13 Avqust 2014 12:10
1 756
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atamın vəziyyəti ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyindən bizimlə əlaqə saxlayan olmayıb. Amma sənət yoldaşları maraqlanıblar. Nurəddin Mehdixanlı, Gəray Əlibəyov dünən xəstəxanaya gəlib, hal-əhval tutdular. Ramiz Novruzov, Sənubər İsgəndərli, Füzuli Hüseynov, Mehriban Vəzir telefonla əlaqə saxlayıb durumu ilə maraqlanıblar. Amma rəsmi olaraq nazirlik tərəfindən maraqlanan olmayıb. Sumqayıt Şəhər rəhbərliyi, səhiyyə şöbəsi şəxsən tapşırıq verib ki, durumuna ciddi nəzarət olunsun”.

Bu sözləri Teleqraf.com–a açıqlamasında rejissor Rövşən Almuradlının oğlu Kamal Almuradlı deyib. Onun sözlərinə görə, atası hazırda 1 saylı Sumqayıt şəhər xəstəxanasının reanimasiya şöbəsindədir: “Saytlar atamın 2 saylı Sumqayıt şəhər xəstəxanasında olduğu yazılıb, amma o məlumat səhvdir. Hazırda reanimasiyadadır, yanına heç kəsi buraxmırlar. İki gün öncə günorta vaxtı qəfildən ürəyində ağrılar kəskinləşdi. Təcili Tibbi yardım çağırıldı. Onlar da xəstəxanaya yerləşdirməyi məsləhət bildilər. İynələr vurulur, dərmanlar verilir ki, ürək öz gücünü yığsın, yaranan ocaq söndürülsün. Beş günə yaxın xəstəxanada qalacaq. Daha sonra anju üçün Bakıya aparılmalıdır. Buna həkim qərar verəcək ”.

K.Almuradlı bildirib ki, atasının son günlər yaşadığı stress, əsəb onun səhhətinə mənfi təsir göstərib: “Bilirsiniz, ürəyin dili yoxdur ki, soruşaq bu nədən baş verib. Amma hər halda yaşla və ümumi vəziyyətlə əlaqədar stress, əsəb ona pis təsir edirdi”.

Rövşən Almuradlının işlə təmin olunması məsələsinə gəlincə, Kamal Almuradlı atasının nazirlə görüşündən sonra qəti addımlar atılmadığını bildirib: “Hələ ki, işlə bağlı Mədəniyyət və Turizm Nazirliyindən xəbər yoxdur. Cənab nazir deyib ki, Rövşən Almuradlı ilə razılığa gəlmişik və onun işlə təmin olunması məsələsi ilə nazirlik məşğul olur. Amma hələlik qəti addım atılmayıb”.

Nərmin


Müəllif: