16 Aprel 2014 15:06
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrının rəhbərliyi qastrol səfərindən fəxri adla dönüb. Bunu qəzetimizə açıqlamasında Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mürsəquliyeva deyib.

Onun sözlərinə görə, teatr aprel ayının 6-dan -14-dək Rusiya Federasiyasının Həştərxan Dövlət Gənc Tamaşaçılar və Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram Teatrlarında qastrol səfərində olub:"Qastrol çərçivəsində kollektiv 3 tamaşa ilə çıxış edib. Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunmuş “Qırmızı papaq” tamaşası məktəblilər, azyaşlılar, valideynlər və müəllimlər tərəfindən böyük maraqla qarşılanıb. B.Basanqov adına Milli Dram Teatrında “Qırmızı papaq”la yanaşı “Axır ki...” və R.Ağayevin “Bir gecənin nağılı” tamaşaları nümayiş etdirilib".

O bildirib ki, qastrol səfərinin bağlanış mərasimində Kalmıkiya Respublikasının Baş nazirinin müavini Larisa Borisovna Vasilyeva Kalmıkiya Respublikasının rəhbəri Aleksey Maratoviç Orlovun sərəncamını səsləndirib. Sərəncama əsasən, Xəzəryanı xalqlar arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə görə teatrın direktoru Mübariz Həmidov və baş rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov “Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülüblər.

Mədəniyyət nazirinin müavini Nikolay Sandjiyev isə beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə olunmuş uğurlara görə teatrın aktyorları, Əməkdar Artistlər Almaz Mustafayeva, Qurban İsmayılov, aktyor İlham Əsədov və baş redaktor Səriyyə İsmayılovaya Fəxri fərmanlar təqdim edib.
Teatrdan o da bildirilib ki, may ayının ortalarında Kalmık teatrı 3 günlük qastrol səfəri ilə teatrımızda çıxış edəcək.


Müəllif: