29 Aprel 2014 17:38
1 853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair Tofiq Mütəllibovun 85 illik yubiley münasibətilə anım mərasimi keçirilib.

Tədbiri AYB-nin katibi Rəşad Məcid açıb. O, şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verib: “Bu gün Tofiq Mütəllibovun 85 illik yubiley mərasimi, həm də onun “Əbədi mahnı” adlı kitabının təqdimat mərasimini keçirmək üçün yığışmışıq. Mən dünən Təhsin müəllimin ön sözünü oxuyanda həm özümün, həm də Tofiq müəllimin gənclik illərini xatırladım. Kitabda onun Yazıçılar Birliyinə necə qəbul olunması haqqında bir məqalə var idi. O, Səməd Vurğunun bir sözü ilə bizim quruma qəbul ediblər. Tofiq Mütəllibov uzun müddət “Azərbaycan gəncləri” qəzetində şöbə müdiri işləyib. Mənim də ilk şeirlərim məhz bu qəzetdə çap olunmuşdu. Özü də “Azərbaycan gəncləri” qəzeti indiki qəzetlər kimi deyildi. Onun 500 min tirajla çap olunurdu. Bu qəzetdə şeiri çap olunmaq o, dövr üçün böyük iş idi. Tofiq Mütəllibov həm də bizim yaddaşımızda “Cücələrim” mahnısının müəllifi kimi qalacaq”.

Daha sonra AYB-nin katibi, Xalq şairi Fikrət Qoca çıxış etdi: “Əvvəllə köhnə kişilərin belə bir sözü var idi. Qardaşdan olan yaxşı dost ələ düşməz. Mən Tofiq müəllimin kitablarını görəndə bu fikir yadıma düşdü. Çünki bu kitabları Tofiq Mütəllibovun qardaşı Təhsin müəllim çap edib. Tofiq müəllimin gülüşü bu gün də gözümün qabağındadır. Onda uşaq təbəssümü var idi. Bu da Tofiq müəllimin saflığından, ürəyinin təmizliyindən xəbər verirdi. O, həmişə gənclərlə sıx əlaqə qurardı. Onların əhatəsində olmağı sevirdi”.

Yusif Kərimov Tofiq Mütəllibovla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü : “Tofiq müəllim danışırdı ki, Çexoslavakiyada onun “Cücələrim” mahnısını ingilis dilində tamaşaya qoymuşdular. O deyirdi ki, “onda qanad axtarırdım uçmağa”. Tofiq Mütəllibov heç bir şey yazmasa da, təkcə, bu mahnı ilə dünyaya tanınmışdı. Tofiq müəllim çox qeyri-adi insan idi. Onun digər adamlardan fərqləndirən bir neçə daxili və xarici cəhətləri var idi. O, həmişə qurulu, ağayana duruşlu birisi idi. Bu kitabda mən də öz xatirələrimi bölüşmüşəm. Orada birlikdə çalışdığımız dövrdə baş verənləri yazmışam”.

“Əbədi mahnı” kitabın redaktoru Taleh Həmid də kitab barəsində məlumat verib: “Bu kitabda Tofiq Mütəllibov haqqında onun dostlarının, yaxınlarının xatirələri yer alıb. Mən seviniriəm ki, bu cür gözəl bir şairin kitabını redaktə etmişəm. Tofiq müəllim yaxşı şair olmaqla yanaşı, böyük insan idi”.

Qeyd edək ki, Tofiq Müttəlibov 1929-cu ildə Naxçıvan şəhərində anadan olub. O, orta təhsilini doğma şəhərdə aldıqdan sonra Bakıya gəlib, burada Azərbaycan Dövlət Universitetində təhsil alıb. Şair 20 il müddətində 20 il "Azərbaycan gəncləri" qəzetində ədəbiyyat və incəsənət şöbəsinin rəhbəri vəzifəsində çalışıb. 30-a yaxın kitabın müəllifidir. "Görüş", "Şeirlər", "Bəxtiyar balalar", "Gözəllikdən doymur ürək", "Sənin xətrinə", "Danışan çiçəklər", "Mənim əzizlərim", "Görüş yerimiz" və başqa kitabları ilə oxucuların rəğbətini qazanıb. Tofiq Mütəllibov 1992-ci il oktyabrın 30-da vəfat edib.


Müəllif: