16 May 2014 16:00
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət Pantomim Teatrının 20 yaşı tamam olur. Yaradıcısı Əməkdar İncəsənət Xadimi Bəxtiyar Xanızadədir.

16 may 1994-cü ildə Respublikanın mədəniyyət nazirinin sərəncamı ilə “Dəli yığıncağı” Pantomim Teatr-Studiyası kimi yaranıb və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərib. 2000-ci ildə “Dəli yığıncağı” pantomim teatr - studiyasına Dövlət statusu verilib.Hazırda teatr “Azadlıq” prospekti, 49-da yerləşən köhnə “Şəfəq” kinoteatrının binasında fəaliyyətini davam etdirir.

Teatrın direktoru Elman Rəfiyev Teleqraf.com-a açıqlamasında bildirib ki, teatr yubiley gününü təmtəraqlı keçirməyəcək. Onun sözlərinə görə, bu günü teatrın yaradıcı kollektivi ilə birlikdə qeyd edəcəklər:

“Pantomim Teatrının bu gün 20 yaşını qeyd etməsi, bu zaman kimi yaşayıb yaratması çox böyük hadisədir. Çünki dünya teatr təcrübəsində Pantomim teatr studiyaları uzun müddət fəaliyyətlərini davam etdirə bilməyiblər. Əlamətdar hadisə odur ki, Azərbaycanda yaranmış Pantomim Teatrına dövlət statusu verdilər. Biz xarici ölkələrə gedəndə soruşurlar ki, siz studiya olaraq fəaliyyət göstərirsiniz? Biz isə deyirik ki, xeyr, biz dövlətin teatrıyıq. Onlar bizə qəribə baxırdılar”. Direktor qeyd edib ki, 20 ildə teatrın qazandığı uğurlarının sayı- hesabı yoxdur: “Bu gün gənclər bizim teatra üz tutur, yeni tamaşalar hazırlayırlar. Hətta gənclərimiz özü yeni pantomima əsərlər yazılar. Bunlar hamısı teatrımızın uğurudur”.

Məsələ ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin mövqeyini öyrənmək, nazirlik tərəfindən təntənəli yubiley tədbirinin keçirilib-keçirilməməsini araşdırmağa çalışdıq. Nazirliyinin teatr sektorundan bildiriblər ki, bununla əlaqədar həmin şöbəyə məktub daxil olmayıb.

Nərmin


Müəllif: