5 May 2014 14:00
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

May ayının 3-ü və 4-də Türkiyənin məşhur “Edufairs” sərgi şirkətinin təşkilatçılığı ilə Bakıda növbəti təhsil sərgisi keçirilib. Teleqraf.com-un xəbərinə görə, sərginin məqsədi xaricdə təhsillə maraqlanan şəxslərin dünya universitetlərinin nümayəndələri ilə birbaşa görüşlərinin təşkilini reallaşdırmaqdır.

Sərgidə ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Gürcüstan, Litva, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin ali təhsil müəssisələrinin rektorları, həmçinin dünyanın ən böyük kino akademiyası olan “New York” Kino Akademiyasının və İordaniya Krallığının Aviasiya Akademiyasının nümayəndələri iştirak ediblər.

Sərginin açılış mərasimində “Empati Group” təhsil şirkətinin rəhbəri Kənan Saqiyev bildirib ki, sərgidə 10 ölkənin 50-dən çox ali təhsil müəssisəsi iştirak edir. Mərasimdə dövlət və özəl universitetlərdə yüksək keyfiyyətli təhsil imkanı, MBA proqramları, sertifikatlaşdırılmış ingilis dili və digər proqramlar, eləcə də pulsuz ali təhsil almaq imkanları barədə ətraflı məlumat verilib. Sərgidə bir çox nüfuzlu xarici təhsil müəssisələri barədə soraq kitabları, bukletlər nümayiş etdirilib.

İştirakçı ölkələrin təhsil müəssisələrinin nümayəndələri, eyni zamanda, təmsil etdikləri universitet və xarici dil tədris məktəbləri ilə bağlı sualları cavablandırıb, qəbul şərtləri, təhsil proqramları barədə məlumat verilib. İki gün davam edəcək sərgi çərçivəsində bir sıra seminarların keçirilməsi də nəzərdə tutulub.

Nərmin


Müəllif: Teleqraf.com