29 Aprel 2014 21:28
1 015

Bu gün Teatr Muzeyində XX əsr Azərbaycan ədəbiyyatının klassiki, görkəmli yazıçı və dramaturq, şair Cəfər Cabbarlının anadan olmasının 115 illiyi münasibəti ilə tədbir keçirilib.

Teleqraf.com-un xəbərinə görə, səbəbkarın adını daşıyan muzeyinin ekspozisiyasında təşkil olunan tədbirdə bir çox elm və mədəniyyət xadimləri, incəsənət ustaları iştirak edib.

Muzeyin direktor müavini Sevinc Mikayılova bildirib ki, 1899-cu ildə anadan olmuş ədib, yaşadığı qısa ömür ərzində Azərbaycan ədəbiyyatına, mədəniyyətinə əvəzsiz töhfələr verib. 35 illik ömrünün , 20 ilini ədəbi yaradıcılıqla məşğul olmuş C. Cabbarlı lirik və satirik şeirləri, poema və hekayələri, tərcümələri, dram əsərləri ilə ədəbiyyatımızda böyük şöhrət qazanıb:

“Cəfər Cabbarlı yaradıcılığa şeirlə başlayıb. Amma sonra çox gözəl, dolğun dram əsərləri yazıb. O “Almaz”, “Aydın”, “Solğun çiçəklər”, “Sevil”, “Od gəlini”, “Oktay El oğlu” kimi ölməz dram əsərləri bəxş edib”. S.Mikayılova qeyd edib ki, teatr muzeyinin yaradılmasında bir sıra maarifçilərimizlə yanaşı Cabbarlının da böyük xidmətləri olub:“Təsadüfi deyil ki, ədibin vəfatından sonra Teatr Muzeyinə məhz onun adı verilib. Hazırda dramaturqun şəxsi arxivinin bir hissəsi muzeyin fondunda qorunub saxlanılır”.

“Təcavüzü ədəbiyyata gətirən o olub”

Daha sonra tamaşaçılara dramaturqun həyat və yaradıcılığını əks etdirən vidoçarxlar nümayiş olunub. Ədəbiyyatşünas Asif Rüstəmlinin sözlərinə görə, Cabbarlı poeziyasının üstün keyfiyyət göstəricilərindən biri də səmimi, həssas duyğularla cilalanmış fikirlərin zamanı qabaqlamasıdır:“Azərbaycanın müstəqilliyinə təcavüzü, işğal faktını Sovet dönəmində yüksək sənətkarlıq və böyük cəsarətlə ilk dəfə bədii ədəbiyyata gətirən də Cəfər Cabbarlı olub. O sovet dönəmində də milli azadlıq ənənəsinə və istiqlal ruhuna sadiq qaldığını yaradıcılığı ilə təsdiqlədi”.

Qeyd olunub ki, Cabbarlı milli kinonun inkişafında da misilsiz xidmətlər göstərib. Belə ki, o, ilk milli kinossenarist və kinorejissorlardandır.

“Aydın”dan parçalar

Tədbirdə həmçinin tamaşaçılara dramaturqun həyat və yaradıcılığını əks etdirən vidoçarxlar nümayiş olunub. Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin dram dərnəyinin ifasında “Aydın” tamaşasından parça və şairin şeirlərindən ibarət bədii kompozisiya təqdim olunub.

Qeyd edək ki, böyük yazıçı yaradıcılığının ən coşqun bir dövründə, 1934-cü il dekabrın 31-də Bakıda vəfat edib, I Fəxri Xiyabanda dəfn olunub.

Nərmin


Müəllif: