2 May 2014 11:14
2 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalistlər qurumun işini qiymətləndirir

Bir müddət öncə Azərbaycan Yazıçılar Birliyində isalahatlara başlanılıb. Qurumda gəncləşdirmə siyasəti davam edir. AYB-nin ilk kadr dəyişikliyi isə mətbuat xidmətinin rəhbərinin dəyişilməsi ilə baş verdi. Şair Ədalət Əsgəroğlunun vəfatından sonra bu vəzifəyə gənc şair Xəyal Rza gətirildi.

AYB-nin gəncləşdirmə siyasətinin nəticələrini öyrənmək, Xəyal Rzanın bir neçə aylıq fəaliyyətini qiymətləndirmək üçün media nümayəndələri arasında sorğu keçirdik.

"Qurumun mətbuat xidməti ictimaiyyətə tam açıqdır"

"525-ci qəzet"in ədəbiyyat üzrə müxbiri Sevinc Mürvətqızı Xəyal Rzanın işini bəyəndiyini dedi: "AYB-nin mətbuat xidmətinin hazırkı fəaliyyətini normal qiymətləndirirəm. Xüsusilə də bu quruma şair Xəyal Rza mətbuat katibi təyin olunandan bir canlanma müşahidə olunur. ayb.az saytı gündəlik yenilənir, AYB-də keçirilən tədbirlər operativ işıqlandırılır, göndərilən sorğular tez bir zamanda cavablandırılır, qurumun mətbuat xidməti ictimaiyyətə tam açıqdır".

"Gəncləşmə siyasətindən danışanda məhz mətbuat katibliyindən başlamaq lazımdır"

Modern.az-ın müxbiri Elmin Nuri Xəyal Rzanın fəaliyyətini qənaətbəxş hesab edir: "AYB-dəki gəncləşmə siyasətindən danışanda məhz mətbuat katibliyindən başlamaq lazımdır. Xəyal Rzanın gəlişi orada həyata keçiriləcək gələcək yeniləşmələrdən xəbər verirdi. Ehtimalımın düzgünlüyünə tez bir zamanda inandım. Xəyal Rza gənclik şövqü ilə praqmatik düşüncəni birləşdirib lazımi gedişləri edə bilən bir insandır. Jurnalistlərlə əlaqəsindəki səmimiyyət, informasiyaların açıqlığı, elektron dünyaya meyillərin artırılması bunun bariz göstəricisidir".

"Bu layihə iflas etdi"

Azvision.az saytının əməkdaşı Emin Pirinin isə məsələyə münasibəti bu cür oldu: "Xəyal Rza təyin olunduqdan sonra müəyyən dərəcə canlanma oldu.O, mediaya açıq insandı. AYB-də işini yerli-yerində görən iki-üç adamdan biridir. Amma rəsmi sayt ayb.az haqqında bunu demək olmur. Sayt açılanda daha çox şey gözləyirdim. Təəssüf ki, baş tutmadı və bu layihə iflas etdi. Ola bilsin, maliyyə çətinliyinə görədir. İşçi yox, pul yox".

"AYB-nin mətbuat xidmətindən nadir hallarda istifadə edirik"

Axar.az saytının müxbiri Nilufər Nil Muğantürk qurumun fəaliyyətində operativliyin aşağı olduğunu dedi: "AYB-nin mətbuat xidmətindən nadir hallarda istifadə edirik. Sırf AYB-nin fəaliyyəti ilə bağlı məsələlərdə.AYB üzvü olan şairlər, yazarlarla əlaqəli məsələlərdə birbaşa həmin yazarların özləri ilə əlaqə saxlamağa çalışırıq. Bu daha asan və operativ alınır, nəinki AYB-yə zəng vurub onları tapıb, sualları ünvanlamaq".


Müəllif: