29 Aprel 2014 13:37
1 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

"O, qələt eləyib, başını divara döyüb"

Hazırda Rusiyada yaşayan həmreylimiz, Azərbaycan Yazıçılar Birliyinin üzvü Eduard Bağırov qondarma erməni soyqırımı ilə bağlı başsağlığı verib: "Adekvat Moskva azərbaycanlıları adından ermənilərə 1915-ci ildə Türkiyədə soyqırıma məruz qalmalarının ildönümü münasibəti ilə başsağlığı verirəm".
Eduard Bağırovun bu bəyanatı ədəbi çevrələrdə etiraza səbəb olub. AYB-nin sədri, Xalq şairi Anar məsələ ilə bağlı sərt reaksiya verib:

" Eduard Bağırov qələt eləyib, başını divara döyüb. O, artıq Yazıçılar Birliyinin üzvü deyil".

"Adamın qibləsi olar"

Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qoca da Eduard Bağırovun bu addımını pisləyib:"Bunlar alicənab rolu oynamaq istəyirlər. Eduard bəs niyə Xocalıya başsağlığı vermir? Qubadaki bu qırğının yerinə kim ağlayacaq bəs? Adamın qibləsi olar. Yoxsa sən gündə bir tərəfə üzünü döndərib namaz qılırsan. Bu düzgün deyil axı. Bu dinsiz, allahsız olmaq deməkdir. Ermənilərin törətdiyi soyqırımlara kim başsağlığı verəcək?"

"AYB-də belə cılız və satqın adam yoxdur"

AYB-nin Güney Şöbəsinin sədri Sayman Aruz isə Eduard Bağırovun bəyanatını bu cür qiymətləndirib: "Anar müəllim demişkən, "başını daşa döyüb", o, AYB-nin üzvü deyil. AYB-də belə cılız və satqın adamlar yoxdur və olmamalıdır da. O azərbaycanlı deyil. Araşdırsanız nəsə qarışıqlıq tapacaqsınız qanında. Allah millətimizin başından bu satqınları əksik etsin. Amin."

"O, artıq üzv olaraq qala bilməz"

Yazıçı Eduard Bağırovun qondarma erməni soyqırımı ilə bağlı başsağlığı verməsinə Azərbaycan Yazıçılar Birliyindən rəsmi münasibət bildirilib. AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Eduard Bağırovun üzvlük məsələsinə yenidən baxılacağını deyib: "Bu barədə məlumatım var. Anar müəllim bu barədə öz münasibətini bildirib. Onun məsələyə reaksiyası sərt olub. Yanılmıramsa o, artıq bizim üzvümüz deyil. Əvvəllər olub. Hər halda dəqiqləşdirəcəyik. Əgər AYB-nin üzvüdürsə deməli, bu əməlinə görə artıq üzv olaraq qala bilməz. Anar müəllim hazırda xaricdə səfərdədir. Gələn kimi bu məsələyə öz rəsmi münasibətini bildirəcək".


Müəllif: