3 May 2014 18:14
4 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qonaqları şairin sazı və tüfəngi qarşılayır

Bu yaxınlarda Xalq şairi Səməd Vurğunun Ev muzeyi iki illik təmirdən sonra yenidən fəaliyyətə başladı. Muzeyə təmirdən sonra yeni eksponantlar daxil edilib. Şairin ev-muzeyinin yeni ekspoziyası ilə tanış olmaq üçün bura yollandıq. Sahil metrosunun yaxınlığında yerləşən ev XIX əsrdə inşa edilmiş yaşayış binasının III mərtəbəsində altı otaqlı mənzildə yerləşir. Səməd Vurğun ömrünün son illərini bu mənzildə yaşayıb. Girişdə bizi şairin sazı və tüfəngi qarşılayır. Muzeyin böyük elmi işçisi Səidə Abdullayeva bizi evlə tanış edir. O, şairin ova olan marağından danışır: "Şair ovu çox sevirdi. Tez-tez ova çıxarmış. Burada gördüyünüz geyim forması şairin ov paltarıdır. Bu isə Konstantiv Simonovun ona hədiyyə etdiyi gödəkcədir.O, ov zamanı saz da çalırmış. Səməd Vurğun həm də saz çalmağın həvəskarı idi".

Muzey 6 otaqdan ibarətdir. 3 otaq memorialdır, digər üç otaq isə şairin həyat yoldaşı Xavər xanımın verdiyi sərgi fondu əsasında hazırlanıb.

Birinci otaq şairin qonaq otağıdır. Burada tez-tez şairin dostları - yazıçılar, bəstəkarlar, rəssamlar, kənd zəhmətkeşləri və onun istedadının pərəstişkarları toplanırdı. Otağın ortasında bir zamanlar ailə üzvləri ilə birgə əyləşdiyi masa yerləşir. Masanın üzərində isə bənövşə çiçəkləri var. Səidə xanım bənövşələrin xüsusi mənası olduğunu deyir: "Demək olar ki, evin hər bir otağında xüsusi qablarda bənövşələr qoyulub. Səməd Vurğun bu gülləri xüsusi olaraq sevirmiş".

Otağın digər hissəsində royal diqqətimi çəkir. Bələdçi bu royalda bir vaxtlar Üzeyir Hacıbəyovun ifa etdiyini deyir: "Şairin əvvəlki evində bu royalda Üzeyir Hacıbəyov ifa edib. Ümumiyyətlə Vəkilovlar ailəsinin musiqiyə qarşı xüsusi marağı olub. Oğlu Yusif Səmədoğlu skripkada, pianinoda çalmağı bacarırdı. Vaqif Səmədoğlu isə hətta Konservatoriyanın fortopiano şöbəsi üzrə təhsil almışdı. Bir neçə il də müəllim işləmişdi. Hazırda isə Səməd Vurğunun nəticəsi, Prezident təqaüdçüsü Vurğun Vəkilov çalır".
Şairin şəxsi kitabxanası ilə tanış oluruq. Burada olan bir çox kitablar Səməd Vurğuna müəlliflər tərəfindən hədiyyə olunub. Kitabxanada A. Fadayev, P. Antoloski, M, Rılski, Bukov kimi dünyaca məşhur imzaları ilə kitablar yer alır.Burada Fadayevin şairə yazdığı məktub da var. Məktubda Azərbaycanın təbiətindən geniş söz açılır: "Əziz Səməd...Mingəçevirdə işlər yenicə başlandığı zaman orada olduğumuzu xatırladım.Azərbaycanın rəngarəng, məlahət dolu təbiətini xatırlatdım".

Burada kitab rəfinin üstündə Səməd Quluzadənin hazırladığı Neft buruğu maketi də var. Bu maket Azərbaycan neftçiləri tərəfindən şairə 50 illik yubileyi münasibətilə hədiyyə edilib.

Otaqda olan hər bir əşyanın öz xatirəsi var. Buradakı radioqəbuledici isə Səməd Vurğunun həyatında mühüm yer tutur. "Şair ərəb mahnılarını dinləməyi çox sevirdi. Bir dəfə Səməd Vurğunun çox sevdiyi bir ərəb musiqisinə qulaq asarkən "Yazıq Şərq həmişə ağlayır" deyib. Bu radioqəbuledici həm də şairin xəstə günlərində yanında olub. Onun 50 illik yubileyi günlərində xəstə olduğundan onun şərəfinə keçirilən tədbirə qatıla bilməyib. Şair tədbiri bu radioqəbuledici vasitəsilə dinləyib.

Zalda yerləşən böyük saat isə 19:30-da dayanıb. Bu saat şairin öldüyü vaxtı göstərir. "1956-cı il 27 mayında 19:30-da dünyasını dəyişib. Həmin vaxt Xavər xanım, saatın əqrəblərini dayandırmışdı. Həmin vaxt Musiqili Komediya Teatrında hazırki Akademik Milli Dram Teatrının aktyorları səhnə geyimində şairlə vidalaşmağa gəliblər".

