27 Fevral 2015 14:51

“Məsumluğum çoxlarının xoşuna gəlirdi”

“Üzümün cizgilərində milliliyin olması çox rejissorların diqqətini çəkirdi. Sakitliyim, məsumluğum çoxlarının xoşuna gəlirdi”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Akademik Milli Dram Teatrının aktrisası Rada Nəsibova deyib.

Sənətə gəldiyi illəri xatırlayan aktrisa həyatda çox sakit olduğunu bildirib: “Həyatda çox sakitəm. Sənətə gəldiyim vaxtlar bu sakitliyim, məsumluğum çoxlarının xoşuna gəlirdi. Hökümə Qurbanovanın yubiley tədbiri üçün “Kleopatra” tamaşasını hazırlayanda rejissor məndən yaşımı soruşdu. Ardınca dedi ki, mən bu yaşda belə sakit, təmkinli aktrisa görməmişəm. Təbii ki, köməksiz bu sənətdə irəliləmək olmur. Mən Eldar Quliyevdən dərs almışam, hansı məqamdasa onun da mənə köməyi olub. Təsadüf nəticəsində rejissor Məhərrəm Bədirzadə ilə tanış oldum. Və onun hazırladığı televiziya tamaşalarında əsas rollar oynadım. Teatrda rejissor Bəhrəm Osmanovun köməyi olub. Həmin ünsiyyəti də özüm yaratmışam. Akademik Milli Dram Teatrına qəbul olunmaq bir az çətin oldu. Baxmayaraq ki, bura gələndə artıq teatr və televiziya tamaşalarında əsas rollar ifa etmişdim. Amma bu teatrda hər şeyi sıfırdan başladım. Teatra gələndən kütləvi səhnələrə çıxırdım, hətta özümü sübut edənə qədər bir neçə il maaşsız da işlədim. Dözürdüm və fikirləşirdim ki, burda böyük sənətkarların əhatəsindəyəm. Onlarla birgə səhnəyə çıxmaq mənə böyük zövq verirdi”.

Nərmin


Müəllif: