11 Fevral 2015 14:28
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

18 fevral tarixində Nizami Kino Mərkəzində “Bakı sübhdən günbatanadək” tammetrajlı sənədli filmin təqdimat mərasimi keçiriləcək.

Bu barədə Teleqraf.com-a açıqlamasında layihənin Azərbaycan üzrə koordinatoru, “Azanfilm”in direktoru Fariz Əhmədov deyib. Onun sözlərinə görə, təqdimat mərasimində iştirak etmək üçün Polşadan layihənin müəllifləri və prodüserləri də dəvət olunublar: “21 avqust – 07 sentyabr 2014-cü il tarixlərində “Dünya sübhdən günbatanadək” layihəsi çərçivəsində “Bakı sübhdən günbatanadək” layihəsi keçirildi. “Dünya sübhdən günbatanadək” Miroslav Dembinski və Maçyej Driqas tərəfindən yaradılmış orijinal layihədir. Layihə dünyanın müxtəlif şəhərlərindəki kino məktəblərinin tələbələrinə və gənc rejissorlara silsilə seminarların keçirilməsinə əsaslanıb. Bir neçə həftəlik kurs müddətində tələbələr müəllimlərin nəzarəti altında qısametrajlı sənədli filmlər kolleksiyası üzərində birgə çalışırlar. Nəticədə şəhərin canlı təsviri kimi 60 dəqiqəlik sənədli film istehsal olunur. Layihə bu günə qədər 12 şəhərdə - Minks, Kiyev, Moskva, Pekin, Tokio , Tbilisi, Yerevan, Kişinyov, Bıdqoş , Bakı, İstanbul və Kəlküttədə həyata keçirilib. Azərbaycanda isə 25 gənc rejissor master klasslarda iştirak ediblər. Təlimlərdə iştirak etmək üçün Polşadan 8 nəfərlik müəllim heyəti Bakıya gəlib”.

Qeyd edək ki, “Bakı sübhdən günbatanadək” layihəsi çərçivəsində “17-ci mərtəbə”, “Balıqçı”, “Xor”, “Müəzzin”, “Samovar”, “Sovetskinin köhnə küçələri”, “Toy”, “İbadət”, “Ofisdə fasilə”, “Xalçalar”, “Neft”, “Yarım-timsah”, “Neft işçiləri küçəsi”, “Heydər Əliyev Mərkəzi”, “Attraksion”, “Çildağ”, “Pinəçi”, “Zoopark” filmləri istehsal olunub.

Nərmin


Müəllif: