdir. Sağ olsun Qənirə xanım. Mən onu çox sevirəm. Çox dərin düşüncəlidir.

Biz vətən haqqında elə danışırıq ki... Hardadır sənin vətənpərvərliyin? Nəylə bilinir, necə ölçülür? Əsgərliyə getməklə ölçülürsə, bu, heç... Vətən uğrunda ölməməliyik e, düşməni öldürməliyik. Vətən sevgi üçündür. Sözümün canı budur ki, mən bu gün əsl vətənpərvərlik təbliğatını efirlərdə az görürəm. Gənclərlə danışıram, cavanlarla ünsiyyətdə oluram, onların vətən sevgisi düzgün deyil. Sadəcə, silah götürüb hərbi xidmətə yollanmamalısan. Bu azdır.

- Murad bəy, son olaraq, bir şeyi də soruşum: cəmiyyət üçün şou proqramların əhəmiyyəti nədən ibarətdir?

- Hərdən deyirlər ki, siz “Maşın şou”da nəyi təbliğ edirsiz, çıxıb orda bir-birini qırırlar, camaat baxıb nə tərbiyə götürsün? Deyirəm, bir dəqiqə, siz deyirsiz ki, “Maşın şou” insanlara nə tərbiyə verir? Şou nə vaxtdan insanlara tərbiyə verir? Evinizdə tərbiyə vermədiyiniz övladınızın tərbiyəsini nəyə görə mənim üstümə atırsız? Analar telefondan, atalar yeyib-içməkdən əl çəksin, oturub evlərində uşaqlarının tərbiyəsi ilə məşğul olsunlar.

Hamı görür ki, uğur, tanınmaq, sevgi, pul bəzi məmurlarda və bir də bəzi şou-biznes nümayəndələrindədir. Onlar heç vaxt pullu alim, pullu həkim, pullu müəllim görməyiblər. Kimsə deyəndə, mən gedirəm universitetdə dərs deməyə, tez pıçıldaşırlar ki, hə, gedib tələbələrdən pul yığacaq. Biz bu düşüncəyə qarşı mübarizə aparmalıyıq.

Hətta “Maşın şou”da belə, bütün cəmiyyətə göstərmək istəyirəm ki, şou-biznes ulduzları əslində mürəkkəb taleli insanlardır. Hər kəs Aygün Kazımova ola bilməz ki... Hər kəs ali təhsilli olmaq məcburiyyətində də deyil. Azərbaycanda 500 alimə ehtiyac da yoxdur. Bizə sadəcə, hər peşənin peşəkarı lazımdır.


Müəllif: Xəzər Süleymanlı