14 Mart 2015 12:50
4 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onlar çox zaman sənətləri, sənətdaxili qalmaqalları ilə gündəmə gəlirlər. Amma hər kəsə onların ailə sirləri, ailə xoşbəxtlikləri, ailələri barədə fikirləri də maraqlıdır. Söhbət məşhurlardan gedir...

Teleqraf.com məşhurların ailələrini elə onların özlərindən xəbər alır.

“Səbəb teatr oldu”


Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Hacı İsmayılov deyir ki, həyat yoldaşı ilə ailə qurmağına səbəb teatr olub: “Biz teatrda tanış olduq, bir-birimizə bağlandıq, ailə qurduq. O, Bakı Dövlət Universitetinin ədəbiyyat fakültəsini bitirib. Bir müddət ədəbiyyat və incəsənət qəzetində işləyib.

Ailəmdən narazı deyiləm, iki övladım - bir qızım və bir oğlum var. Ailəmə sədaqətliyəm. İki nəvəm var. Əvvəllər nəvələri ilə oynayan yaşlı kişiləri görəndə mənə qəribə gəlirdi. Mən özüm baba olandan sonra bilmişəm ki, nəvə nə qədər şirindir. İlk dəfə övladımı qucağıma almağım yadıma gəlmir. Təzə anadan olmuşdu, xəstəxananın pəncərəsindən üzünü göstərəndə demişdim ki, bu artistdir ki... Sakit yaşayırıq, qızımın ailəsi var. Heç biri aktyor olmayıb”.

“... axı məni sevir”

Yazıçı Əli Əmirli əsərlərindən birində həyat yoldaşının prototipini yaratdığını deyir: “Həyat yoldaşım Solmaz Əmirli uzun illər Sovet dövründə məşhur televiziya jurnalisti olub, mədəniyyət sahəsində işləyib. Hazırda ”Space" televiziyasında dini proqramda çalışır. Yoldaşımın prototipini bir pyesimdə yaratmışam. Gənc Tamaşaçılar Teatrda tamaşaya qoyulan “Hasarın o üzü” pyesində Humayın prototipi yoldaşımdır. Əsərlərimin ilk oxucularındandır Solmaz xanım. Onun çox yüksək zövqü və intuisiyası var. Tamaşaçı kimi qəddar deyil, axı məni sevir. Amma ehtiyatla olsa da, deyir ki, bu əsər tutmayıb. “Sevən qadın” əsərini qəbul etmir. İki qızım, altı nəvəm var. Qızlarım həkimdir. Nəvəmin böyüyünün 17 yaşı var".

“Həyatımda çox şey dəyişdi”

Xanəndə Bəyimxanım Vəliyeva deyir ki, qadın üçün birinci yerdə ailə, daha sonra sənət olmalıdır: “Ailə hər şeydir: var-dövlət, sərvət, xoşbəxtlik. Çalışıram ki, əksər vaxtımı ailəmə ayırım. Ana olandan sonra həyatımda çox şey dəyişdi. Yəni həyata, insanlara, körpələrə münasibətim tamamilə başqa səmtə yönəldi. Anam rəhmətə gedəndən sonra həyata, sənətə küsmüşdüm. Müəyyən müddət də oxumadım. Amma sonra yoldaşım mənə dəstək oldu və sənətə qaytardı. Bu məndə ruh yüksəkliyi, inam yaratdı. Bilirsiniz, səs Allahın verdiyi fitri istedaddır. Sənət hər zaman ola bilər. Amma bizim xanımlarımıza ailə daha vacibdir. Ona görə xanımlara arzum budur, ilk növbədə ailələrinin, sonra sənətlərinin qədrini bilsinlər”.

“İkisi də müəllimədir”

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əjdər Həmidov deyir ki, ailəsinin hər zaman qayğısına qalır: “Mən ailəmə baxmışam. İki qızım, iki nəvəm var. Qızlarımı oxutmuşam, ikisi də universitet bitiriblər. Böyük qızım Asəf Zeynallını və Mədəniyyət və İncəsənət Universitetini bitirib, pianoçudur, Gimnaziyada dərs deyir. O biri qızım Bakı Dövlət Universitetinin ”Biologiya" fakültəsini bitirib, ixtisası üzrə də çalışır. Yəni ikisi də müəllimədir, ikisinin də ailəsi, övladı, ayrıca evi var, yaxşı da dolanırlar".

“Qızım aktrisa olmaq istəmədi”

Əməkdar artist Xalidə Quliyeva: “Evə, ailəyə çox bağlı biriyəm. Əksər vaxtımı evdə keçirirəm. Bir evdən çıxanda, bir də evə qayıdanda sevinirəm. Yoldaşım mənimlə ailə quranda aktrisa olduğumu bilirdi, çünki o vaxt mən filmlərə çəkilmişdim, kinostudiyanın ”kino-aktyor" ştatında və teatrda işləyirdim. Hərdən şikayətlənir, amma heç vaxt bu seçimimə qarşı çıxmır. Bəzən mənə elə gəlir ki, biz yoldaşımla bir-birimizi bəlkə doğulan gündən tanıyırıq. Çünki bir-birimizə çox bağlıyıq. İki övladımız var. Oğlumuz rejissor ixtisası üzrə təhsil almışdı. İndi tamam başqa sahə ilə məşğul olur. Hazırda isə Avropada Universitetlərdən birində iki illik təhsil alır. Qızım Afaq ingilis dili müəlliməsidir. Uşaq vaxtı mənimlə birgə çəkilişlərə gedirdi. Rejissorlar da o vaxt onu çəkirdilər. “Asif, Vasif, Ağasif” filminə, “Qoca palıdın nağılı”nda isə qızım roluna çəkilib. Aktrisa olmaq istəmədi. Bu sənət çox çətindir, ələlxüsus da qadın üçün..."

“Sən mənim istedadlımsan”

Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Kəmalə Müzəffər bu il sənət fəaliyyətinə ara verib, özünü ailəsinə həsr edib: “Ailədə beş nəfərik. Həyat yoldaşım rejissor idi. Biz universiteti bir yerdə oxumuşuq. İkinci və üçüncü kursda onun kurs tamaşalarında oynamışam. Düzünə qalsa, yoldaşımdan utanıram. İxtisasca rejissor olduğuna görə elə bir imtahan verirəm onun qarşısında. Çox vaxt xahiş edirəm ki, tamaşaya gəlməsin. Amma tamaşalarıma baxandan sonra öncə onu birlikdə təhlil edirik, daha sonra o, fikrini deyir. Amma dərhal da deyir: ”Sən mənim istedadlımsan". Bir qız, iki oğlumuz var. Ailə fotolarımı sosial şəbəkədə paylaşanda çoxları yazırlar ki, inanmazdıq ki, belə böyük oğlunuz, qızınız olsun. Zaman məni bir qədər dondurub saxlayıb. Buna görə çox xoşbəxtəm. Desəm ki, cavan qalmaq üçün özümə çox yaxşı baxıram, doğru olmaz. Sadəcə, iki şeyi mütləq edirəm, dieta saxlayıram və idman edirəm.

Əməliyyat etdirmirəm, bahalı kremlər çəkmirəm, bahalı masajlar etdirmirəm. Mən pedikür, manikürə, heç saç ustasına da getmirəm".

“Deyirdim ki, 5 il ailə qurmayacam”

Aktyor, şoumen Azər Axşam ikinci evliliyini yaşayır. İlk evliliyindən bir oğlu olan aktyorun ikinci evliliyindən də bir oğlu və hüzurlu ailəsi var. Qeyd edək ki, onun ilk evliliyi bir xeyli qalmaqallı söz-söhbətlərlə bitmişdi: “Həyat yoldaşımı sevirəm. Sevgi olmasa, yaşaya bilmərəm. Sənətdə də beləyəm, sevmədiyim obrazı oynaya bilmərəm. Birinci həyat yoldaşımı da sevmişdim, sevməsəm, ailə qurmazdım. Mən sevməsəm, heç vaxt addım atmıram. Əgər bir insana dözürəmsə, deməli, sevdiyim üçün dözürəm. Nə qədər ki, sevirəm, o qədər dözürəm. Əgər ayrılıramsa, deməli, sevgi ölüb. Mən öldürdüm, o öldürdü, fərq etməz. Əsas odur ki, ölüb. Biz insanlar çox vaxt günahkar axtarmağa başlayırıq. Günahkar axtarmaq yox, ölənə ağlamaq lazımdır. Sevgi ölsə də, daha çox oğlumuza görə ailəliyimizi davam etdirdik. Çünki oğlum mənə həddindən çox bağlı idi. İki-üç il ailə həyatından sonra mən dərk etdim ki, biz bir-birimizə uyğun insanlar deyilik. Mən daha rəhmli, o daha qəddar, mən daha güzəşt edən, o isə güzəştə getməyən. Düz gəlmədik. İkinci dəfə ailə qurmaq fikrim yox idi. Düşünürdüm ki, ən azı 5 il ailə qurmayacam. Allaha çox şükürlər olsun ki, həyatda bəzi şeyləri bizim öhdəmizə buraxmayıb. Onlardan biri də sevgidir. Əgər biz istəyəndə sevib, istəyəndə sevməməyi bacarsaydıq, dünya dağılardı. Yaxşı ki, nə sevmək, nə də sevməmək əlimizdə deyil. O Allahın əlindədir. Allah istəsə, on dəfə, istəsə bir dəfə sevdirə bilər. Sevgi hissi təzə açmış gül kimidir, hər bir gül gec-tez solur. Ölməz sevgi gülün yetişdiyi torpaqdır. Əsas odur torpaq ölməsin, amma orada istədiyin gülü əkmək olar. İndi xoşbəxtəm. Yenə deyirəm, mən xoşbəxt olmasam ayrılaram. 10 dəfə olsa da, ayrılaram, məni qınasalar da, ayrılaram. Bircə, mən Allah yanında haqlı durumda olarkən ayrılım. Oğlanlarıma hər zaman bir məsləhət verirəm, düz olmağa çalışsınlar və bizim səhvlərimizi təkrarlamasınlar”.

“Bir-birimizin tamam əksiyik”

Aktrisa Səmimə Səlimova: “Ailəliyəm, üç övladım var. Mən laçınlı, yoldaşım bakılıdır. Qardaşımın dostu olub, sonra da ailəvi dost olmuşuq. O, məni məndən çox sevib. Sənətimi dəstəkləyir, amma bir-birimizin tamam əksiyik. Bakılıların adət-ənənəsi ilə bizim adət-ənənələr uyğun gəlmir. Bilirsiniz ki, bakılılar qonağı sevmirlər, amma mən istəyirəm evimdə həmişə qonaq olsun. Bir də incəsənət adamı deyil”.

“Kişi o zaman xoşbəxtdir ki...”

Aktyor, naşir Bəhram Bağırzadə on beş ildir ki, ailəlidir. Tahirə adlı qızı, Cavid adlı oğlu var. O ailədə əsas qüvvənin kişi olduğunu deyir: “Ailədə əsas qüvvə kişidir. Amma kişini də kişi edən qadındır. Fikrimcə, qadınların bütün problemləri kişilərin diqqətsizliyi ucbatındandır. Düzdür, günahkar qadınlar da var. Amma onların sayı azdır. Əgər ailədə problem varsa, bunun 99 faizi kişilərdən qaynaqlanır.

Kişilərimizdən xahişim var: qadınlarına qarşı diqqətli olsunlar. Allah buyurur ki, ən xoşbəxt müsəlman həyat yoldaşı imanlı olan kimsədir. Əgər qadının imanlıdırsa, kişi ən xoşbəxt kişidir. Sən illərlə evdən uzaqda qalsan da, ürəyin həmişə rahatdır. Ondan gözəl heç nə yoxdur. Və əgər imanlı kişidirsə, qadın da çox rahatdır”.

Nərmin Muradova


Müəllif: