13 May 2014 18:01
2 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqləri yekunlaşmaq üzrədir.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata əsasən, Hüseyn Cavidin “Topal Teymur” dramı əsasında Mehriban Ələkbərzadənin hazırladığı tamaşa “Əmir Teymur” adı ilə tamaşaçılara təqdim olunacaq.

H.Cavidin “Topal Teymur” beşpərdəli dramı 1925-ci ildə yazılıb. 1926-cı ildə çap olunub. Elə çap olunduğu ildə də səhnələşdirilən dram əsəri həmişə ədəbiyyat və incəsənət xadimləri, eləcə də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bu dəfə Akademik Milli Dram Teatrının kollektivi pyesə tamamilə fərqli baxış bucağından yanaşmaq, dövrlə səsləşən maraqlı səhnə əsəri yaratmaq istəyindədir.

Əmir Teymur rolunu xalq artisti Nurəddin Mehdixanlı canlandırıb. Digər rollarda xalq artisti Rafiq Əzimov (Şeyx Buxari), əməkdar artistlər Mətanət Atakişiyeva (Dilşad), Kazım Həsənquliyev (Divan bəyi), Münəvvər Əliyeva (Meliça), Elşən Rüstəmov (Əlipaşa), Kazım Abdullayev (Şair Kirmani), aktyorlar Rövşən Kərimduxt (Aqbuğa), Anar Heybətov (Orxan), Şəhla Əliqızı (Almas), İlahə Həsənova (Olqa), Yıldırım Bayazid (Hikmət Rəhimov), Elçin Əhmədov (Sobutay), Elnur Qədirov (Qaraquş), Cümşüd Zeynalov (Dəmirqaya), Əlvida Cəfərov (Nazimağa), Nigar Güləhmədova (Köylü qadın), Elgün Həmidov (Cücə) və başqaları çıxış edirlər. Tamaşanın premyerası mayın 20-də olacaq.

Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Aygün Səmədzadədır. Rəqs və döyüş səhnələrini əməkdar artist Pərviz Məmmədrzayev qurub.

Aytən Həsənova


Müəllif: