24 Fevral 2015 16:05
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nabat” bədii filminin kinoteatrlarda nümayişinə start verilir.

Teleqraf.com xəbər verir ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan filmi tamaşaçılar 25 fevral tarixindən Park Cinema kinoteatrlarında izləyə bilərlər.

Məlumat üçün bildirək ki, “Nabat” filmi Qarabağ müharibəsindən bəhs edir. Ekran əsərinin baş qəhrəmanı Nabat xala Qarabağın müharibə zolağında olan dağ kəndlərindən birində yaşayır. Kəndin olan-qalan sakinləri növbəti güclü atəş yağışından sonra tamamilə evlərini tərk edirlər. Nabat xala isə xəstə həyat yoldaşını və oğlunun məzarını qoyub heç yana getmir. Hər axşam bu qəhrəman qadın kəndin məscidində və bütün evlərdə neft lampaları yandırır. Hər gecə yanan lampaların işığını görən ermənilər uzun müddət kəndə girməyə qorxurlar.

Film Azərbaycan qadınının şücaətini, dözümlülüyünü, qəhrəmanlığını bir daha təsdiq edir. Tammetrajlı bədii filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Qeyd edək ki, dünya premyerası sentyabrın 5-də 71-ci Venesiya Beynəlxalq Film Festivalında baş tutan ekran əsəri bir çox nüfuzlu beynəlxalq film festivallarına dəvət alıb. Filmin dünya üzrə distribütoru “Dreamlab Films”dir.

Nərmin


Müəllif: