12 Fevral 2015 11:35
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir Dövlət Dram Teatrı Zərdab rayonunda qastrol səfərində olub.

Bunu qəzetimizə açıqlamasında teatrın direktor müavini Vüsal Məmmədov deyib. Onun sözlərinə görə, 45 illik yaradıcı təcrübəyə malik olan teatr son illər əksəriyyətini gənclər təşkil edən aktyor truppası ilə bir çox uğurlara imza atıb: "Zərdab Rayon İcra Hakimiyyətinin xüsusi diqqət və qayğısını hiss edən yaradıcı heyətimiz teatrsevərlər qarşısında iki tamaşa ilə çıxış etdi. Balaca tamaşaçılara Abdulla Şaiqin "Tıq-tıq xanım" tamaşasını, şəhər ictimaiyyəti üçün isə Ü.Hacıbəylinin "Ər və arvad" tamaşasını təqdim etdik. "Tıq-tıq xanım" tamaşasındakı rəngarənglik, şən musiqilər və ritmik rəqslər balaca tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Tamaşanın rejissoru Azərbaycanın Xalq artisti Ağaxan Salmanlı dostluqda sədaqətli olmaq ideyasını yüksək rejissor ustalığı ilə balacalara aşılamağa nail olub".

O bildirib ki, Ü.Hacıbəylinin "Ər və arvad" musiqili komediyası da Zərdab tamaşaçıları tərəfindən rəğbət və alqışlarla qarşılanıb: "Mingəçevir Teatrı I Şəki Beynəlxalq Teatr Festivalının uğurlu iştirakçısı olub. Teatr Festivalda "Ər və arvad" tamaşasına görə Mədəniyyət və Turizm Nazirliyinin və Şəki İcra Hakimiyyətinin fəxri diplomları və xatirə hədiyyələri ilə təltif edilib. Səhnə əsəri klassika ilə müasirliyin sintezi şəklində qurulub. Bu məqam da tamaşanın daha da baxımlı olmasına səbəb yaradıb".


Müəllif: