28 Fevral 2015 17:00
1 716

Azərbaycan Dövlət Musiqili Teatrı mart ayında tamaşaçılarına ikiqat bayram əhval-ruhiyyəsi yaşadacaq.

Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Teleqraf.com-a açıqlamasında bildirib ki, mart ayında Musiqili Teatrda bir-birindən maraqlı 20-dən çox tamaşa nümayiş olunacaq.

Onun sözlərinə görə, tamaşaçıların hər zaman sevə-sevə izlədiyi Ü.Hacıbəyli "O olmasın, bu olsun", "Ər və arvad", "Bankir adaxlı", "Qızıl toy", "www.ferzeli-kef.com", "Kimdir müqəssir?", "Mən dəyərəm min cavana", "Talelər qovuşanda" və s. səhnə əsərləri mart ayının repertuarına daxil edilib. Teatr rusdilli və balaca tamaşaçılarını da unutmayıb. Onlar üçün "Fransızsayağı qarnir", "Düyməcik", "Yatmış gözəl və cırtdanlar", "Bir dayan, canavar", "Yağış göbələyinin macərası", "Qırmızıpapaq" və başqa tamaşalar nümayiş olunacaq.

Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində öz sevimli aktyorlarının - xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Şövqi Hüseynov, Nahidə Orucova, Novruz Qartal, Çingiz Əhmədov, Ema Məlikova, aktyorlar Əzizağa Əzizov, Hüseyn Əlili, Emil Heydərov, Ülviyyə Əliyeva və başqalarının ifalarını bir daha izləyə biləcəklər.

Nərmin


Müəllif: