13 May 2014 17:50
686

Yazıçı Seyran Səxavət bu gün “Teleqraf.com”-un qonağı oldu. Fürsətdən istifadə edib, Seyran müəllimlə kiçik bir müsahibə aldıq. O, 13 cildiyi haqqında danışdı:

“70 illiyimə 13 cildliyimi hazırlamaq istəyirəm. Buna da təxmini iki ilim var. Hazırda elə bil ki, torpaq sahəsinə tikinti materialları tökülüb. Qalır bu materiallardan ev tikmək. Yəni demək olar ki, işin yarısı görülüb. Seriyanın bir neçə cildinə romanlar, bir neçə cildində povestlər, bir-iki cilddə hekayələr, pyeslər, bir cilddə də şeirlərim və mənim haqqımda yazılanlar yer alacaq. Bu yaxınlarda iki poemamı və şeirlər tapmışam. İstəyirəm ki, bunlar da 13 cildliyimdə yer alsın. Hələki konkret nəşriyyat nəzərdə tutmasam da, fikrimdə “Qanun” nəşriyyatı var. Özü də gərək bu kitablar yüksək tərtibatda olsun. Bu da o, deməkdir ki, böyük maliyyə xərclənsin. Bu işdə də mənə dostlarım kömək edir. 13 cildliyimin bir neçə cildini Rusiyada yaşayan ləzgi dostum öz boynuna götürüb. Ayrı-ayrı dostlarım da hərəsi bir neçə cildin maliyyəsini verəcək. Çalışacağam ki, 1000 tirajla çap olunub. Düzdür Sovet dövründə mənim “Daş evlər” romanın 90 min tirajla çap olunmuşdu. Təbii ki, indi bu tirajlar yoxdur”.

Seyran Səxavət Azərbaycan Yazıçılar Birliyindən də danışdı:“Mən də bu qurultayda sıravi bir üzv kimi iştirak edəcəyəm. Mən hələlik qurultayı gözləyirəm. Ondan sonra fikir bildirəcəyəm. Bu qadın hüquqlarını qoruyan yüzlərlə qurum var. Birinin adı səhər yuxudan qanı qara duranların birliyidir, digərinin adı nə bilim nədir. Yazıçılar Birliyinin olmamasını istəyənləri mən heç vaxt başa düşməmişəm. Yenə də nə qədər olmasa arada yığışırıq, kitab təqdimatları keçiririk, yaradıcılıq söhbətləri edirik. Birlik o, deyil ki, birləşib əsər yazasan. Düzdür xalq birləşəndə, yazıçı təklənəndə güclü olur. Ancaq bir texniki birlik lazımdır”.

Seyran müəllimlə yazı prossesindən və hərflərin rənglərindən danışdıq: “Mən daltonikəm. Çünki mənim üçün konkret rənglər var. Məsələn qapqara,ağappaq kimi. Metis rəngləri mən qəbul etmirəm. Bir də görürsən ki, deyirlər, yağış dəymiş asfalt rəngi. Mən indi bu rəngi görmək üçün gərək yağış yağmasını gözləyim. Bu cür rənglərə bic doğulmuş uşaqlar kimi baxıram. Bu mənada daltonikəm”.


Müəllif: