10 May 2014 18:15
950

"Azərbaycan kinematoqrafçılarının yaradıcılığının reallaşmasında, layihələrinin işıq üzü görməsində, ümumən milli kinomuzun inkişafında kino işçiləri ordusunun ən böyük zamini, kinomuzun təəssübkeşi və hamisi ulu öndər Heydər Əliyev olub".

Bu sözləri qəzetimizə açıqlamasında Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə deyib. "Heydər Əliyev və Azərbaycan kinematoqrafiyası" kitabının müəllifi olan kino araşdırmaçısı bunun faktlarla sübut olunduğunu bildirib: "Heydər Əliyev hələ o dövrdə, istər Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən, istərsə də Azərbaycan KP MK-nın I katibi vəzifəsində olarkən mədəniyyətimizə böyük qayğı göstərirdi. Ədəbiyyat və incəsənət xadimlərinə, elm adamlarına şəhərimizin ən gözəl yerlərində ucaldılan evlərdə mənzillər verir, onların həyat şəraitini yaxşılaşdırmaq üçün əlindən gələni əsirgəmirdi. Azərbaycan müstəqillik əldə edəndən sonra ümummilli lider mədəniyyətimizə bu qayğını göstərməkdə davam edirdi".

"Cavabı çox gözləməli olmadıq"

"1976-cı ilin martında keçmiş respublika Kinematoqrafiya Komitəsinin sədri M.Qurbanovun yanında ilk dəfə olaraq milli kinomuzun 60 illik yubileyinin bayram edilməsi məsələsi qaldırıldı. O vaxtlar respublika kino rəhbərliyi SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin rəhbərliyi ilə bu məsələni razılaşdırmaq istəyərkən Moskva razılığını vermədi. M.Qurbanov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə yubileylə bağlı geniş bir arayış göndərdi. Arayışın cavabını çox gözləməli olmadıq. Heydər Əliyev kino işçilərinin təklifini nəinki bəyənmişdi, həm də yubileyə yaxşı hazırlaşıb onun 1976-cı ilin dekabr ayında keçirilməsi üçün sərəncam da vermişdi. Hətta o, M.Qurbanovla söhbəti zamanı demişdi: "Bu yubileylə bütün ölkəyə (bir daha göstərəcəyik ki, Azərbaycanda kino hələ inqilabdan əvvəl mövcud olub..."

"Bir cənub şəhərində" filmi ilə bağlı...

"Azərbaycanfilm" kinostudiyasında müxtəlif vaxtlarda istehsal olunmuş bəzi filmlərin sovet ideologiyasının tələblərinə tam cavab vermədiyi üçün və yaxud başqa səbəbdən ekrana buraxılmamaq təhlükəsi yaranarkən kino işçilərinin köməyinə yenə də Heydər Əliyev gəlir, hər dəfə bu problemi müsbət həll edirdi. Ulu öndərin "Bir cənub şəhərində" filmi ilə bağlı xatirələrindən: "Bir cənub şəhərində" filmi çəkiləndə mən DTK-da işləyirdim. Bu filmin yaranması böyük səs-küy doğurmuşdu. Deyirdilər ki, belə olmaz, bu bizi ləkələyir, korlayır. Rəhmətlik Cəfər Cəfərov da mənə zəng elədi ki, belə bir məsələ var, xahiş edirəm, sən də baxasan, münasibət bildirəsən. Mənə də çox siqnallar, materiallar, şikayətlər gəldi ki, bu, xalqımızı ləkələyir. Xatirinizdədir, mən kinostudiyaya gəldim, filmə baxdım. Yenə də Şolokovun (SSRİ daxili işlər naziri - red.) onun qarşısını Moskvada nə üçün aldığını sizə deyim. Yadınızdadırmı, filmdə belə bir epizod var ki, milisə bir manat pul verirlər. Şolokov demişdi ki, nə təhər ola bilər, milis işçisi bir manat pul alır? Belə şey olmaz. Filmi buraxmırdı. Biz filmi buraxdırdıq və hesab edirəm ki, o, bizim kinematoqrafiyanın həyatında çox böyük hadisə oldu".

"Mozalan" o dövrdə çıxdı"

Heydər Əliyev hakimiyyətə gələndən sonra, 1971-ci ildə kinematoqrafçılarımızın və kinosevərlərin sevincinə səbəb olan bir hadisə baş verdi:

"Azərbaycanfilm"in markası altında "Mozalan" satirik kinojurnalının ilk nömrəsi ekranlara çıxdı. 1976-cı ildə keçirilən kinomuzun 60 illik yubileyində Heydər Əliyevin uzaqgörənliklə dediyi "Bir vaxt gələcək Azərbaycan kinosunun yaranma tarixi ilə bağlı yeni-yeni faktlar tapılıb üzə çıxarılacaq" sözləri də bu gün artıq gerçəkləşib. Belə ki, kinomuzun yeni yaranış tarixi nəinki üzə çıxarılıb, həm də tutarlı dəlillərlə sübuta yetirilib. Məhz Heydər Əliyev 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə 1898-ci il avqustun 2-də Azərbaycanda ilk kinosüjetlərin nümayişini, eləcə də kino işçilərinin Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərini nəzərə alaraq, avqustun 2-sini Azərbaycan kinosu günü, kino işçilərinin peşə bayramı elan etdi. Ölkə başçısı həmin gün Azərbaycan kino xadimlərinin böyük bir qrupuna fəxri adların verilməsi barədə də fərman imzalayıb. Hər il Milli Kino Günü geniş şəkildə qeyd olunur, bu sahədə çalışanların əməyi dövlət tərəfindən yüksək qiymətləndirilir".


Müəllif: