30 Aprel 2014 11:43
3 810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xaricdə yaşayan gənc tarixçisi Cavid Mehrəliyev Teleqraf.com-a tarixdə Tarku “tapmacası” kimi keçən və hələ də yozumu tam olaraq açılmayan sirli yazını oxuduğunu bildirib. C. Mehrəliyev bu yaxınlarda Bakıda “Əski Əhəməni yazısı” adlı kitabının da çap olunacağını qeyd edib.

Gənc tarixçinin saytımıza göndərdiyi yazısını təqdim edirik:

Bu kiçik, iki sətrlik mətn, elmdə "Tarku tapmacası" adlanır. Nədəni, bu günədək kimsə tərəfindən oxuna bilinməməsidir. Yazı, ilk dəfə 1660-cı illərdə alman həkimlərinin diqqətini çəkmiş, ama hollandiyalı coğrafiyaçı Nikola Kornelisson tərəfindən tapıldıqdan sonra məşhurlaşmışdır. O, Moskvada yaşadığı illərdə yazdığı və sonralar çeşidli dillərə təcümə olunan "Quzey və Doğu Tartariya" adlı kitabında bu haqda söhbət açmışdır. Dmitri Kantemir, bu yazının çizimini kiminsə xahişiylə yapmış, E.Bürnuf`a yollamışdır. O da, Y.Klaprota yazdığı qeyddə deyirdi:

"Tarkin yazısı, Kantemirin çizimi ilə". 1820-ci ildə bu yazı, Q.Qrotefend , St.Maarten`in ilgisini çəkmiş, daha sonra E.Bürnuf, 1836-cı ildə, 32 işarənin eski əhəməni dilində olduğunu əsaslandırmağa çalışmışdır. Onu belə düşünmə səbəbi, yazının gerçəkdən də ilk bir neçə işarəsinin eski əhəməni yazısıyla olduğu idi. Ama bütün araşdırmalar kimi, o da yanılmış, mətni açmağa başladığı əlifbayla davam etməyə çalışmış, bir nəticə hasil olmamışdı. Beləcə kiçik bir yazı üstündə teorilər, fikirlər üyüdülüb tökülməyə başlandı. Bürnuf, hətta daha da fantaziyalara qapılaraq, yazının ilk 5 hərfini "Arşakid" olaraq oxumuş, bunun eski erməni kralı(!) Arşakilərdən olduğunu söyləmiş, bu yazının da onun Böyük Xosrov ilə birlikdə Xəzərlər üzərində qələbəsi şərəfinə yazıldığını qeyd etmişdir. Arşakilərlə Xosrovun hakimiyyətləri arasında uzun zaman fərqinin və o zaman ümumiyyətlə Xəzərlər deyə bir etnosun olmadığını nəzərə alarsaq, bu fikrə yalnız gülmək qalır. Azərbaycanlı araşdırmaçılardan Tariyel Azərtürk isə, daha fərqli fikir sürərək, yazını yarıyadək oxumağa çalışmış, hətta Azərbaycan türkcəsində olduğunu iddia etmişdir. Yazdığı məqalədə, hərf açımının heç də doğru şəkildə aparılmadığı, üstəlik yarımçıq qaldığı, ama buna baxmayaraq tərcümədə fikir tamamlandığını düzgün saymıram. Arxeoloq M.S.Hacıyev, buyazının Arminiya və ya Atropatena Arşakilərinnin sonraki nəsillərinin yazmış olduğunu düşünür. Əlbəttə ki, biz, bu yazının Arşakilərlə bağlı olduğunu qəti şəkildə inkar edir, yazıda heç bir ”arşaki” sözcüyünün keçmədiyini əminliklə söyləyirik. Araşdırmaçılardan, professor M.A.Dandamaev də, eyni fikri söyləmiş, doğru olaraq yazının ilk beş işarəsinin eski əhəməni əlifbasıyla və "a-ra-sa-ku-θa" şəklində oxunduğunu, eski əhəməni mətnlərində isə arşakilərin adının "a-ra-sa-ka" şəklində keçdiyini doğru olaraq iddia etmişdir.

Qısası, Dandamaevin nisbi doğru açıqlamasından başqa, bu kiçik fraqmentə o gündən bu günədək tam olaraq istənilən bir aydınlıq gətirilməmişdir. İşin bir dolaşıq tərəfi də, yazının orginal versiyonunun tapılmamasıdır. Araşdırmaçılardan, L.İ.Lavrov`a görə, orjinal yazı, Quzey Qafqazda deyil, güney Qafqazda haralardasa olmalıdır. Digər araşdırmaçı V.Q.Kotoviç`ə görə isə, yazının əslinin, eski Tarqu qalasının xarabalıqlarında olması gərəkir. Bu balaca boylu, ama böyük tapmacaya çevrilən yazı haqqında bu qədər. Aşağıda isə öz fikirlərimizi yazacağıq.

Öncəliklə, yazının orjinal variantının olmaması, məsələni çox dolaşdırır və əldə olan çizimin hansısa sıradan şəxs tərəfindən köçürüldüyünü nəzərə alarsaq, üstündə çox da ciddi şəkildə durmaq, mixi işarələrin doğru şəkildə köçürüldüyünü iddia etmək olmaz. Deyim ki, mixi yazını daş və ya gil tablet üzərindən köçürməyin özü, elə yazını oxumağın ilk addımıdır. Bu üzdəndir ki, yazının hərf açımında belə, araşdırmaçılar dolaşıqlığa düşməkdədirlər. Belə ki, işarələr arasındakı məsafə aydın olmazsa, aləm bir-birinə qarışar. Bu durumda çox təcrübəli araşdırmaçı bacarığına və ən önəmlisi də, tarix sezgisinə sahib olmaq lazımdır.

İkinci bir məsələ, yuxarıda sunduğumuz tarixçədən anlaşıldığı kimi, araşdırmaçılar yazını eski əhəməni əlifbasıyla açmağa çalışmış, bir neçə hərfi qaydasınca açdıqdan sonra ilişib qalmışlar. Onların yalnız biri orda təkcə Əhəməni deyil, eyni zamanda Babil hərflərinin də olduğunun fərqinə varmış, ama yazının bütünlüklə Babil əlifbasıyla belə açılmadığını söyləmişdir. Əlbəttə, onların heç birinin ağlına gəlməmişdi ki, bu yazı, dövrünün mixi ənənəsinə uyğun olaraq iki dildə yazıla bilər, - ki, o dövrün bütün mətnlərinin yanında o zaman beynəlxalq əlifba sayılan Babilcə şərt idi. Bundan başqa ən böyük yanlış da, iki sətirlik yazını, bütöv bir mətn saymaları olmuşdur. Fikrimcə, D.Kantemirdən kim bunu xahiş edibsə, bütün yazını deyil, bir nümunə olaraq istəmiş, tamamilə təcrübəsiz və bu haqda heç bir anlayışı olmayan D.Kantemir əfəndi də, elə bir hissə örnək köçürmüşdür ki, sonucda belə bir dolaşıqlıq yaranmışdır.

Yazının oxunuşu

Yazı, bizlərə bu şəkildə bəllidir:

İlk öncə, bunun hərf açımını yapmaq gərəkir. Deyim ki, bu, çox çətinliklə gerçəkləşdi. D.Kantemir, təcrübəsizliyi üzündən, bir neçə yerdə mixi işarələri biri-birinə yaxın göstərmiş, bu da onların birlikdə bir işarə olaraq görünməsinə səbəb olmuşvə beləcə, dolaşıqlıq yaranmışdır. Bundan əlavə, güman ki, yazı, yumşaq gil tabletin və ya yontulmuş divarın deyil, çöl şəraitində, xam və yabanı bir daşın üstündə yazıldığından, işarələrin standartlar dışında olması, təcrübəsiz D.Kantemirin köçürmədə də səhvlərə yol verdiyini düşünürük. Yanlış köçürüldüyünü düşündüyümüz hissələri də, aşağıdakı rəsmdə pozulmuş bölgə olaraq qeyd etmişik. Üstəlik, köçürmədə, D.Kantemir, yabanı daşın üzərində olan bütün cızıqları mixi işarələrin bir hissəsi olaraq köçürmüşdür ki, onun əl işində qısa-qısa mixi xətlər açıqca görsənir. Biz, bunları yox saydıq, əlbəttə. Qısası, çətinliklə də olsa, yazının hərfən bu şəkildə açdıq:

Yuxarıdakı sətir, Əhəməni əlifbasıyla, aşağıdakı sətir isə, Babil əlifbasıyla yazılıdır. D.Kantemir`in köçürməsində isə, Babil yazısı, birinci sətirin sağdan birinci hərfi ilə başlayır.

Səs açımı

Yazı, ilk öncə Əhəməni yazısıyla başlayır:

A – Ra – Sa – Ku – θa – Dahyāuš – Ya – ........ – Ha – (ardı babilcə)

Qalan hissə isə Babil yazısıyladır:

i/mih – ša/za – u/šam/šav – nu – i/mih – ya – ū/gi – bar/maš – man/van/niš – (ad determinativi) – a/ruk – si

Anlam açımı

Yazının ümumiyyətlə yarımçıq və ya bir fraqment olduğunu ehtimal etmişdik. Anlam açımını yapdıqca, buna daha da əmin oluruq. Ümumiyyətlə belə bir düyüm var, eski Babil və ya digər Mesopotamiya dillərində olan yazı, əgər böyükdürsə, anlam açımını dəqiq yapmaq çətindir, ama Əhəməni yazısını isə, qısa fraqment kimi açmaq çətindir. Nədəni, Əhəməni əlifbasında hərflərin ayrıca səs ifadə etməsi və birlikdə söz yaradaraq anlam oluşdurması, Babil əlifbasında isə mixi işarələrin yalnız ad ifadə edərkən fonetik dəyəri ilə oxunması, qalan hallarda isə hər bir işarənin ayrılıqda bir anlam ifadə etməsidir.

Yazının Əhəməni yazısıyla olan qismini yuxarıda qeyd etdiyimiz kimi, yalnız Dandamaev, yarımçıq da olsa doğru şəkildə oxumuşdur. Belə demək mümkünsə, oxuya bildiyi qismi, doğru oxunmuşdur. Ama, araşdırmaçıların gözündən yayınan bir məqam daha vardır. Əhəməni əlifbası, əsasən fonetik işarələrdən oluşsa da, bir neçə ideoqramik dəyəri olan işarə vardır ki, onlardan da biri ”Dahyāuš”dur və ”ölkə” anlamını verir. Birinci sətirdəki altıncı işarə də məhz budur:

Mixi yazıların anlam açımını yaparkən, bəlirsiz durumların ən gözəl açarı, sabit anlam verən bir işarədir ki, bundan yola çıxıb digər işarələrin anlamlarını iplə özünə çəkərcəsinə açmaq olar. Beləcə də, ”ölkə” sözündən sağa və sola yola çıxaraq anlam açımına başladıq. Qeyd edim ki, bu işarədən sağa doğru sətir pozuntuya uğradığından bu tərəfi boş verib sol tərəflə ilgilənmək gərəkdir. ”Dahyāuš”dan sola doğru yuxarıda qeyd etdiyimiz kimi, A – Ra – Sa – Ku – θa şəklində bir hərf düzümü vardır. Əlbəttə, əlimizdəki bəlgənin sadəcə bir fraqment oluşu səbəbindən bunu açmaq çox çətindir, ama təcrübəyə söykənərək mümkünsüz deyildir. Üstəlik, tərslikdən, köçürmə, fraqment olduğuyla birgə, söz də tamamıyla köçürülməmişdir, yani, bu hərf düzümü belə, hansısa sözün bir hissəsidir. Bu zaman etməyib təmbəllik, hansı sözün sonu ”arasakuθa” və ya bunun bir qismi ilə bitir deyə bütün eski Əhəməni sözlüyünü incələdik. Əlbətttə, bu durumda hər şeydən öncə, tarix sezgisi işə yarayır. Sezgim, lap başlanğıcdan ”ku-θa” sözünün nəsə ayrı olduğunu deyirdi. Bir şey də var ki, ”a” hərfi, eski Əhəməni mətnlərində, gah müstəqil hərf olaraq, gah da özündən öncəki hərfə bitişik olan ”a” saitini/səslisini uzatma əlavəsi olaraq keçir. Eski Əhəməni yazılarında, kökü ”ras” olan, indiki zaman kök sonluğu ”rasa” deyə bir söz var ki, ”gəlib çatmaq, varmaq, yetişmək” anlamına gəlir. Bu hissəciyə də, yalnız fel şəkillərinin hekayəsində/və ya nəqli keçmiş zamanda, [arasa-+.. şəklində və ya *parārasa-], ya da [nirasa-] şəklində rastlayırıq. Yazıdan, ”hansısa ölkəyə gəlib çatmaq” kimi bir anlam ortaya çıxır ki, yazının mixi bölgələrdən çox uzaqda tapılması, bu ehtimalın doğruluğunu göstərir. Onlardan sonra gələn ”Ku” hərfi, daha çox adlıq və ya şəxs bəlirləyici determinativ olaraq işlənir. ”θa” hərfi isə, ”söyləmək, demək” anlamı verməkdədir. Qısası, fraqmentin Əhəməni əlifbasıyla olan və oxunması mümkün olan qismində, kiminsə hansısa ölkəyə gəlib çatmasını anlatılır.

Babil yazısına gəlincə, bunun anlam açımı çox uzun və dolaşıq bir prosesdir deyə, detallı şəkildə anlatılması çətindir. Yalnız bircə qeydi edim ki, Babil əlifbasında bir işarənin bir neçə anlamı olur və ümumi anlam açımı, işarələrin bütün anlamlarını ardıcıl düzüb aralarında biri-biri ilə bağlantısı olanların seçilməsi və ya tək anlam ifadə edən bir sözdən dayaq nöqtəsi olaraq yararlanıb sağa-sola uyğun anlamları seçərək açılması mümkündür. Fraqmentin Babil yazısıyla yazılmış qismində gəldiyimiz sonuc, ”....majesteleri.....(birinci sətir sona çatır)

....oğlu((nun) böyük/bu) ölçüdə rəsm çizmiş. Majesteleri Ao Tanrı(`nın bəslədiyi/qoruduğu) oğlu/şahzadəsi, kral Asi/Ruksi”.

Güman edirik ki, D.Kantemir, daş yazıtın son iki sətrinin bir qismini kağıza köçürmüşdür. Belə ki, mətnin əsasən Əhəməni yazısıyla olduğunu, imza qisminin isə o zamanın beynəlxalq dili səviyyəsində işlənən Babilcə yazıldığını düşünürük.

Not: Babil yazısıyla olan qismində, ”rəsm çizmək” ifadəsi, çox güman ki, bu yazının hansısa daşa və ya qayaya çizilməsi anlamındadır.


Müəllif: