11 May 2018 15:36
1 950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kimdən inciyə bilərəm? Hamıya canım qurban. Əksinə, məni təbrik etməyənləri hamıdan çox istəyirəm.

Bu sözləri Teleqraf.com-a müsahibəsində 63 yaşını qeyd edən xalq artisti Şamil Süleymanlı deyib. Müsahibəni təqdim edirik.

- Şamil müəllim, yeni yaşda özünüzə nə arzulayırsız?

- Özümə ancaq və ancaq həmişə sırada olmağı arzu edirəm. Sağ olsun mənim gənc dostlarım.

Onlar məni həmişə diqqətdə saxlayırlar. Ad günümü də daha çox gənclər təbrik edir. Gənc rejissorların filmlərinə çəkilirəm, bu da məni qane edir. Deyingən qocalardan deyiləm. Ona görə də gənclər məni çox istəyirlər.

- Ad gününüzü necə qeyd edəcəksiz? Gənc dostlarınızla, yoxsa ailə üzvlərinizlə?

- Dünən gecədən dostlarımın hamısı Feysbukda ad günümü təbrik edirlər. Təntənəylə təbriklər yazırlar. Amma mən nə bayramlarda, nə də ad günümdə təntənəni sevirəm. Mən bayquşluğu xoşlayıram.

- Həmkarlarınızdan sizi təbrik edənlər oldumu?

- Hamısı. Təbrik etməyənləri də başa düşürəm, onları da çox istəyirəm, bilirəm niyə təbrik etmirlər. Kimdir e, zəng edib deyən, Şamil, ad günün mübarək? Bilirlər ki, gülməli bir söz deyəcəm. Ona görə deyirlər ki, Şamildi də, gələn il təbrik edərik.

- Bəs incimirsiz?

- Kimdən inciyə bilərəm? Hamıya canım qurban. Əksinə, məni təbrik etməyənləri hamıdan çox istəyirəm. Bacım zəng edir ki, təbrik edirəm. Deyirəm, ömrümdən gedir, niyə təbrik edirsən? Ömrümdən bir il də gedəndən sonra nə təbrik?...

- Siz hələ çox yaşayacaqsız...

- Onu Allah bilər. Amma bu il çox yaxşı ildir, peyğəmbərin yaşına çatdıq.

- Yeni filmlər, yeni təkliflər varmı?

- Yeni filmlər də var, yeni təkliflər də. Ölməsəm, sağ qalsam, gələn il bu vaxt xəbərdar olacaqsız.

- Tələbə vaxtı Tədris Teatrındakı çıxışlarınızı nəzərə almasaq, heç vaxt tamaşalarda oynamamısız.

- Mən teatr aktyoru deyiləm axı.

- Ola bilərmi, sizi sevənlərə sürpriz edəsiz, onlar sizi teatr səhnəsində də görsünlər?

- Yox... Yəqin ki, yox...


Müəllif: Xəzər Süleymanlı