Burada həmçinin 1944-cü ildə xalq rəssamı Mikayıl Abdullayev tərəfindən şairin ilk naturadan çəkilmiş portreti nümayiş etdirilir. Səməd Vurğun burada öz bağında, dərin düşüncələr aləmində təsvir olunub.
Bundan başqa, divarda rəssam Kamil Xanlarovun "Xavər xanımın portreti" və ailə üzvlərinin fotoşəkilləri var. Şairin dostu Pavel Antoloskinin hədiyyəsi- Çində uzunömürlülük allahı sayılan Şou Sinin fiquru servantın üstündə, gürcü şairi George Leonizdenin hədiyyəsi olan şərab dəsti və Azərbaycan Rəssamlar İttifaqından verilmiş, Səttar Bəhlulzadənin "Qudyalçay sahili" mənzərəsi və Səməd Vurğunun son şəkli sayılan foto da bu otaqdadır.

İkinci otaq isə şairin yataq otağıdır. Burada o, uzun müddət xəstə yatıb. Otaqda Xavər xanıma aid güzgü, foto şəkil var.

"Yazı masası arxasında ev paltarında oturmazmış"

Muzeyin üçüncü otağı Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunub. Otaqda şairin Yuxarı Salahlı kəndində tikdirdiyi evin maketini rəssam Ə.Mirzəyev işləyib. Burada Qori Seminariyasında şairin öz müəllimləri- Əli Hüseynov, Firudin bəy Köçərli, Yusif Qasımov və digərilə çəkilən şəkilləri, 1920-30 cu illərdə çap olunan kitablarının nüsxələri, komsomol və deputat bileti, Puşkin medalları, "Komsomol poeması" üçün təltif edildiyi Ostrovski medalı, "Vaqif" dramının premyerası zamanı çəkilmiş fotoları da burada nümayiş olunur.

Səidə xanımla şair haqqında söhbət edə-edə dördüncü, Səməd Vurğunun iş otağına keçirik. Burada onun yazı masası yerləşir. Bələdçi otaq barəsində məlumat verir: "Səməd Vurğun yazı masasının arxasına heç vaxt ev geyimində oturmazmış. O, yazı prosesi vaxtı həmişə rəsmi geyimdə olarmış. Masanın yuxarısında asılmış fotoşəkildə də bunu görmək olar. Masanın üzərindəki qovluq 1951-ci ildə Bolqarıstanlı yazıçı tərəfindən hədiyyə olunub. Burada qovluqla yanaşı Ukrayna şairi Maksim Rılskinin hədiyyəsi olan mücrü, telefon aparatı, iki ədəd papiros qutusu var. Bu qutulardan biri açılmayıb. Digərində isə şairin ömrü yetmədiyi üçün çəkə bilmədiyi iki siqaret qalıb".

"Xavər xanım üzüyü və şəkillə dəfn edilməyi vəsiyyət edib"

Bələdçi burada bizi Səməd Vurğunun xanımı Xavər xanımın guşəsi ilə tanış edir. Bu guşədə Xavər xanıma aid şəxsi əşyalar və nişan üzüyü var. Səidə Abdullayeva üzüyün maraqlı xatirəsi olduğunu dedi: "Bu üzüyü Xavər xanım, ilk prezident təqaüdü ilə alıb. Üzüyün içinə də "Səməd Vurğun və Xavər" yazdırıb. Onun son arzusu bu olub ki, məni həmin nişan üzüyü və Səməd Vurğunun şəkli ilə dəfn edin. Ancaq islam qayda qanunlarına zidd olduğuna görə bu istəyi gerçəkləşdirilməyib".

Otaqları gəzə-gəzə Nazim Hikmətlə Səməd Vurğunun şəkli sataşır gözümə. Səidə xanımın dediyinə görə, bu şəkil Vaqif Səmədoğlunun toyunda çəkilib.

Ev Muzeyi Respublika hökumətinin qərarı ilə 1975-ci ilin oktyabrın 6-da açılıb. Burada ildə iki dəfə, martın 21-də və mayın 27-də şairin "Xatirə günləri" keçirilir. Müxtəlif vaxtlarda Səməd Vurğunun xatirəsinə həsr olunmuş tədbirlərdə görkəmli elm və mədəniyyət xadimləri, şairin qələm dostları, o dövrün ədəbi gəncliyi iştirak ediblər.

Muzeyə ən böyük qiyməti Heydər Əliyev verib: "Bu gün böyük şair Səməd Vurğunun 90 illik yubileyini qeyd edərkən 1975-ci ilin oktyabr ayını xatırlayıram. O günlər ölməz Səməd Vurğunun ev-muzeyinin təntənəli açılışı oldu. Ötən illər muzey Səməd Vurğunun həyat və yaradıcılığını təbliğ etmək üçün çox iş görüb, xalqımızın mədəniyyətinin inkişafına böyük xidmət göstərib. Əminəm ki, Səməd Vurğunun ədəbi irsi daim yaşayacaq. Muzey ölkəmizin görkəmli mədəniyyət ocağı kimi bu şərəfli işə bundan sonra da xidmət edəcəkdir."

2011-ci ilin dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Xalq şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən şairin ev muzeyi təmir edilərək, 2014-cü ilin martın 5-də açılış mərasimi olub.


Müəllif: