17 Fevral 2015 07:36
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Ərəbşünaslar Şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində təcrübə proqramının təqdimatı olub.

Kitabxananın mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, təqdimat mərasimində Küveyt, Fələstin, Misir, İraq, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş və Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfirliklərinin nümayəndələri, İran Mədəniyyət Mərkəzinin direktoru və digər qonaqlar iştirak ediblər.AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq son zamanlar Akademiyada həyata keçirilən islahatların əsas istiqamətlərindən danışıb.

Bildirib ki, AMEA-nın uğurlu fəaliyyəti istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Onlardan biri də Mərkəzi Elmi Kitabxananın yeni binasının istifadəyə verilməsi və fəaliyyətin müasir standartlara uyğun təşkilidir.Təcrübə proqramının əhəmiyyətindən danışan akademik İ.Həbibbəyli bu işdə tələbələrin fəaliyyətini təqdirəlayiq hal kimi qiymətləndirib. Qeyd edib ki, onlar bu təşəbbüsə qoşulmaqla həm də AMEA-nın zəngin xəzinəsindən faydalanan mütəxəssis kimi təcrübələrini artırırlar.

Bundan başqa, birgə fəaliyyət gələcəkdə digər istiqamətlərdə də əməkdaşlığın əsasını qoyur. Alim Kitabxananın Şərq ədəbiyyatı fondunun fəaliyyətinin inkişaf etdirilməsi baxımından görüşün əhəmiyyətini xüsusi vurğulayıb. AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri Vasim Məmmədəliyev proqramın icrasından irəli gələn vəzifələri ictimai həyatda əhəmiyyətli təşəbbüs kimi qiymətləndirib.

Sonra Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova bu elm ocağının idarəetmə strukturunun təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər və kitabxananın fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə həyata keçirilən layihələrdən danışıb. Bildirib ki, bu layihələrdən biri də kitabların AMEA-nın əsas binasından Mərkəzi Elmi Kitabxanaya köçürülməsidir. Kitabxananın işçi personalı bu prosesə tam səfərbər olunub. Onlar təlimata uyğun olaraq kitabları müvafiq fonda görə ayırır və qeydiyyatını aparırlar.

L.İmanova gələcəkdə kitabxanada Şərq ölkələri ədəbiyyatını əks etdirən guşələrin təşkilini və həmin ölkələrlə davamlı informasiya mübadiləsi ənənəsi yaratmağı da məqsədəuyğun hesab edib. Tədbirdə Şərq ədəbiyyatı fondunun rəhbəri Aidə Hüseynova fondun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, burada nadir elmi kitablar, məcmuələr, dövrü mətbuatın nüsxələri, həmçinin Şərq xalqlarının qədim və yeni tarixi, mənbəşünaslıq, dilçilik, ədəbiyyatşünaslıq, din, fəlsəfə, incəsənətə dair nəşrlər, alim-səyyahların əsərləri və arxiv fondu mühafizə olunur.

Fondda Türkiyə, İran, İraq, Misir, Suriya, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, ABŞ və başqa ölkələrdən mübadilə yolu ilə alınmış qiymətli kitablar toplanıb. Bundan başqa, fondda fotosurətlər və mikrofilmlər, o cümlədən arxiv fondunda 1920-ci ilə qədər ölkədə nəşr edilmiş inqilaba qədər və sonrakı dövrün kitabları və 64 adda dövrü mətbuatın nüsxələri qorunub saxlanılır. 75 min nüsxədən artıq olan Şərq ədəbiyyatı fondu alim və tədqiqatçılar üçün qiymətli mənbədir.

Sonra Mərkəzi Elmi Kitabxananın Şərq ədəbiyyatı fondunun əməkdaşı Aysel Osmanova təqdimatla çıxış edib. Təqdimatda ötən ay ölkə üzrə müxtəlif universitetlərdən ərəb və fars dillərində bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələr üçün həftəlik təcrübə proqramına başlanılan vaxtdan indiyədək onların köçürülmə prosesində iştirakını və fəaliyyətini əks etdirən fotoslayd nümayiş etdirilib.

Azərbaycan Ərəbşünaslar Şəbəkəsinin sədri Aynur Zərrintac gələcəkdə ərəb və fars dilli mütəxəssislərin dil bilgilərinin zənginləşdirilməsi istiqamətində səfirliklərin dəstəyinin vacibliyini vurğulayıb. Sonda səfirliklərin nümayəndələri çıxış edərək fikirlərini bölüşüblər.Proqramda uğurlu iştiraklarına görə təcrübəçi tələbələrə rəsmi qonaqlar tərəfindən sertifikatlar təqdim edilib.


Müəllif: