29 Aprel 2014 13:46
1 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aygünə Gövhərdən dəstək

May ayının 6-da Kopenhagendə keçiriləcək "Eurovision 2014" Mahnı Müsabiqəsi start götürür. Xəbər verdiyimiz kimi, bu il müsabiqədə ölkəmizi Dilarə Kazımova təmsil edəcək. Birinci yarımfinalında Dilarə səhnəyə 8-ci çıxacaq. Ötən gün isə təmsilçimiz şou səhnəsindəki ilk məşqini edib. Bakı vaxtı ilə saat 18.30-da başlayan məşqdə Dilarə Azərbaycanın müsabiqə mahnısını, "Start a fire" balladasını canlı ifa edib. Builki mahnımızı da əcnəbi bəstəkarlar yazıb. Bunlar İohan Kronland, Alessandr Quthard, Stefan Örndür.

Qısa araşdırma

Qeyd edək ki, Azərbaycan bu şöhrətli müsabiqədə ilk dəfə Gövhər Həsənzadənin bəstələdiyi "Day After Day" mahnısı ilə təmsil olunub. Bu mahnı da hələlik yarışmada səslənən ilk və yeganə azərbaycanlı bəstəkarın musiqisi olaraq tarixə düşüb. Sonrakı sıralama isə belədir: "Always" (İran və İsveç ifaçısı Araş), "Drip drop" (Stefan Örn və Anders Bagge), "Running Scared" (Stefan Örn, Sandra Bjurman və Iain Farquharson), "When the Music Dies" (Anders Bagge, Stefan Örn, Sandra Bjurman və Yohan Kronlund), "Hold Me" (Dimitris Kantopulos) .

"Buna ehtiyacımız yoxdur"

Bəstəkar Aygün Səmədzadənin bir müddət əvvəl qəzetimizə verdiyi ""Eurovision"da Azərbaycanı əcnəbi bəstəkarın musiqisi ilə təmsil etmək olmaz" fikrinə həmkarından dəstək gəlib. "Gündəlik Teleqraf"a açıqlamasında bəstəkar Gövhər Həsənzadə Azərbaycanın yüksək səviyyəli yarışmalar, o cümlədən "Eurovision" səhnəsi üçün layiqli mahnılar yazan bəstəkarı olduğunu vurğulayıb.

"Start a fire" mahnısına yarımçıq qulaq asdığını bildirən bəstəkar Dilarənin istedadlı qız olduğunu deyib: "Doğrusu, birinci iştirakımdan sonra "Eurovision"na daha təklif almamışam, ona görə də bu tədbirə qatılmıram. Dilarəni Şəhriyar Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Unformal" rok qrupunun solisti kimi tanıyırdım. O qız gözümün qabağında böyüyüb. Neçə dəfə bu yarışmaya getmək şansı olub. Çox istedadlı, prinsipial qızdır. İnanıram ki, Azərbaycan onun ifasında bu il layiqli ifa təqdim edə biləcək. Musiqiyə gəlincə, bunu demişəm və hər zaman da deyəcəm. "Eurovision" səhnəsinə Azərbaycanın öz daxilindəki bəstəkarların əsərlərinin içərisindən layiqli mahnılar çıxartmaq olar. Yəni, Azərbaycan bu gün o səhnə üçün mahnılar bəstələyən bəstəkarlar sarıdan əziyyət çəkmir. Əksinə, ağlımız, hər cür şəraitimiz, musiqidən gözəl başı çıxan gənclərimiz var. Ona görə də bizim xarici bəstəkara müraciət etməyə ehtiyacımız yoxdur".

"Day After Day"dən güclüsü var?

Bu ilki yarışma üçün mahnımızı yazan İohan Kronland, Alessandr Quthard, Stefan Örn komandasına artıq bir neçə ildir ki, mütamadi müraciət edirik. Bu komanda isə uzun illərdir ki, "Eurovision" yarışması üçün mahnılar bəstələyir, belə demək mümkünsə, işin "çəminə" yaxşı bələddirlər. Məhz bu faktora görə onlara müraciət etdiyimizi əsas gətirənlərə Gövhər Həsənzadənin bir sualı var: "Etiraf edək ki, bu neçə illər ərzində Azərbaycan bizim mahnımızdan güclü mahnı təqdim edib "Eurovision"a? "Soruşuram, 2008-ci ildəkindən güclü mahnımız olub? Gəlin, düzünü deyək. Nə Yaşar, nə də mən Avropada ki yaşamırdıq. Bu sadəcə təşkilati komitənin qərarıdır. Onlar belə qərar veriblər, vəssalam".


Müəllif: