12 Mart 2015 12:45
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Atam mənim üçün həmişə gəncdir"

Azərbaycan milli kino və teatr səhnəsində təkrarolunmaz obrazlar yaratmış görkəmli sənətkar, Xalq artisti Bəşir Səfəroğlunun anadan olmasından 90 il ötür. Ötən gün mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət ediblər. Mərasimdə çıxış edən Ədalət Vəliyev görkəmli sənətkarın həyat və yaradıcılığına nəzər salıb. O bildirib ki, Azərbaycan mədəniyyəti tarixində silinməz izlər qoymuş Bəşir Səfəroğlu qısa və mənalı ömür yaşayıb, sənət həyatında unudulmaz obrazlar yaradıb: "İndi də elə bir Azərbaycan ailəsi tapılmaz ki, Bəşir Səfəroğlunun oynadığı filmləri, teatr tamaşalarını görəndə üzlərində sevinc, təbəssüm yaranmasın". O Bəşir Səfəroğlunun 90 illik yubileyi ilə bağlı bir sıra tədbirlərin planlaşdırıldığını diqqətə çatdırıb, görkəmli aktyorun sənətinin bu gün də yaşadığını, onun yadigarı Afaq Bəşirqızının atasının sənət yolunu şərəflə davam etdirdiyini vurğulayıb.

O, həmçinin çıxışında Azərbaycan teatrının bu günündən də danışıb və bildirib ki, Bəşir Səfəroğlunun çalışdığı Azərbaycan Dövlət Musiqili Teatrı dünyanın ən yaxşı teatrları ilə müqayisə edilə bilər: "Çünki o yüksək səviyyədə təmir olunub. Və bu gün 142 yaşlı peşəkar Azərbaycan teatrı özünün zəngin ənənələri ilə öz fəaliyyətini davam etdirir".

Xalq artisti Afaq Bəşirqızı atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə hər kəsə dərin minnətdarlığını bildirib: "Bəşir Səfəroğlu Tanrının ona verdiyi böyük istedadla, yaratdığı obrazları ilə daim yaşayacaq. O, 44 yaşında dünyadan getdi, amma indi onun 90 yaşını qeyd edirik. Bəşir Səfəroğlu mənim üçün həmişə gəncdir və bu həmişə belə olaraq qalacaq".

Ziyarət zamanı Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev, Xalq artisti Tariyel Qasımov, Əməkdar jurnalist Flora Xəlilzadə, "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov və digər çıxış edənlər Bəşir Səfəroğlu haqqında fikirlərini bölüşüb, onun xatirəsinin daim Azərbaycan tamaşaçısının qəlbində yaşayacağını bildiriblər.

Qeyd edək ki, Bəşir Səfəroğlunun xatirəsinə həsr olunan tədbirlər bir neçə gün davam edəcək.

Nərmin


Müəllif: