12 Fevral 2015 08:10
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 11-də AMEA-nın Folklor İnstitutunda adıçəkilən qurum ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Metodik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.

İnstitutdan Teleqraf.com-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA Folkor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov) başçılıq etdiyi institutun Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzlə çoxdan əməkdaşlıq etdiyini bildirib. O, Folklor İnstitutunu Mədəniyyət və Turizm Nazirliyiilə bir çox sahələrdə ortaq cəhətlər birləşdirdiyini, bu iki qurumun vaxtaşırı birgə tədbirlər keçirdiyini vurğulayıb: “Biz qərara gəldik ki, əməkdaşlığı inkişaf etdirmək üçün yeni hüquqi baza yaradaq.”

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Metodik Mərkəzinin direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor Vilayət İsmayılov bildirib ki, rəhbərlik etdiyi mərkəz AMEA-nın Folklor İnstitutu ilə birgə müxtəlif tədbirlər keçirib. O, qeyd edib ki, əməkdaşlıq nəticəsində son zamanlar folkor turizminin ölkəmiz üçün gərəkliyi ortaya çıxıb.

Sonra hər iki qurumun rəhbəri əməkdaşlıq memorandumunu imzalayıblar. Sənəddə qeyd olunur ki, hər iki qurum mövcud qanunvericiliyə, öz nizamnamələrinə uyğun olaraq qeyri-maddi mədəni irsin qorunması, dəstəklənməsi və inkişaf etdirilməsi məqsədilə xalqımızın milli-mənəvi sərvətlərinin, mədəni irsinin, folklor nümunələrinin öyrənilməsi, eləcə də ölkədə folklor turizminin inkişafı, qeyri-maddi mədəni irs nümunələrinin qorunması və təbliği üzrə birgə tədbirlərin keçirilməsini üzərlərinə götürürlər. /APA/


Müəllif: