30 Aprel 2014 19:50
2 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rasim Balayev, aktyor, 66 yaş, şir bürcü, siçan ili.

Son dövrlər çəkilən filmlərə pul xərcləməkdənsə, həmin pulu aparın verin, qaçqın-köçkünə. Onsuz da o filmlərə baxan yoxdur

Mətbuatdan qaçmıram. Sadəcə, bəzən danışmağa ovqatım olmur. Tamaşaçını yormaqdan qorxuram və düşünürəm ki, əgər yeni bir iş görmürəmsə, filmə çəkilmirəmsə, müsahibə verməyə, gündəmə gəlməyə mənəvi haqqım yoxdur.

Serial təkliflərindən imtina edirəm. Bugünkü serialların nə səviyyəsi, nə də iş prosesi məni qane etmir. Biz başqa cür vərdiş etmişik. Əvvəl ssenarini oxumaq, rola adaptasiya olmaq lazımdır. Yoxsa bir seriyaya çəkilim, axşam ssenari yazılsın, mən də səhər oynayım, bu mümkün deyil.

Nə qədər canımda can var çəkilmək istəyirəm, amma iş yaxşı iş olsun. Seriallar “xaltura”dır və mən “xaltura”nı sevmirəm.

Erotik və ya açıq-saçıq səhnələrə qarşı deyiləm. Bu gün film və seriallarımızdakı açıq-saçıq səhnələrin tamaşaçıya təqdim edilməsi məni qane etmir. İran filmlərində də qadağa var. Amma elə gözəl məhəbbət səhnələri çəkilir ki... Çılpaqlığın olması şərt deyil, bədii təfəkkür lazımdır.

Erotika ilə tamaşaçı toplamaq istəyən rejissura həmişə məğlub olub.

“Film dövlətdən asılıdır və biz istədiyimizi çəkə bilmirik” deyən rejissorlar öz istedadsızlıqlarını pərdələmək istəyirlər. Mən də ideologiyaya xidmət edən filmlərdə rol almışam, ancaq görülən işin səviyyəsi göz qabağındadır.

Kinoya dövlət qayğısı olmalıdır. Bizim SSRİ kimi böyük bir məkanımız, meydanımız vardı və bu məkan vasitəsilə dünyanı gəzirdik. Ən pis filmimiz belə öz auditoriyasını, tamaşaçısını tapırdı. Bu gün filmdən gəlir yoxdur, buna görə də, müstəqil prodüser mərkəzləri və sponsorlar filmə pul qoymaqda maraqlı deyil.

Təkrar olunmamağa, həmişə müxtəlif xarakterləri oynamağa çalışmışam. Müxtəliflik olanda mən də bir aktyor kimi yetişib, yeni düşüncə tərzi və yeni ştrixlər qazanmışam. Həmişə müsbət qəhrəman oynayanda tamaşaçı bezir, mən özüm də yoruluram.

Bu gün ən böyük arzum tragikomik rol oynamaqdır. O rolun konkret adı yoxdur, ancaq bu mənim arzumdur.

Azərbaycan tamaşaçısı həmişə aktyordan oynadığı rola bənzəməsini istəyir, ancaq bu mümkün deyil. Özümü nə Babək, nə Nəsimi, nə də Cavid hesab edirəm. Mən qəhrəman deyiləm.

Zamin Hacının və Samir Sarının köşələrini mütəmadi oxuyuram.

Bu gün kino da biznesdir və filmlər əvvəlki kimi insan taleyini ön plana gətirmir.

Dublyaja getmirəm, çünki səviyyəsiz işdə iştirak etmək istəmirəm. İkisəsli dublyaj və redaktəsiz mətn görəndə başa düşürəm ki, bu, sadəcə, yola verməkdir.

Dublyaj olunmuş türk filmlərinə baxanda utanıram. “İşdə məhəbbət” filminə baxın və əsl dublyaj necə olmalıdır, görün.

Allaha inanıram. Dini kitablar oxuyuram, biliklərimi artırmağa çalışıram. Səhhətim oruc tutmağa imkan verməsə də, namaz qılmağa hazırlaşıram.

Maşında axmaq mahnılara deyil, ancaq “Qurani-Kərim”ə qulaq asıram. Ona görə yox ki, onu mən səsləndirmişəm, ona görə ki, Allah kəlamıdır və bu kəlamlar məni qoruyur.

Özümü teatrda görmürəm. O repertuar, o rejissura, o mühit mənlik deyil. Məişət səviyyəsində əsərlər və primitiv quruluş məni qətiyyən qane etmir.

Avqusta 66 yaşım tamam olacaq. Ömrünün 40 ildən çoxunu Sovet dövründə, cəmi 22 ilini müstəqil Azərbaycanda yaşayan insan kimi deyə bilərəm ki, mən SSRİ-də daha xoşbəxt idim. Bəlkə, cavan və sağlamıydım, çəkilişlər də çox idi ona görə. İndi xatırlayanda həyat daha işıqlı görünür. Müstəqillik gözəl nemətdir, ancaq kapitalizm və bazar iqtisadiyyatı insanları da, mühiti də çox dəyişdi.

“Nəsimi”yə çəkiləndə bir erməninin evində kirayədə yaşayırdım. “Nəsimi”nin çəkilişlərinə gələndə üç avtobus dəyişirdim, ancaq işə böyük bir məsuliyyət və sevgi var idi.

Kinostudiyanın düz yanındakı binada yaşayırdıq, Şahmar Ələkbərov və Həsən Məmmədovla qonşu idik. Bir də görürdün minirdik taksiyə, deyirdik gedək şəhəri gəzək. Çünki o illərdə bizim üçün həyat yalnız kinodan və kinostudiyadan ibarət idi.

Azərbaycanın mənəvi mənzərəsini görə bilmirəm. İnsanların arasındakı səmimiyyət, ünsiyyət itib, insanlar bir-birinə qarşı laqeyd və qəddar olub. İndi maddi vəziyyətim, imkanım da əvvəlkindən yaxşıdır, amma hamı qapılıb özünə və sanki hamı özü üçün yaşayır.

Yas mərasimlərimizdə bircə araq çatmır. İmkanın varsa, o mərasimə çəkdiyin xərcin yerinə, beş qoyun kəs, ver uşaq evinə. Ya da beş uşağın təhsil xərcini çək. Sanki yas mərasimi yox, özününümayişdir. Din xadimləri bu məsələdə qətiyyət göstərməlidir.

Kinostudiyanın həyətində onlarla filmə çəkilmişəm. O vaxt ölkə Prezidentinə müraciət etdim və xahiş etdim ki, bu həyətə dəyməsinlər. Çünki kinostudiyanın həyəti yalnız gül-çiçək üçün deyil, həm də çəkiliş meydançasıdır. Amma gətirib həyətdə bir ev tikdilər, indi də birini tikirlər. Fikirləşirəm ki, əsas binanı da sökəcəklər və bir ofis verəcəklər ki, “bu da sizin kinostudiya”.

Ssenari və rejissor problemi var. Gənclər kinoya gəlir, görür ki, pul yoxdur və qaçır klip dalınca. Bir həftəyə on mini alıb qoyur cibinə, böyük filmdə o cür asan pullar yoxdur. Böyük filmdə böyük əzab-əziyyət və böyük eşq var.

Eldar Quliyevin “Dərvişin qeydləri” filmi tamaşaçı toplaya bilmirsə, deməli, çəkə bilmirlər. Habil Əliyev demiş “kontur qurtarıb”. Yaş öz sözünü deyir və bu gün sənin üçün maraqlı olan mövzu cəmiyyət üçün maraqlı deyil. Sənətdən də üzüsulu getmək lazımdır.

Mən artıq sənətdən getmiş kimiyəm, necə deyərlər, “bura mənim bazarım deyil”. İnanın, 15-20 ildir ki, arxasınca gözüm qalan bir rol olmayıb. Halbuki 70-ci illərdə getdiyim sınaqlar uğursuz nəticələnəndə, istədiyim rolları ala bilməyəndə elə sarsıntı keçirmişəm ki, xəstəxanaya da düşmüşəm. Son illər çəkilən filmlərin heç birində özümü görmürəm.

“Sübhün səfiri”ndə Axundovu mən yox, bir başqası oynasaydı, nə isə dəyişəcəkdimi? “Sübhün səfiri” bədii-sənədli filmdir və gənc nəslin Axundovu tanıması baxımından əhəmiyyətlidir.

Azərbaycan tamaşaçısının zövqü korlanıb. Əvvəllər kino, teatr tamaşaçını öz arxasınca aparırdı, indi isə əksinə. Bu gün öz bədən quruluşu, fiziki çatışmazlıqları ilə tamaşaçını güldürən düşüklər populyardır. Aralarında istedadlı uşaqlar var, ancaq material yoxdur.

Televiziyada xəbərlərə, bəzən heç dilini də bilmədiyim əcnəbi filmlərə və bir də heyvanat aləminə baxıram. Çünki heyvanat aləmində hər şey realdır, maska yoxdur. Orada şir şirdir, tülkü də tülkü. Şir yeyib doyur, tülkü də onun artığıyla dolanır. Ancaq cəmiyyətə baxanda görürəm ki, tülkü gəlib şiri dirəyir divara və öz payını tələb edir.

Köhnə Azərbaycan və rus filmlərinə baxmaqdan zövq alıram. Nostalji hisslər məni sakitləşdirir.

Film niyə çəkilir? Əsər niyə yazılır? Yazılır ki, ibrət olsun, kimlərsə ondan dərs götürsün. Bir əsərdən və ya filmdən nələrisə əxz edə bilmirsənsə, onda niyə sən o əsəri yazırsan və mən niyə o əsəri oxuyuram?

Bu gün kinoda da, teatrda da tənqidin səviyyəsi sıfırdır. Kimi tənqid edirsən, düşmən olursan. Adam abrını gözləmək üçün susmalı olur.

Təsəvvür edin, siz kostyumu tikirsiniz, ancaq geyinən yoxdur. Bu gün çəkilən filmlərimiz də bax, beləcə, öz istehlakçısını – tamaşaçısını tapa bilmir. Məncə, o filmlərə xərclənən pulları qaçqın və köçkünlərə, ehtiyacı olan insanlara versinlər. Onsuz da onlara baxan yoxdur.

Özümü qətiyyən seks-simvol hesab etmirəm. Heç gənc olanda da özümü yaraşıqlı hesab etmirdim. “Nəsimi”yə çəkiləndən sonra o marağı hiss etmişəm, yüzlərlə sevgi məktubu almışam. Bu diqqət xoşuma gəlib, ancaq heç vaxt o məktublara cavab yazmamışam. Həm vaxtım az idi, həm də məşhurlaşanda mən artıq ailəli idim.

Xoşbəxtliyim ondadır ki, o uğur, diqqət və sevgi məni azdırmayıb. Mən şöhrətə də təbii baxmışam.

Leyla Əliyeva
Fotolar: İsmi Şahzadə


Müəllif: