29 Aprel 2014 13:26

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi, habelə Novı Sad Beynəlxalq Musiqi Festivalının (NOMUS) təşkilatçılığı ilə Serbiyanın mədəniyyət və incəsənət paytaxtı hesab edilən Novı Sad şəhərində Azərbaycanın dünya şöhrətli musiqiçisi Əzizə Mustafazadənin möhtəşəm konserti keçirilib.

Azərbaycanın Serbiyadakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, NOMUS beynəlxalq musiqi festivalı çərçivəsində təşkil olunmuş bu konsertdə həm yerli, həm də xarici tamaşaçılar Ə.Mustafazadənin ifasını heyranlıq və gurultulu alqışlarla qarşılayıb, konsertin yekununda onu üç dəfə təkrar ifa üçün səhnəyə çağırıblar. Səfirliyin dəvəti əsasında Serbiyanın hökümət və parlament üzvləri, Novı Sad şəhərinin rəhbərliyi, eləcə də Serbiyanın tanınmış siyasi, ictimai və mədəniyyət xadimləri, həmçinin Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının üzvləri konsertdə iştirak ediblər.

Konsert Serbiya KİV-də geniş işıqlandırılıb.

Novı Sad şəhərinə səfəri çərçivəsində səfirliyin əməkdaşları Ə.Mustafazadə ilə görüşüb, ona Azərbaycan dövlətinin Serbiyada həyata keçiridiyi humanitar layihələr barədə məlumat veriiblər. Ə.Mustafazadə hazırda daimi əsasda xaricdə yaşadığına baxmayaraq ürəyinin hər zaman Azərbaycanla döyündüyünü və doğma vətəninin uğurlarının onu sevindirdiyini, özünün də bütün qüvvəsi ilə Azərbaycanı xaricdə təmsil etmək əzmində olduğunu bildirib.

Səxavət


Müəllif: